Raqub Məmmədov: “Doğma Ağdama qayıdacağımız gün uzaqda deyil”

Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş, Xıdırlı kənd orta məktəbində oxumuşdur. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir

.

1983-1986-cı illərdə Ağdamdakı “İnqilab” sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1986-1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində ikinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində birinci katib 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir.
1993-2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bitərəfdir. Ailəlidir – 3 övladı , 2 nəvəsi var.
Raqub müəllim Quzanlıdakı təmtəraqsız, sadə kabinetində oturur. Bütün günü təsərrüfatları gəzir, kəndlərdə, məcburi köçkünlər üçün salınan qəsəbələrdə əhali ilə görüşür. Şəhid ailələrini, müharibə veteranlarını, məcburi köçkünləri qəbul edir. Hamını səbrlə, təmkinlə dinləyib, lazımi kömək göstərir, qayğısını heç kəsdən əsirgəmir.

Ağdam dirçəlir

Ömrümüzdən yel kimi ötüb keçən illər çox şeyi dəyişib. Vaxtilə gözdən, könüldən uzaq olan Quzanlı kəndi indi artıq qəsəbəyə çevrilib, xeyli abadlaşıb, inkişaf edib. Rayonun bütün idarə və müəssisələri Quzanlıda yeni tikilmiş müasir, yaraşıqlı inzibati binalara köçürülüb. Köçkün əhalinin əksər hissəsi burda salınmış qəsəbələrdə məskunlaşıb. Dəyişməyən bircə Raqub müəllmin səmimiyyəti, qayğısı, insanlara münasibəti, hamıya eyni gözlə baxmasıdır. Təkcə şəhid ailələrinə, müharibə əlillərinə bir az üstünlük verir. “Hər bir şəhid balası mənim doğma balam, hər bir şəhid yoldaşı mənim əziz bacım, anamdır. Onlar bu torpaq uğrunda şəhid olublar. Şəhidlik bizim hər birimizin alın yazısıdır” – deyir Raqub müəllim.
Hər gün kəndlərə, qəsəbələrə gedib əhali arasında olur, şəhid ailələrinin evlərinə baş çəkir. Kimin nəyə ehtiyacı olduğunu öz gözləri ilə görür və elə həmin gün də problemin aradan qaldırılması üçün göstəriş verir.
İllərdir müxtəlif sahələrdə çalışan Raqub Məmmədov bu gün doğma Ağdamda elinə-obasına xidmət etməsindən qürur duyur və bu imkanı ona verən ölkə başçısına təşəkkürlərini çatdırır. O, rayonda işgüzar, sağlam bir mühit formalaşdırıb.
Raqub müəllim bu vəzifəyə təyin edildiyi qısa müddət ərzində rayonun inzibati mərkəzi hesab edilən Quzanlıda xeyli abadlıq işləri görüb. Ağdamın emblemi kimi qəbul olunan “Çay Evi” ni yeni salınan xiyabanda ucaltmaqla Ağdamlı günlərin hərarətini yenidən qaytarmağa çalışır. O həm də tez-tez Bakıda, Sumqayıtda, Bərdədə, Yevlaxda, Mingəçevirdə, başqa şəhər və rayonlarda, hətta kəndlərdə məskunlaşmış ağdamlıların yanında olmağı, onların problemlərini yerindəcə həll etməyi qarşısına məqsəd qoyub. Qərib düşmüş, qəlbi sınıq yurddaşlarının kövrək ürəklərinə təsəlli vermək istəyir ki, arxaları, köməkləri olduğunu hiss etsinlər.
Ağdama və ağdamlılara böyük dövlət qayğısı daim hiss olunur. Rayonun ərazisində bir neçə qəsəbə salınmışdır ki, bu qəsəbələrdə də insanlar üçün hər cür şərait yaradılıb. Artıq hər bir məcburi köçkün dövlət qayğısını hiss edir. Hər bir ağdamlının içində qoruyub-saxladığı qürur hisi yenidən oyanır.

Raqub Məmmədovun dediklərindən

– İyirmi bir ildir Ağdamsız alışıb-yanan, doğma yurd-yuva, isti ev-eşik həsrəti ilə göynəyən bütün ağdamlıların ümidi, pənahı göydə Ulu Tanrıya, yerdə möhtərəm prezidentimiz İlham Əliyevədir. Bilirsinmiz, çörəksiz yaşamaq olar, ümidsiz, inamsız yox. Biz əminik ki, Prezident itirilmiş torpaqlarımızın düşməndən azad edilməsi uğrunda yorulmadan, bütün varlığı ilə çalışır. Bu, bizim nurlu, Ağdamlı, Qarabağlı günlərin uzaqda olmadığına ümidlərimizi artırır. Bu gün cənab Prezident İlham Əliyevin qayğısı sayəsində minlərlə ağdamlı ailə doğma Ağdam torpağına qayıtmış, müasir evlərdə məskunlaşmışdır. Onların məşğulluğunun artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunur.
Doğulub boya-başa çatdığın ana Vətəndən, doğma torpaqdan şirin nemət yoxdur. Bu Vətən, bu torpaq işğal olunub. Buna dözmək çox çətindir. Ağdamdan kənarda bu yanğı adamı bəlkə də o qədər çox yandırmır. Lakin Ağdam torpağında onun düşmənlə təmas xəttində olan yuxarı kəndlərinə qalxıb, o tərəflərə boylananda yanıb-yaxılırsan. Əlin çatmadığı, ünün yetmədiyi üçün qovrulursan. Amma sənə yuxu kimi gələnlərə inanmalı olursan…
…Qoynundan pərvəriş etdiyimiz anamız Ağdama bir övlad kimi hamımız borcluyuq. Onu işğaldan qoruya bilmədik. Ancaq onun tapdaqdan qorunmuş ərazilərində qrub-yaratmağa, doğma yurd-yuvasından perik düşmüş insanların dərd-sərini çəkməyə, qayğılarını daşımağa sözümüz nədir?..Vətənini sevən hər bir insan onun vətəndaşlarını da sevməli, insanlara qarşı son dərəcə səmimi, mehriban və qayğıkeş olmalıdır…
…Mən cənab Prezidentin Ağdama nə qədər yüksək qayğı ilə yanaşdığını bilirəm. İnanıram ki, gələcəkdə də o, həmişə biz ağdamlılara diqqətli olacaq, görəcəyimiz işlərdə bizə dəstək verəcək, insanların əhval-ruhiyyəsinin yaxşılaşdırılmasında, sağlam yaşamasında, gənclərimizin yüksək təhsil almasında hər cür köməklik göstərəcəkdir……
…Mən bugünkü gənclərimizi keçmiş Ağdam gəncləri kimi görmək istəyirəm. Ən ümdəsi, ağdamlı gəncin ideyası qəhrəmanlıq, mərdlik, vətənpərvərlik və kişilik ideyaları olmalıdır. Ağdamlı gənc bu hiss və duyğulara köklənməlidir. Bu ideyaların arxasında bütün müsbət keyfiyyətlər durur. Yəni, hesab edirəm ki, gənclərimiz kişi olmalıdır… Bu işdə Ağdam Rayon İcra Hakimyyətinin üzərinə də çox böyük vəzifələr, məsuliyyət düşür…
…Qarabağ müharibəsinin odu, alovu daha çox Ağdamı yandırıb. Bu topağın övladları Vətən qarşısında müqəddəs borclarını şərəf və ləyaqətlə yeinə yetiriblər. Döyüşlərdə nə qədər ağdamlı şəhid olub, 16 Milli qəhrəmanımız var……
…Möhtərəm Prezident İlham Əliyevin gecəli-gündüzlü çəkdiyi zəhmət, yeritdiyi xarici siyasət ona köklənib ki, itirilmiş doğma torpaqlarımız düşməndən azad olunsun. Əgər bu, xoşluqla olmasa, müharibə yolu ilə torpaqlarımız geri qaytarılacaq! Mən Prezidentimizə inanıram. Çünki o, prezident seçkisində əhali qarşısında nə vəd edibsə, hamısını yüksək səviyyədə yerinə yetirir.
Bəli, inanıram ki, düşmən tapdağı altında inləyən ulu torpaqlarımız mürdar erməni nəfəsindən qurtulacaq. Biz də böyük Ağdamımıza qayıdacağıq…

Son söz əvəzi

Həyatda insan üçün üç müqəddəs varlıq var – Allahımız, anamız və torpağımız. Biz torpağı anamız qədər sevirik, ona görə də həmişə «ana Vətən» deyirik. Bu gün düşmən tapdağında inləyən Vətən torpağı bizim üçün ikiqat əzizdir. Çünki o torpaqlar şəhidlərimizin qanı ilə suvarılıb. Şəhidlərin qanı ilə suvarılan torpaqlarda qeyrət bitməlidir. Ancaq bu gün o torpaqlar düşmən tapdağında olduğundan qeyrət göyərmir. Əminik ki, Ağdam işğaldan azad edildikdən sonra şəhidlərimizin qanından qeyrət cücərəcək və qeyrətli oğullar Ağdamı əvvəlkindən də gözəl bərpa edəcəklər. Ağdam həmişə ziyalıları, səhiyyə işçiləri, mədəniyyət xadimləri, ağsaqqal, samballı kişiləri, kişi qeyrətli qadınları ilə seçilib. Lakin məcburi köçkünlük həyatı hardasa Ağdamı inkişafdan saxlayıb, rayona bir durğunluq gətirib. Artıq o buz əriməkdədir.
İndi Ağdamın əvvəlki şöhrətini qaytarmaq üçün böyük işlər görülür. Rayon iqtisadi cəhətdən inkişaf edir, insanlara hörmət, ədalət prinsipləri əsas götürülür.. Bu gün rayonda hamıya eyni gözlə baxılır, eyni səviyyədə diqqət yetirilir.
Ölkəmizin sürətli inkişafı, dünyada baş verən dəyişikliklər, aparılan danışıqlar və beynəlxalq təşkilatların mövqeyi bir daha sübut edir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır və çıxacaq. Biz öz torpaqlarımıza sahib duracağıq! Ağdamlılığımızı özümüzə qaytaracağıq!

Sarvan ŞAMİLOĞLU
Surxay ƏLİBƏYLİ

İdeologiya.az

COMMENTS