Qızıl dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır

Manatın devalvasiyasından sonra Azərbaycanda idxal olunan qızılın qiymətində də artım müşahidə edilməkdədir.

Ancaq Azərbaycandan fərqli olaraq, dünya bazarında qızılın qiyməti ucuzlaşmağa doğru meyllənib. Proqnozlara görə, 2015-ci ilin sonuna qədər qızılın qiymətində azalmalar davam edəcək.

Dünya bazarında qızılın son durumundan danışan Vüqar Bayramov da təsdiqlədi ki, son aylarda qızılın qiymətində ucuzlaşma müşahidə edilir: “Nəzərə alsaq ki, hazırda dünya bazarında qızılın bir qramının qiyməti 37 dollardır. Qızılın bir unsiyasının qiyməti isə 1160 dollara təklif olunur. Son bir ayda dünya bazarında qızılın qiymətində 7 faizə yaxın azalma olub. Son 6 ayda qızıl 6,7 faiz ucuzlaşıb. Son bir ildə isə qızılın qiymətində 14 faiz azalma müşahidə olunub. Bu statistika qızılın qiymətinin ucuzlaşmağa doğru meylləndiyini göstərir. Səbəb isə qızıla olan tələbatın azalmasıdır. Eyni zamanda, tələbatın azalması fonunda, bazara çıxarılan qızılın həcmi də artıb. Bəzi dövlətlər qızıl ehtiyatlarını satmağa başlayıblar ki, bu da təklifin artmasına səbəb olub”.

Ekspert onu da bildirdi ki, proqnozlar dünya bazarında qızılın qiymətində azalmaların davam edəcəyindən xəbər verir: “Bu, eyni zamanda Azərbaycana idxal olunan qızılın maya dəyərinin azalmasına gətirib, çıxarıb. Azərbaycan bazarına gətirilən qızılın qiyməti dollarla ifadədə xeyli dərəcədə ucuzlaşsa da, devalvasiyaya görə manatla ifadə edərkən qızıl bahalaşmış olur. Bu baxımdan, idxal olunan qızılın qiymətinin dollarla ifadəsində ucuzlaşma, manatla ifadəsində isə bahalaşma nəzərə çarpır. Qızılın ucuzlaşmasından sonra investorların bir qismi artıq qızıl bazarından öz sərmayələrini çəkərək, valyuta bazarına yönəldirlər. Eyni zamanda, bu, Azərbaycan büdcəsində dollarla saxlanılan ehtiyatların dollarla ifadə olunan dəyərinin azalması deməkdir”.

COMMENTS