“Qurban Qurbanovu uşaqlıqdan tanıyıram” – “Rudar”ın futbolçusu

“Qurban Qurbanovu uşaqlıqdan tanıyıram” – “Rudar”ın futbolçusu

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Çernoqoriyanın “Rudar” klubunun yarımmüdafiəçisi İqor İvanoviç Qol.Az saytına müsahibə verib.

– Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan klubu “Qarabağ”a rəqib oldunuz. Püşkün nəticəsini komandanız üçün necə dəyərləndirirsən?

– Düzü, püşk bizim üzümüzə gülmədi. Çünki “Qarabağ”dan daha asan rəqiblə düşə bilərdik.

– “Qarabağ” haqda hansısa məlumatınız var?

– “Qarabağ” çox güclü komandadır. Ardıcıl iki il Azərbaycan çempionu olub. Həmçinin klubun yaxşı futbolçuları və təcrübəli baş məşqçisi var. İşimiz Azərbaycanda asan olmayacaq.

– Qurban Qurbanov haqqında nə bilirsən?

– Qurban Qurbanovu uşaqlıqdan tanıyıram. Bilirəm ki, o Azərbaycan milli komandasında da yaxşı oyunlar göstərib. Biz Serbiya və Çernaqoriya adı ilə çıxış edəndə Qurbanov Padqoritsada millimizin qapısından iki qol keçirmişdi. Həmin oyunda mən uşaq idim. Həmin matçı stadionda izləyirdim.

– “Qarabağ”ın heyətində hansı futbolçuları tanıyırsan?

– Bir çox futbolçu haqqında məlumatım var. Xüsusən də Reynaldo, Leroy Corc, İbrahim Şehiç.

– Ümumiyyətlə, Azərbaycan futbolu barədə nə deyə bilərsən?

– Azərbaycan futbolu yaxşı səviyyədədir və hər il inkişaf edir. Bu inkişaf da şərtdir. Çünki bildiyimə görə ölkənizdə futbol üçün böyük pullar xərclənir. Azərbaycan özü də gözəl ölkədir.

– Ötən mövsüm “Qarabağ”ın Avropa Liqasındakı oyunlarını izləmisən?

– Demək olar ki, bütün oyunlarına baxmışam. “Qarabağ” çox çətin qurupa düşmüşdü. “Dnepr”, “İnter”, “Sent-Etyen” kimi böyük klublarla mübarizə aparmaq asan deyil. Hətta komandanız “Dnepr”i məğlub etdi, “İnter”lə oyunda isə qələbə qolu hesaba alınmadı. Halbuki o, təmiz qol idi. Həmin epizodda hakim çox böyük səhvə yol verdi. Ona görə də mənim üçün “Qarabağ” həmin oyunda qələbə qazanıb.

– Bəs, səncə “Qarabağ” – “Rudar” duelinin favoriti kimdir?

– Favorit “Qarabağ”dır. Amma bu futboldur hər şey ola bilər.

– Bakıda qazanacağınız hansı nəticə sizin üçün uğurlu sayılar?

– Biz yaxşı oyun sərgiləməyə çalışacağıq. Səfər matçında bərabərlik bizim üçün yaxşı nəticə olar.

COMMENTS