Ruslan Abışov: “Qriqorçukla indi daha yaxşı münasibətimiz var”

Ruslan Abışov: “Qriqorçukla indi daha yaxşı münasibətimiz var”

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Rəvan”a 3:0 hesabı ilə qalib gələn “Qəbələ” futbolçusu Ruslan Abışov oyundan sonra Qol.Az saytına müsahibə verib.

– “Rəvan”a böyük hesabla gəldiniz. Oyun haqda fikirlərini öyrənək…

– Çətin oyun olacağını bilirdik. Amma biz belə öyrəşmişik. Çünki çempionatda asan rəqib yoxdur. Ona görə də bu oyuna çox ciddi hazırlaşmışdıq. “Rəvan” kimi komandalar bəzən müdafiəyə üstünlük verirlər. Belə komandalarla matçlarda oyunu açmaq üçün erkən qol vurmalısan. Düzdür, qolumuz gecikdi. Amma ilk hissədə istəyimizə nail olduq. Bundan sonra daha rahat oynadıq. İkinci qoldan sonra isə oyunun taleyini həll etmişdik.

– Öz oyunun barədə nə deyə bilərsən? Necə düşünürsən, tam formanı yığa bilmisən?

– Bir qədər zamana ehtiyacım var. Keçmişlə bağlı heç nə danışmaq istəmirəm. Bundan sonra öz oyunum barədə fikirləşməliyəm. Yaxşı forma yığıb, milli komandanın əsas heyətinə düşməyə də çalışacağam.

– Avropa Liqasının qrup mərhələsində oynaya bilməyəcəksən. Bu, sənə çempionat  oyunlarında mənfi təsir etməyəcək?

– Əlbəttə, komandaya kömək etməyi çox istəyərdim. Amma komandamızda işinin öhdəsindən yaxşı gələn futbolçular çoxdur. Komandamın qrupdan çıxacağına inanıram.

– Çempionluq yolunda mübarizədə “Qəbələ”nin əsas rəqibi kimi hansı komandanı fərqləndirərdin?

-“İnter”, “Qarabağ” və “Neftçi”ni  çempionluqda əsas rəqib kimi görürəm. Amma yenə deyirəm, çempionatda hələ oyunlarımız çoxdur. Bu matçlarda maksimum xallar qazanıb, istəyimizə çatmalıyıq.

– Mövsümün sonunda “Qəbələ”ni “Xəzər Lənkəran”a dəyişdin. İndi isə “Qəbələ”dəsən. Komandada hansı dəyişiklikləri görürsən?

– Komanda oyun fəlsəfəsinə görə, daha da inkişaf edib. Zamanla hər şey daha yaxşı olacaq. Məncə, “Qəbələ” yüksək səviyyəli komandaya çevriləcək. Çünki “Qəbələ”nin çox təcrübəli baş məşqçisi var.

– Baş məşqçi demişkən, Roman Qriqorçukun sənə qarşı münasibətində hər hansı dəyişiklik hiss etmirsən?

– İlk görüşümüzdə onunla qucaqlaşıb-görüşdük. Keçmişdə olanlar keçmişdə qalıb. İndi daha yaxşı münasibətimiz var. Belə məşqçi ilə işləmək mənə zövq verir. Çünki onun təcrübəsindən öyrənəcəyim çox şey var.

COMMENTS