Qatil həkimin məhkəmə prosesi başladı

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən Firuz İbrahimovla bağlı Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov məlumat verib. S.Vəkilovun sözlərinə görə, hazırlıq iclası noyabr ayının 25-də davam etdiriləcək:

“Məhkəmənin hazırlıq prosesini noyabrın 25-də davam etdirməsinin əsas səbəbi həm müdafiə tərəfinin ittiham haqqında sənədi yeni alması, həm də ittihamçı prokurorun rəsmiləşməməsi oldu. Biz məhkəmə iclasında KİV nümayəndələrinin də iştirak etməsi ilə bağlı vəsatət verdik. Ancaq qarşı tərəf məhkəmə iclasının qapalı şəkildə keçirilməsini istəyirdi. Bu da haqlı olaraq bizim etirazımıza səbəb oldu. Qarşı tərəfin hüquq müdafiəçisi isə hesab edir ki, müdafiə etdiyi tərəfin təqsirsizlik prezumpsiyası pozulur və bu barədə informasiyanın yayılması təqsirləndirilən şəxsin müdafiə imkanlarını zəiflədir. Lakin bu ölüm hadisəsi ictimaiyyətin və hüquq-mühafizə orqanları rəhbərlərinin diqqətində olan bir məsələdir. Bu səbəbdən də məhkəmə iclası hökmən açıq keçirilməlidir. Son vaxtlar həkim məsuliyyətsizliyi üzündən ölənlərin sayının artması da bu məhkəmə iclasının açıq keçirilməsini zəruri edir. Ümid edirik ki, bu istəyimizə nail olub, məhkəmə iclasında KİV nümayəndələrinin iştirakını təmin edəcəyik”.

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi aprel ayında yekunlaşıb. Ancaq zərərçəkənlər istintaqın aparılmasında yol verilən nöqsanlardan narazı qaldığı üçün şikayət verilib və cinayət işi Bakı Şəhər Prokurorluğunda araşdırılıb. Müstəntiq Vaqif Süleymanov prosesdə iştirak edən əsas həkim – 1 saylı hərbi hospitalın onkoloqu Mahir Məmmədovun vergidən yayınması faktını aşkar edib, assistent Fərəcullah İdrisovun əməlində isə dələduzluq elementləri aşkarlanıb. Buna görə də onların işi müvafiq olaraq Bakı Şəhər Vergi Departamentinin istintaq idarəsinə və Nəsimi Rayon Polis İdarəsinə araşdırılmaq üçün göndərilib.

1 saylı Mərkəzi Klinik Xəstəxanasının anestezioloqu Firuz İbrahimova isə ittiham irəli sürülüb və o, Cinayət Məcəlləsinin 124.1 və 320.1 maddələri ilə təqsirləndirilib, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Prosesə Nəsimi Məhkəməsinin hakimi Şəlalə Həsənova sədrlik edir.

COMMENTS