RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN NÜMAYƏNDƏSİ MƏRKƏZİ ELMİ KİTABXANADA OLUB

Rusiyanın ölkəmizdəki səfirliyinin baş müşaviri Aleksandr Qladkov AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ilə görüşüb. Görüşdə münasibətlərin mövcud durumu və əməkdaşlıq perspektivləri müzakirə olunub.

L.İmanova elmi təşkilatın fəaliyyət yönü və əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Ötən il Rusiyaya səfəri zamanı Rusiya Dövlət Kitabxanası və Yeltsin adına Prezident Kitabxanasında keçirilən görüşləri, onların kitabxana idarəetməsi, biblioqrafiya, informasiya texnologiyaları və proqramlaşdırma sahəsində təcrübələri ilə tanış olduğunu xatırladıb. MEK rəhbəri Rusiyanın tanınmış kitabxanalarının təşkil etdiyi müxtəlif elmi-mədəni tədbirlərdə, həyata keçirdiyi proqramlarda MEK-in iştirakı, eləcə də hər iki ölkənin mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanışlığa yönələn müştərək layihələrin reallaşdırılması və ümumilikdə işgüzar münasibətlərin genişləndirilməsinə yardım işində səfirliyin dəstəyinin zəruri olduğunu bildirib.

Səfirliyin rəsmisi öz növbəsində qarşılıqlı əməkdaşlıq təşəbbüsünü yüksək dəyərləndirib. Daha sonra Rusiya-Azərbaycan münasibətlərindən söhbət açan qonaq elm, təhsil və mədəniyyət sahəsində ikitərəfli əlaqələrin günü-gündən genişləndiyini deyib. Hər iki ölkənin elmi təşkilatları arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması üçün görüşün mühüm olduğunu qeyd edib.

Görüşdə Rusiya kitabxanaları və MEK arasında kitab mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirə aparılıb, qarşılıqlı təkliflər səsləndirilib. Mübadilənin hər iki ölkənin elmi kitabxana fondlarının zənginləşməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sonra qonaq kitabxananın fondları ilə tanış olub. Nadir kitablar fondunda Qafqaz mədəniyyəti, tarixi və arxeologiyasına dair ötən əsrlərə aid nəşrlər, Rus Ədəbiyyatı fondunda rus klassiklərinin əsərləri, müxtəlif dövrlərin nəşri olan poeziya nümunələri qonağın marağına səbəb olub. A.Qladkov kitabxananın rus ədəbiyyatına və mədəniyyətinə olan diqqət və qayğısını yüksək qiymətləndirib.

Sonda qonaq səmimi qəbula görə MEK rəhbərinə təşəkkürünü bildirib.

COMMENTS