Qarabağ məsələsi BMT-yə qayıda bilərmi?

“ATƏT-lə münasibətlər pozularsa, konfliktin tənzimlənməsi missiyasını hansı təşkilat üzərinə götürə bilər” sualına siyasi ekspertlərin maraqlı yanaşması var

Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması barədə nota verəndən sonra Azərbaycan hökuməti ilə bu beynəlxalq qurum arasında münasibətlərin perspektivinin necə olacağı gündəmin əsas suallarından biridir. Hələlik Ofisdən ATƏT-in bu notaya baxdığını deməklə kifayətləniblər və rəsmi Bakı da əlavə hər hansı açıqlama vermir.
Belə bir situasiyanın Qarabağ münaqişəsinin tənzimlənməsinə hansı təsir göstərəcəyi də diskussiya mövzusudur. Doğrudur, 20 ildən artıq müddətdə ATƏT-in Minsk Qrupu işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində prinsipial mövqe sərgiləməyib. Həmsədrlərin fəaliyyəti də artıq o dərəcədə ikrah doğurur ki, son illərdə Azərbaycandakı ictimai-siyasi qurumlar səviyyəsində Minsk Qrupundan birdəfəlik imtina etmək çağırışları səslənir. Lakin Bakı hələ ki bu mövqedən çıxış etməyib və daha çox həmsədrlərin sayının Türkiyə və Almaniyanın hesabına 5-ə çatdırılması təklifinin reallaşdırılmasına çalışır. Görünən budur ki, ermənilər və onların dəstəkçiləri Azərbaycanın strateji müttəfiqi Türkiyənin, həmçinin Avropanın aparıcı dövləti Almaniyanın bu prosesə cəlb olunmasına imkan verməmək xətti götürüb. Bəzi müşahidəçilərə görə, sonuncu konfrontasiya şəraiti dolayısı ilə erməniləri hardasa məmnun edə biləcək situasiya yarada bilər. Belə olan təqdirdə ATƏT Qarabağın nizamlanmasından imtina edərsə, yaxud Bakı ilə yollar ayrılarsa, hansı təşkilat missiyanı üzərinə götürə bilər, məsələ yenidən BMT müstəvisinə qaytarıla bilərmi, suallarına cavab tapmaq istədik.

Politoloq Qabil Hüseynliyə görə, Azərbaycan ATƏT-dən çıxsa, o zaman ATƏT-lə hər cür əlaqəni kəsə bilərik: “İndiki halda biz yalnız ATƏT-in Bakı Ofisinin fəaliyyətinin dayandırılmasını istəmişik. Təbii ki, bu, xoş situasiya deyil. Amma heç də o demək deyil ki, hər şeyin sonudur. Hər halda Bakı ATƏT-lə münasibətlərin yeni bir formasını axtarıb tapmağa çalışacaq. Çünki Minsk Qrupu, həmçinin atəşkəs rejiminə nəzarət üzrə ATƏT-in şəxsi nümayəndəsinin missiyası qalır, onlar bu yaxınlarda monitorinq də keçirdilər. Üstəlik, Azərbaycan Minsk Qrupunun formatının dəyişdirilməsi, yəni genişləndirilib 5-ə çatdırılmasını təklif edib. Həmin təklifdə də Türkiyə və Almaniyanın adlarını çəkib. Göründüyü kimi, ATƏT-lə əlaqələrin bu sahəsi tamamilə qalır və daha da inkişaf etdirilmək niyyəti var”.

Q.Hüseynli Azərbaycanın ATƏT-lə bir sıra müqavilələrinin olduğunu xatırlatdı: “Bu müqavilələrdən ən mühümü Avropada adi silahların və silahlı qüvvələrin saxlanmasına dair cinah sazişidir. Yəni bu, postsovet məkanındakı ölkələr üçün silah kvotasını müəyyənləşdirən mühüm bir sazişdir. Azərbaycan bu sazişin müddəalarına əməl edir və eyni zamanda ATƏT-dən tələb edir ki, Ermənistanın dəfələrlə bu sazişin müddəalarını pozması faktlarına diqqət yetirsin. Amma təəssüf ki, Ermənistanın Rusiyadan aldığı 1 milyard dollarlıq silah və hərbi texnika, həmçinin Ermənistandakı Rusiya hərbi bazalarına daşınan yeni silahlar və hərbi texnikalar məsələsinə reaksiya verilməyib. Bütün bunlar silah kvotasının pozulması deməkdir”.

ATƏT-lə Bakı arasında yaranmış gərginliyin işğalçı ölkənin faydasına olması barədə fikirləri şərh edən ekspert də hesab edir ki, ermənilər Azərbaycanla ATƏT arasında münasibətlərin daha da gərginləşməsini çox istərdilər: “Amma Azərbaycan münasibətlərin bu vəziyyətdə inkişaf etməsinə imkan verməyəcək. Fikrimcə, mütləq bu təşkilatla münasibətlərin qaydaya salınması üçün Azərbaycanın maraqlarına uyğun çözüm yolu tapılacaq”.

Q.Hüseynli zənn edir ki, ATƏT Bakının sərt reaksiyasının ardınca ən azı Qarabağ məsələsinin tənzimlənməsinə münasibətdə hərəkətə keçəcək: “ATƏT 23 il ərzində Qarabağ məsələsində, sadəcə, baş girləyib, münaqişənin həlli üçün konkret bir şey təklif etməyib – baxmayaraq ki, bu mandatı ATƏT-in Minsk Qrupuna BMT verib. BMT-nin Təhlükəsizlik Şurasının da bu münaqişə ilə bağlı 4 mühüm qətnaməsi var. Ən azından həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində Minsk Qrupu diqqətçəkən hər hansı iş görməyib. Yəni burada Azərbaycanın ATƏT-i qınaması üçün yetərli faktlar tapmaq mümkündür. ATƏT-in Müşahidə Missiyası Ukraynada bütün təmas xətti boyunca müşahidə funksiyası yerinə yetirir. Bu, 300 nəfərdən çox adam, onları qoruyan yüngül silahla təchiz edilmiş döyüşçülərdən ibarət əlavə qrup deməkdir. Azərbaycanda bu gün təmas boyunca ermənilər böyük yanğınlar törədir və o yanğınlar işğal edilmiş ərazilərdəki kənd təsərrüfatı sahələrinə, eləcə də fauna və floraya ciddi zərər verir, amma Azərbaycan şikayət etsə də, ermənilərin bu barbar hərəkəti bir dəfə də olsun qınaq obyekti olmayıb. Hətta onu təbiət hadisəsi kimi dəyərləndiriblər”.

Politoloq onu da vurğuladı ki, üstəlik, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşma son dövrlərdə daha da sürətlənib: “Ermənilər hətta Şuşada universitet açırlar. Göyçə mahalından işğal altındakı Ağdərə rayonuna ikinci bir yol çəkilib. Ağdərə rayonundakı mis-molibden yataqlarının, eləcə də daşkömür yataqlarının irimiqyaslı istismarı prosesi həyata keçirilir. Bütün bunlar Azərbaycana vurulan 350 milyard dollardan artıq ziyanın ayrı-ayrı hissələridir. Amma ATƏT və Minsk Qrupu bunların heç birinə reaksiya vermir. Ən azı Bakının etirazından sonra ATƏT Qarabağ məsələsinə diqqətini artırmalı və işğala son verilməsi, məsələ ilə bağlı konkret addımların atılması istiqamətində hərəkətə keçməlidir”.

Politoloq Arzu Nağıyev ATƏT-in hazırda özündə dünyanın müxtəlif regionlarını, o cümlədən Şimali Amerika və Mərkəzi Asiya da olmaqla 57 dövləti birləşdirdiyini xatırlatdı: “Bu dövlətlərin hər birinin öz bərabər statusları var və hər bir qərar konsensus əsasında qəbul edilir. Həmin qərarlar da hüquqi tənzimləmədən çox, siyasi xarakter daşıyır. Missiyanın əsas vəzifəsi regionda baş verən konfliktlərin aradan qaldırılmasına yardım etmək, böhranların idarə olunması və tənzimlənməsindən ibarət olmalıdır. Bizim timsalımızda da əsas missiya Dağlıq Qarabağ münaqişəsinin həllində yardımçı olmaqdır. Məhz buna görə də ATƏT-in Minsk Qrupu yaradılıb və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi və daimi danışıqların aparılması üçün şəraitin yaradılması ona həvalə edilib. Təəssüf ki, bu da bir nəticə vermir”.

A.Nağıyev bildirdi ki, son vaxtlar Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı ATƏT-n Bakı Ofisinə istinadən verilən boykot çağırışları bu missiyanın əsas iş istiqamətinin Dağlıq Qarabağ münaqişəsinin həllindən çox, siyasi məsələlərlə müdaxilə etdiyini göstərir: “Yəni Avropa İttifaqı dövlətlərinə Avropa Oyunları kimi idman hadisələrində iştirak edib-etməməklə bağlı məsləhətlər vermək bu missiyanın eyni zamanda Bakı ofisinin mandatına daxil deyil. Bir müddət əvvəl Riqa sammitində başqa yönümdə bəyanat verənlər indi sözlərindən imtina edirlər. Ofisin bağlanması heç də ATƏT-in Minsk Qrupunun missiyasına xitam vermək deyil, sadəcə olaraq, ATƏT və Azərbaycan hökuməti arasında layihələrin qarşılıqlı işlənməsi ilə bağlı memorandumun qüvvədən düşməsi deməkdir. Yəni birbaşa vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlməli olan missiya nümayəndələri, demokratiya adı altında siyasi məsələlərin həllinə lüzumsuz və qərəzli, onlara aid olmayan tərzdə müdaxilə etməməlidirlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, ATƏT-in nümayəndəliyi ABŞ-Azərbaycan münasibətlərinin qurbanı olub: “ABŞ ATƏT-in Bakı nümayəndəliyinin rəhbərini hakimiyyətlə yaxınlıqda ittiham edərək, onu geri çağırmağa müvəffəq oldu, rəsmi Bakı da buna cavab olaraq nümayəndəliyin qapadılması prosesini sürətləndirdi. Əslində ATƏT-in Azərbaycandakı nümayəndəliyinin qapanacağı keçən ildən bəlli idi. Xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı ATƏT-in mərkəzi qərargahına məktub göndərmişdi ki, həmin məktub mediada yayımlanmışdı. Onsuz da Azərbaycan hakimiyyəti xarici qrantların ölkəyə girişinə qadağa qoyub. ATƏT nümayəndəliyinin əsas fəaliyyət növlərindən biri isə yerli QHT-lərə qrant vermək idi. Bu yoxdursa, fəaliyyətə də ehtiyac qalmır. Buna baxmayaraq, fikrimcə, ATƏT-in Bakı nümayəndəliyi fəaliyyətini davam etdirməli idi. Nümayəndəlik Azərbaycanla ATƏT arasında birbaşa rabitə vasitəsi idi və biz bu əlaqədən imtina etməməli idik”.

Buna rəğmən, E.Şahinoğlu ATƏT nümayəndəliyinin qapadılmasının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edəcəyi düşüncəsində də deyil: “ATƏT-in Bakıdakı nümayəndəliyi illərdir fəaliyyət göstərib. Məgər bu amil həmsədrlərin münaqişənin həllinə müsbət təsirində özünü göstəribmi? Ümumiyyətlə, münaqişənin həlli ATƏT-dən asılı deyil, həmsədr dövlətlər – ABŞ, Fransa və Rusiya ortaya mövqe qoymalıdırlar. Bu isə yoxdur”.

COMMENTS