Rəsul Cəfərov ev dustaqlığına buraxılmadı

Rəsul Cəfərov ev dustaqlığına buraxılmadı

İlkin məhkəmə prosesində vəkillərin qaldırdığı vəsatətlərin heç bir təmin edilmədi; Anar Nağılbaz təqsirləndirilənə azadlıq istədi…

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki hüquq müdafiəçisi Rəsul Cəfərovun ilkin məhkəmə prosesinə hazırlıq iclası keçirildi. Məhkəmə önünə ölkənin bir çox tanınmış simaları toplanmışdı. Xarici səfirliklərin nümayəndələri də prosesi müşahidə etmək üçün məhkəmə binasının önünə gəlmişdilər.

Proses saat 10:30-da başladı. İlk olaraq çıxış edən hakim Eldar İsmayılov proses iştirakçılarına və məhkəmə heyətinə Rəsul Cəfərova qarşı sürülmüş Cinayət Məcəlləsinin maddələri barədə məlumat verdi. Rəsul Cəfərov məhkəmə heyətinin tərkibi ilə razı olduğunu bildirdi.

Daha sonra Rəsul Cəfərovun vəkili Fariz Namazlı çıxış edərək, məhkəmə qarşısında bir sıra vəsatətlər qaldırdı: “İlk vəsatətimiz Rəsul Cəfərov haqqında qaldırılmış cinayət işinə xitam verilməsi ilə bağlıdır. Hesab edirik ki, onun həbs olunmasına heç bir əsas yoxdur. Hazırda Rəsul bəyin bank hesablarına həbs qoyulub. İstintaq onun bəzi maliyyə vəsaitlərini mənimsəməsi qənaətinə gəlib. Biz bununla bağlı sənədlər hazırlamışıq. Əslində müdafiəçisi olduğum şəxs bu sənədləri avqust ayında təqdim edəcəkdi. Lakin həbs olunması buna imkan vermədi.

Sənədlərdə konkret olaraq xərclənən pulların ünvanı göstərilib. Burda Rəsul Cəfərovun xarici ölkələrə səfəri zamanı yol xərclərinin təşkili, bir siyasi məhbusun ailəsinə yardım olunması və bu kimi konkret mənbələr var. Bundan əlavə, ayrı-ayrı vaxtlarda təşkilata verilən pul mükafatları da göstərilib. Bütün bunlar Rəsul Cəfərova qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq maddəsinin tam əsassız olduğunu sübut edir. Bununla bağlı da vəsatətimiz var. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayətləri olmadığına görə, onların adı istintaq materiallarından çıxarılmalıdır. Əlavə şahidlərin məhkəməyə gətirilməsini xahiş edirik. Bundan əlavə, Rəsul Cəfərovun ölkədən çıxışına imkan olmadığına, onun özü məhkəmədən yayınmadığına görə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatətimizin təmin olunmasını xahiş edirik. Digər vəsatətlərimizdən biri də məhkəmənin audo, yaxud video şəklində aparılmasıdır. Son vəsatətimiz isə əgər təqsirləndirilən şəxs azad olunmasa, proseslərdə müdafiəçilərinin yanında əyləşdirilməsidir”.

Hüquq müdafiəçisinin digər vəkili Əlibaba Rzayev həmkarının qaldırdığı vəsatətlərlə razı olduğunu qeyd elədi.

Təqsirləndirilən şəxs Rəsul Cəfərov çıxışında həbsinin ev dustaqlığı ilə əvəz olunmasında bir problem görmədiyini söyləyib: “Mənimlə bağlı proseslər başlayanda bu barədə mətbuata məlumat verdim. İstintaqdan heç zaman yayınmamışam. Bank hesablarıma həbs qoyulanda xaricdə idim. Lakin həbs olunma ehtimalımı bilə-bilə öz ölkəmə qayıtdım. İyulun 30-da 4 saat ifadə verdim. Mənzilimdə iki saat axtarış oldu. Bütün bunlara görə hesab edirəm ki, həbsimin ev dustaqlığı ilə əvəz olunmasında bir problem yoxdur. Çünki ölkəmi heç zaman tərk etmək, istintaqdan qaçmaq fikrim olmayıb. İctimaiyyət və mən bu işin obyektiv araşdırılmasında maraqlıyıq. Azadlığa çıxmağım bu işin araşdırılmasına mane ola bilməz”.

Məhkəmədə zərərçəkmiş qismində iştirak edən Anar Cəbiyev (Anar Nağılbaz) və Heybət Əmrahov çıxışlarında Rəsul Cəfərovun azadlığa buraxılmasını hakimdən xahiş elədilər. Onlar Rəsul Cəfərova qarşı heç bir iddia və şikayətlərinin olmadığını bildirdilər.

Dövlət ittihamçısı Mübariz Mirili isə çıxışı zamanı müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri ilə razı olmadığını və heç bir vəsatətin təmin olunmadığını söylədi. Daha sonra məhkəmə müşavirə otağına yollandı. Yarım saatdan sonra müşavirədən qayıdan məhkəmə heyətinin qərarı məlum oldu. Hakim Eldar İsmayılov müdafiə tərəfinin heç bir vəsatətinin təmin olunmadığını və növbəti məhkəmə tarixinin yanvarın 27-də saat 10:30-da olacağını proses iştirakçılarının diqqətinə çatdırıb.

Məhkəmədən sonra vəkil Fariz Namazlı jurnalistlərə açıqlama verib: “Bu gün məhkəmədə bir sıra vəsatətlər verdik. Əsas tələbimiz o idi ki, Rəsul Cəfərova qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. İşə xitam verilməli idi… Ancaq proses yeni başlayıb. İndidən məhkəmənin obyektiv aparılıb-aparılmamasını demək mümkün deyil. Gələcək proseslərdə bir sıra vəsatətləri yenə verəcəyik”.

Cavanşir ABBASLI

COMMENTS