Qayğı qəsəbə nümayəndəliyində görülmüş işlərlə bağlı hesabat yığıncağı keçirilib

Qayğı qəsəbə nümayəndəliyində görülmüş işlərlə bağlı hesabat yığıncağı keçirilib

iki.JPG

Dosye.org xəbər verir ki, 11 yanvar 2016-cı il  tarixdə  laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ərazidə fəaliyyət göstərən  Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən  2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.

Qəsəbədəki  Rayon Təhsil şöbəsinin iclas zalında keçirilən  hesabat yığıncağında  Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat məruzəsi dinlənilib.

Bildirilmişdir ki, Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi sayəsində  hesabat ili ərzində qəsəbə ərazisindən keçən  mərkəzi avtomobil yolunda 1480 m2 mişar daşından istinad divarı çəkilmiş, 1000 m uzunluğunda beton bardür düzülərək, 1390 m2 aqlay örtüklü səki və 760 m uzunluğunda dekorativ hasar salınmışdır.

 Bununla yanaşı 21 ailəlik qəsəbədə çınqıl örtüklü yol cari təmir edilmiş, qəsəbə ərazisində fəaliyyət göstərən 4 saylı uşaq bağçasının binası əsaslı təmir olunmuş, binada müasir tipli kombi istilik sistemi quraşdırılaraq istifadəyə verilib.

 Hesabat ilində qəsəbə ərazisində yerləşən Laçın Rayon Polis şöbəsi şəhidlərinə ucaldılmış xatirə abidəsində təmir bərpa işləri aparılaraq abidənin ətrafı abadlaşdırılıb.

Bununla yanaşı 2015-ci ildə Qayğı qəsəbə nümayəndəliyinin sifarişi ilə Rayon Yaşıllaşdırma idarəsi tərəfindən 8,4 hektar yaşıllıq sahəsinə xidmət göstərilmiş, 1,5 hektar şorlanmış əraziyə isə çoxillik yonca toxumu səpilmişdir. Həmçinin hesabat ili ərzində ərazidəki park və yaşıllıqlarda 745 ədəd müxtəlif növ ağac, 601 ədəd həmişəyaşıl ağac və qızılgül kolu, həmçinin ərazidəki parklarda 330 ədəd mövsümü çiçək əkilmişdir.

İl ərzində nümayəndəlikdə qeydiyyatda olan şəhid ailələri, əlillər və imkansız ailələr daimi diqqət mərkəzində saxlanılaraq Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən köməkliklər və  Vergilər  Nazirliyi  tərəfindən  gətirilən  bayram  sovqatları  qəsəbə sakinlərinə vaxtında  çatdırılmış,  Qurban bayramı münasibəti ilə Ağcabədi və qəsəbə ərazisində müvəqqəti məskunlaşmış  362 ailəyə  qurban payı paylanıldığı bildirilmişdir.

150 nəfər qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabat yığıncağında Milli Məclisin deputatı Mahir Abbaszadə, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və  idarə,  müəssisə, təşkilat rəhbərləri iştirak edib.

Dosye.org

COMMENTS