Qarsda türk tarixinin ən böyük layihəsinin təməli qoyuldu

TANAP-ın Türkiyə ərazisindən keçən hissəsinin tikintisinə başlanıldı; İlham Əliyev iki ölkəni istəməyən qüvvələrə mesaj göndərdi; Ərdoğan “Azərbaycan-Türkiyə” şeirini dedi

Martın 17-də Qarsda Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin tikintisinə başlanılıb. Mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti  Georgi Marqvelaşvili iştirak edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəl Azərbaycan prezidenti ilə görüşüb. Prezidentlərin görüşü mətbuat üçün qapalı olub.
Bundan sonra onlar Heydər Əliyev adına Anadolu Peşə və Anadolu Texniki Liseyinin açılış mərasimində iştirak ediblər.

Azərbaycanın dövlət başçısı çıxışında qədim türk torpağı olan Qarsda olmağımdan məmnunluğunu ifadə edib. “Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır”.

Prezident  bildirib ki, 3 il əvvəl İstanbulda TANAP layihəsi ilə bağlı sənəd imzalanıb: “Biz bu gün artıq bu layihənin təməli qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni mənzərə ortaya qoyur. Bizim həyata keçirdiyimiz birgə enerji layihələri xalqlarımız üçün yeni imkanlar, iş yerləri yaradır, siyasi və iqtisadi gücümüzü artırır”.

İlham Əliyev: “Azərbaycan və Türkiyəyə qarşı çirkin kampaniya aparılır”

Prezident deyib ki, Azərbaycan və Türkiyəyə qarşı çirkin kampaniya aparılır: “Keçmişimizi qaralamaq, şər, böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk. Bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ölkələr tapmaq çox çətindir. Böhranlara baxmayaraq, Azərbaycan və Türkiyə bu gün inkişaf edir. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz gələcəyimizi tarixi həqiqət üzərində qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmir, gələcəyimizi yalan-böhtan üzərində qurmuruq. Bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən Ermənistan dövləti yalan üzərində qurulub. Onların tarixi yalan, bizə qarşı irəli sürdükləri iddialar əsassızdır”.

Türkiyə prezidenti də mərasimdə geniş nitqlə çıxış edib. “TANAP Türkiyə-Azərbayacan-Gürcüstanla yanaşı bütün ölkələrə xeyirli olmasını arzu edirəm. Novruz bayramınızı təbrik edirəm. İlaxır çərşənbənizi təbrik edirəm. Bu bayram Azərbaycanda çoşğulu günü olaraq qeyd edilir. Bu gecə vəsiləsilə oxunan duaları, xeyirli işlərin qəbul edilməsini arzu edirəm. Azərbaycan başda olmaqla Orta Asiyadan balkanlara qədər bu 5 minlik bayramın birliyimizə vəsilə olmasını arzu edirəm. Novruzun bütün dünyada barış və hüzurun xəbərçisi olmasını diləyirəm” deyə, Ərdoğan söyləyib.

Ərdoğan: “İzmir, İstanbul, Ankara, Antalya bizim üçün nədirsə, Bakı da odur”

Daha sonra Ərdoğan Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan – Türkiyə” şeirini səsləndirib və alqışlarla qarşılanıb.

Ərdoğan 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun rolunu xatırladıb: “Bakı, Dərbənd və Dağıstanın düşmən işğalından azad olunmasında türklər azərbaycanlılarla yan-yana vuruşub. Qarabağda zülmə məruz qalan qardaşlarımızın acısını Anadoludakı vətəndaşlarımız hər zaman ürəyində hiss edib. Qars, İğdır, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında fərq qoymuruq. İzmir, İstanbul, Ankara, Antalya bizim üçün nədirsə, Bakı da odur. Bizim heç kəsə qarşı düşmənçiliyimiz yoxdur, amma qardaşımızın haqqını müdafiə etmək, tökülən qanın hesabını sormaq boynumuzun borcudur. Həmişə qardaşlarımızın yanında olduq və olmaqda davam edəcəyik”.
Avropa Komissiyasının vitse-preziidenti Maroş Şevçovic TANAP-ın təməlqoyma mərasimində
Daha sonra TANAP-ın təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının vitse-prezidenti də iştirak edib.

İlham Əliyev: “Bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar”

Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri ilə yanaşı Avropa Komissiyasının vitse-preziidenti Maroş Şevçovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib. Düymə hər üç ölkə prezidenti tərəfindən basılıb.  

TANAP layihəsinin təməlatma mərasimində isə Ərdoğan deyib ki, Azərbaycan Türkiyə üçün adi dövlətlərdən biri deyil. “Biz eyni dildə danışan, ortaq tarixi keçmişi paylaşan, sözdə deyil, əsl qardaş olan, bir millət, iki dövlətik”. Ərdoğan TANAP layihəsinin Türkiyə, Azərbaycan, Gürcüstan və avropalı tərəfdaşlar üçün xeyirli olmasını diləyib: “TANAP layihəsinin təməlini atırıq və təbii qazı Türkiyə üzərindən Avropaya göndəririk”.

Prezident İlham Əliyev isə deyib ki, Türkiyədə özünü Vətəndəki kimi hiss edir: “Bu layihə enerji təhlükəsizliyi, ilk növbə isə Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir. Bu tarixi uğurlar əsasında gələcəyimizi qururuq. TANAP layihəsinin tarixi qısa, ancaq çox şərəflidir. 2011-ci ildə Türkiyə prezidenti Ərdoöanla TANAP layihəsi ilə bağlı müqavilə imzaladıq, keçən il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlini qoyduq. İnanıram ki, bu layihəni vaxtlı-vaxtında icra edəcəyik. Bu layihəyə ən azı 45 milyard dollar vəsait qoyulacaq. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr, gözlənilən ehtiyatlar bundan 2 dəfə çoxdur. Əminəm ki, Azərbaycan qazı böyük həcmdə qonşu ölkələrə nəql ediləcək”.

Dövlət başçısı bildirib ki, bu gün Avrasiyada yeni əməkdaşlıq formatı yaranır: “Biz Türkiyə-Azərbaycan-Gürcüstan enerji, nəqliyyat, siyasi, iqtisadi formatı yaratdıq. Bu gün bu formatı genişləndiririk. Bu gün bu işə Yunanıstan, Bolqarıstan, Balkan ölkələri qoşulur. Balkan ölkələri gələcəkdə bizim qazımızı alacaqlar, Rumıniya və Macarıstan da bu layihələrə qoşula bilərlər. Çünki resurslar və Cənub Qaz dəhlizinin ötürmə qabiliyyəti böyükdür. Çalışmalıyıq ki, maksimum öz qazımızla qonşu, dost ölkələri təmin edək. Bu layihələrdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Bu ölkələrin tarixi, mədəniyyəti fərqidir. Ona görə də Cənub Qaz Dəhlizi tək iqtisadi deyil, həm də ciddi siyasi təşəbbüsdür, iqtisadi mənfəət gətirən layihədir”.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin şaxələndirmə layihəsi olduğunu vurğulayıb: “Hazırda Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, ”Şahdəniz” qaz yatağıdır. Mənbələrin, yolların şaxələndirilməsi də çox önəmlidir. Yeni mənbələrin mövcudluğu vacibdir. Dünyada və Avropada qaza tələb artacaq. Ənənəvi mənbələr tükənir, əminəm ki, gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Əsas məsələ odur ki, aramızda qarşılıqlı anlaşma, hörmət var. Bu gün, Novruz bayramında axır çərşənbədə TANAP-ın təməlinin qoyulması önəmlidir. Biz gələcəyimizi milli ənənələr üzərində qururuq. Müxtəlif ölkələrdən gələn dostlar qonaqlarımızdır. İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq”.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili təməlqoyma mərasimində çıxışında deyib ki, Gürcüstan bir tranzit ölkə olaraq bu layihədə məsuliyyətini anlayır və üzərinə düşən vəzifəni sonuna qədər həyata keçirəcək.

Türkiyə prezidenti: “Bizim heç kəsə qarşı düşmənçiliyimiz yoxdur, amma qardaşımızın haqqını müdafiə etmək, tökülən qanın hesabını sormaq boynumuzun borcudur”

TANAP layihəsi çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi çərçivəsində SOCAR, bp və Türkiyənin “Botaş” şirkəti arasında müqavilə imzalanıb. TANAP layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20 faiz paya malikdir.

Məlumata görə, TANAP layihəsində istifadə olunacaq təxminən 1,2 mln. ton polad boruların üçdə bir hissəsinin tədarükünə dair tenderi “Borusan Mannesmann”, “Noksel Çelik” və “Erciyas Çelik” konsorsiumu qazanıb. Polad boruların tədarükünün 24 ayda yekunlaşdırılması gözlənilir.(musavat.com)

COMMENTS