Redaksiyaya üz tutan şikayətçilərin sayı niyə artıb?

Son zamanlar redaksiyamıza, dövlət rəhbərliyinə, nazirlərə ünvanlanan şikayət və müraciətlərin sayı kəskin şəkildə artıb.

Burada qəribə məqam ondan ibarətdir ki, son zamanlar nazirlər bölgələrə gedərək, şikayətləri canlı olaraq dinləyirlər. Bəs belə olan təqdirdə, insanların şikayətləri azalmalı olduğu halda nə üçün artıb?

Bu sual bizi də çox düşündürür. Redaksiyamızda şikayətçilərlə işləyən əməkdaşımız Elşən Balaxanski bildirir ki, şikayət edənlər daha çox yerli icra hakimiyyəti orqanlarından narazıdırlar:

“Redaksiyaya müraciət edən vətəndaşlar müxtəlif instansiyalardan şikayət edirlər. Onlar adətən lazımı qurumlara müraciət edib, cavab ala bilmədikləri hallarda redaksiyalara üz tuturlar. Əllərində bir qalaq sənədlər olur. Hansı ki, bu sənədləri ümumi araşdırdıqda məlum olur ki, vətəndaş haqlıdır.

Sadəcə olaraq onun qanuna uyğun tələblərinə, yerlərdəki məmurlar, icra hakimiyyətinin nümayəndələri baxmırlar. Vətəndaş da birbaşa prezidentə üz tutmaq üçün mətbuata müraciət edir. Son aylarda bu kimi məqsədlər üçün redaksiyaya müraciət edənlərin də sayında həddindən artıq artma müşahidə olunur.

Onlar icra hakimlərinin qanunsuz hərəkətlərindən şikayət edirlər. İcra hakimləri vətəndaşın hüququnu bərpa etmək əvəzinə, qarşı tərəfə haqq verir. Bu da onların redaksiyalar vasitəsi ilə prezidentə müraciətləri ilə nəticələnir. Məhkəmələrdə də vəziyyət ürəkaçan deyil. Azərbaycanda məhkəmə islahatlarının keçirilməsindən çox danışılır. Ancaq bunun tam əksini görürük. Bununla bağlı da şikayət edənlər çoxdur. İnsanlar düşünürlər ki, mətbuat vasitəsi ilə müraciət edərlərsə, bu məsələ, dərhal öz həllini tapacaq. Bu baxımdan həmin şəxslərin müraciətlərini dərc etmək məcburiyyətindəyik. Əslində isə redaksiyanın işi bu deyil. Bunu yerli icra qurumları, məhkəmələr həll etməlidirlər”.

Məsələ ilə bağlı musavat.com-a danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, redaksiyalara göndərilən şikayətlərin çoxalması göstərir ki, müvafiq qurumlar bu ərizələrə getdikcə daha da biganə qalırlar:

“Media hakimiyyətin bir qolu olmasa da ictimai funksiya həyata keçirərək, hökumətə, proseslərə nəzarəti yerinə yetirir. Bu baxımdan medianın bu kimi məsələlərə də diqqət ayırmaq məcburiyyəti var. Vətəndaşların mediaya yönəlməsinə səbəb isə mediaya çıxan problemlərin həllinə olan ümiddir. Çünki xüsusilə yerlərdə vətəndaşların hüquqları çox ciddi şəkildə pozulur. Ölkədə adicə məhkəmə sisteminin də kifayət qədər ələ baxımlı olması və proseslərə müstəqil yanaşıb, ədalətli qərarlar çıxara bilməməsi, ciddi problemdir. Eyni zamanda hazırda çox sayda məhkəmə qərarı var ki, onlar icra edilmir.

Bu da məhkəmənin işinə ciddi şəkildə kölgə salan məqamdır. Belə olan halda vətəndaşın son ümid yeri məsələni ictimai müzakirəyə çıxarıb, oradan həll yolu tapmağı düşünməsidir. Şikayətlərin çoxalmasının bir səbəbi odur ki, demək ki, bu kimi ərizələrə qurumlar tərəfindən daha çox biganəlik göstərirlər. İkinci bir səbəb isə odur ki, vətəndaşda hələ də ümid var ki, mediaya çıxan məsələ bu və ya digər formada həllini tapır”.

Dosye.org

COMMENTS