Roman Qriqorçuk: “3-4, hətta 5 qol vura bilərdik”

Roman Qriqorçuk: “3-4, hətta 5 qol vura bilərdik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 32-ci turunda evdə “Neftçi”ylə keçirdikləri oyunla (2:2) bağlı fikirlərini bildirib.

Ukraynalı çalışdırıcı matçdan sonra “CBC Sport”a bunları deyib:

“Komandam yaxşı oynadı. Çatışmayan bir şey var idi ki, o da vəziyyətlərdən istəfadə edə bilməməyimiz. Şanslardan istifadə etsəydik, 3-4, hətta 5 qol vura bilərdik.

Bir neçə gün sonrakı yarımfinal oyunu üçün oyunçuları xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Hər bir futbolçu fərqindədi ki, bu oyunu udsa, finalda oynayacaq və titul qazanmaq şansı var. Onlar gələcəkdə danışacaqlar ki, biz ölkə kubokunu qazanmışıq”.

Qriqorçuk komandasının lehinə təyin edilən penaltiylə bağlı da danışıb:

“Mən adətən hakimlər haqqında danışan adam deyiləm. Keçən dəfə səbrim tamam tükənmişdi deyə, o sözləri işlətdim. Bu gün də sözümün arxasındayam. İradım isə sadəcə o oyundakı penaltiylə bağlı deyildi. Mövsüm ərzində hakimlər bir neçə dəfə bizə mane olmuşdular, bütün bunlar yığılmışdı və mən o cür reaksiya vermişdim. Yoxsa mən nə Hakimlər Komitəsinin sədri, nə də analitik deyiləm ki, hər oyundan sonra hakimlərin işini dəyərləndirim. Mən baş məşqçiyəm, öz komandama cavabdehəm. Ona görə də hakimin bu gün təyin etdiyi penalti haqqında nəsə deyə bilməyəcəm” (komanda.az).

COMMENTS