Rüstəm Usubov Nigar Köçərlinin şikayətini dinləyib

Xəbər verildiyi kimi, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli məruz qaldığı haqsızlıqla bağlı bu gün baş prokurorun müavini Rüstəm Usubovla görüşüb.
 
Baş prokurorun müavini ilə söhbətdən dərhal sonra N.Köçərli bu barədə sosial şəbəkədə öz təəssüratlarını yazıb. Musavat.com N.Köçərlinin statusunu təqdim edir: 
“Qeyd etdiyim kimi, baş prokurorun birinci müavini Rüstəm Usubov məlum hadisə ilə bağlı atamla məni qəbul etdi. O bildirdi ki, baş prokuror Zakir Qaralovun tapşırığı ilə bu görüşə təşəbbüs göstərib, bizim şikayətimizi dinləyəndən sonra baş prokurora məruzə etməlidir.
Rüstəm Usubov Nəsimi RPİ-də baş verən hadisə, istintaq işin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona şəxsən açıq şəkildə atamın və öz adımdan minnətdaram.
Mətbuat məndən tələblərimiz barədə soruşur, qısa olaraq tələblərimizi üç bəntdə ifadə etmişik:
1. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev polis idarəsinin inzibati binasında etdiyi təhgirlərə görə cəzalandırılmalıdır.
2. DİN-in mətbuat xidmətinin yaydığı məlumatlarda “hansı səviyyənin yiyəsi” və digər təhqiramiz ifadələrə hüquqi qiymət verilməlidir. Bizə elə gəlir ki, nazirliyin rəsmi məlumatında işlədilən qeyri-etik ifadələr bizim vətandaş qururumuza toxunub, bizi təhqir edib.
3. İstintaq işi ciddi nəzarətə götürülməlidir”.

COMMENTS