“Qayıdış” planı işə düşüb

Müdafiə naziri Zakir Həsənovun son müsahibəsindəki “Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir” sözlərini torpaqlarımızı güc yoluyla azad olunmasına hazırlıqların son mərhələyə gəlib çatması kimi oxumaq lazımdır.

Birincisi, Avropa Oyunları arxada qaldı. Azərbaycan və Ermənistan cəmiyyətində, o cümlədən beynəlxalq aləmdə belə bir rəy formalaşıb ki, Avropa Oyunlarından sonra bölgədə “nəsə” baş verməlidir. Başqa sözlə hamı daxilən özünü bu “nəsənin” baş verəcəyi günə hazırlayır. Atəşkəsin məhz yay aylarında intensiv şəkildə pozulduğunu nəzərə alaraq lokal toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara keçməsi ehtimalı artır. Bunu Zakir Həsənovun Azərbaycan ordusunun cəbhə bölgəsinin bütün istiqamətlərində təşəbbüsü ələ alması fikri də təsdiq edir.

İkincisi, Azərbaycanın hərbi potensialı hər keçən gün artır. Azərbaycan özü silah istehsal edir, çatışmayan zəruri silah və hərbi texnikanı isə xarici ölkələrdən alır. Azərbaycanın hərbi büdcəsi sürətlə Ermənistan büdcəsinin tamamını üstələməkdə davam edir. Azərbaycan ordusu aldığı müasir silahlarldan istifadəni ən üst səviyyəyə qaldırıb. Bu məqsədlə il ərzində hərbi təlimlərin sayı ötənilkilərlə müqayisədə hədsiz dərəcədə artıb. Beləliklə də bu müasir silahlarla və hərbi texnika ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması aktuallaşıb.

Üçüncüsü, Ermənistanda vəziyyət qarışıqdır. Ermənistanın iqtisadi və sosial durumu ağırdır və getdikcə də ağırlaşacaq. Buna Azərbaycanın Ermənistanı bütün regional layihələrdən təcrid etməsi, Azərbaycan və Türkiyə ilə sərhədin qapalı halda qalması da ciddi təsir edir. Ermənistanda əhalinin sayı kəskin azaldığı üçün bu ölkə üçün cəbhə bölgəsindəki itkilərin yerini doldurmaq getdikcə çətinləşir. Azərbaycan döyüş itkilərinə daxilən hazırdır, çünki məqsəd işğal altındakı torpaqları azad etməkdir, Ermənistan hakimiyyəti isə cəbhə bölgəsindəki itkiləri cəmiyyətinə başa sala bilmir, çünki onlar Ermənistanda deyil, Dağlıq Qarabağ ətrafındakı işğal altındakı postlarda xidmət edərək öldürülürlər. Ona görə də Ermənistan cəmiyyətində Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda xidmət keçməsinə etiraz artır, bu ölkədəki “əsgər anaları” təşkilatı az qala hər həftə prezidentin iqamətgahı qarşısında göstəri düzənləyir. Bu durum Azərbaycanın xeyrinə işləyir. Azərbaycan ordusu Dağlıq Qarabağda xidmət keçən Ermənistan vətəndaşlarını daha çox itkiyə məruz qoymaqla qonşu ölkədəki siyasi durumu daha da çıxılmaz vəziyyətə sürükləyir.

Əlbəttə, Azərbaycan ordusunun cəbhə bölgəsində təşəbbüsü ələ alması və irəliləməsi Rusiya və Qərb ölkələrində birmənalı qarşılanmayacaq. Ancaq söhbət ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından getdiyindən başqa dövlətlərin bunun əleyhinə arqument qoyması çətindir. Çünki, Qərb ölkələri və Rusiya Dağlıq Qarabağ bir yana işğal altndakı ətraf rayonların Azərbaycana aid olduğunu heç zaman inkar erməyiblər. Ayrıca, Azərbaycanın torpaqları azad etməsi təşəbbüsü əsas strateji müttəfiqləri – Türkiyə, Pakistan və Səudiyyət Ərəbistanı tərəfindən dəstəklənəcək ki, Qərb və Rusiya bu amillə də hesablaşmaq məcburiyyətindədirlər.

Beləliklə, Azərbaycanın Dağlıq Qarabağa “Qayıdış” planı – mexanizmi işə düşüb. Buna Azərbaycan istisadiyyatının artan templəri, ordunun güclənməsi, müasir texnika ilə təhcis olunması və ən başlıcası insanların işğal altındakı torpaqları geri qaytarmaq inamının artması dəlalət edir.

COMMENTS