RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Musa Rüstəmova 85, Telman Əliyevə 80, Cavad Abdinova 75, Namiq Cəlilova 60, Rauf Hüseynova 75 və İlyas Babayevə 80 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib. Sonra akademik Akif Əlizadə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadənin “Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin prioritetləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə müasir dünya fəlsəfəsinin mövcud vəziyyəti, Qərb, Amerika və rus fəlsəfələrinin fərqləndirici xüsusiyyətləri təhlil edilmiş, Amerika analitik fəlsəfəsinin problemlərin həllini yalnız məntiq və dilin fəlsəfəsində gördüyü, Avropa fəlsəfəsi üçün postmodernizm, multikulturalizm, eləcə də mədəniyyətlərin dialoqu məsələsinin daha aktual olduğu, rus fəlsəfəsinin isə analitik fəlsəfə ilə Avropa fəlsəfəsinin elementlərini ehtiva etdiyi qeyd olunub. Bununla yanaşı, Azərbaycan fəlsəfəsi üçün xarakterik olan, rəhbər tutulan əsas prinsiplərdən danışılıb. Həmçinin bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan dövlətinin aparıcı ideologiyası olan “azərbaycançılığın” multikulturalizm modelinin strateji istiqamət kimi tədqiqi və “Azərbaycan tarixi fəlsəfəsi”nin yaradılması müasir dövrdə Azərbaycan fəlsəfəsinin əsas prioritetləri kimi müəyyənləşdirilir.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb suallar cavablandırıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, Azərbaycanda tarixən formalaşan multikulturalizm və tolerantlıq ənənələrinin olmasını, eləcə də Prezident İlham Əliyevin 31 oktyabr 2013-cü il tarixində III Bakı Beynəlxalq Humanitar forumunda səsləndirdiyi müasir dövrdə “Multikulturalizmin alternativi yoxdur” ideyasını rəhbər tutaraq institutda multikulturalizmin fəlsəfi əsaslarının, mədəniyyətlərin dialoqunun geniş tədqiq olunması məqsədəuyğun hesab edilib. Eyni zamanda AMEA-nın İctimai Elmlər Bölməsi nəzdində azərbaycançılıq fəlsəfəsinə və multikulturalizm məsələlərinə həsr olunmuş elmi seminarın təşkili, ölkə fəlsəfəsinin bütöv və vahid bir proses kimi araşdırılması məqsədilə institutda Azərbaycan fəlsəfə tarixi tarixin fəlsəfəsinin vəhdəti istiqamətində elmi tədqiqat işlərinin aparılması və “Azərbaycançılıq məfkurəsində multikulturalizm modelinin nəzəri-konseptual əsasları” mövzusunda institutun tədqiqat proqramının hazırlanmasından irəli gələn məsələlərin həlli zəruri hesab edilib.
Sonra AMEA-nın strukturunda yeni yaradılmış bölmələrin akademik-katibləri – akademik Teymur Kərimlinin sədrliyi ilə Humanitar Elmlər Bölməsinin büro tərkibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın sədrliyilə İctimai Elmlər Bölməsinin büro tərkibi təsdiq olunub.
İclasda, həmçinin akademik Seyfəddin Əliyevin 85, akademik İradə Hüseynovanın 50, AMEA-nın müxbir üzvləri Rauf Hüseynovun 75 və Muxtar İmanovun 60 illik yubileylərinin keçirilməsi qərara alınıb.
Növbəti qərarlarla Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib, həmçinin AMEA Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin bazasında yeni Biofizika və Smart Materiallar İnstitutu yaradılıb.
Sonda bir sıra kadr məsələlərinə də baxılıb. Texnika üzrə fəlsəfə doktoru İltifat Kərimov Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsinə, AMEA-nın müxbir üzvü Vaqif Quliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

AMEA Rəyasət Heyətinin Aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS