ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ

“Azərbaycanın qeyrətli oğulları heç vaxt yol verməz ki, torpaqlarımız işğal altında qalsın. Bunu şəhidlərimizin ruhu bizə bağışlamaz”.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağı unutma-cənub bölgəsində gənclərin vətənpərbərlik hissinin artırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində  həyata keçirilən görüşlərdə səslənmişdir.

“Yayım” Assosiasiyası bugünlər cənub bölgəsində Qarabağ müharibəsi veteranları, şəhid ailələri üzvləri ilə gənclərin görüşünü keçirmişdir. Lənkəran rayonunun İstisu qəsəbəsi və Havzava kəndinin hərbi xidmət yaşına çatmış yeniyetmə-gəncləri ilə keçirilən görüşlər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini birr dəqiqəlik sükutla yad etməklə başlamışdır. Layihənin koordinatoru, “Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov tədbir iştirakçılarını salamladıqdan sonra layihənin mahiyyəti haqqında onlara məlumat vermişdir:- “Cənub bölgəsi məsafə etibarı ilə Qarabağ bölgəsindən uzaq olsada mənəvi baxımdan buraya daha yaxındır. Çünki bu bölgədə elə bir kənd – qəsəbə yoxdur ki, Qarabağ uğrunda canını fəda etmiş şəhidimiz olmasın. Biz istəyirik ki, cənub bölgəsinin gəncləri Qarabağ torpağında yaşayıb yaradan, Azərbaycanı bütün dünyaya tanıdan qarabağlıları tanıyasınlar. Qarabağ və işğal altında olan rayonlarımız haqqında gənclərin məlumatı olsun: – Siz bilməlisiniz ki, bu torpaqlar altı-üstü zənginliklərlə dolu xəzinədir. Və nəhayət bilməlisiniz ki, bir zamanlar  dünyanın müxtəlif ölkələrindən qaçqın kimi gələrək Azərbaycan ərazilərinə yerləşdirilmiş ermənilərin torpaqlarımızı işğal etməyinə yol vermək olmaz. Buna bizim haqqımız yoxdur. Qüdrətli ordumuz Ali Baş Komandanın əmrini gözləyir. O gün mütləq gələcək və biz düşməndən intiqamımızı alacağıq.

Görüşdə bölgənin tanınmış ziyalıları tarixçi-pedoqoq İldrım Şükürzadə, rayon ziyalısı Elsevər Həsənov, AzTV-nin əməkdaşı Mübariz Süleymanlı çıxış edərək  Qarabağda yaşayıb yaratmış və Azərbaycanı bütün dünyaya tanıtmış, lakin məzarları bu gün də işğal altında olan torpaqlarımızda qalan azərbaycanlılar haqqında danışdılar. Qarabağ döyüşlərində şəhid olmuş, cənub bölgəsindən olan oğullarımızı yad etdilər. Çıxış edənlər Qarabağ müharibəsinin tarixi və səbəbləri haqqında gənclərə məlumat verərək ermənilərin nə qədər qorxaq və namərd olduqlarını, Qarabağın füsünkar təbiətə malik olduğunu, torpaqlarımızın işğaldan azad ediləcəyini və ermənilərdən mütləq qisas alacaqlarını qeyd etdilər.

Görüşdə iştirak edən şəhid ailə üzvləri, müharibə veteranları və digər ziyalılar “Yayım” Assosiasiyasının rəhbərliyinə və bu layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu müqəddəs tədbirə görə təşəkkürlərini bildirdilər.

Tədbirin sonunda iştirakçılar Şəhidlər bağına gələrək Qarabağ döyuşlərində həlak olan şəhidlərimizin abidəsini ziyarət edərək xatirə şəkili çəkdirdilər.

Qeyd edirik ki, “Yayım” Assosiasiyasının regionda vətənpərvərlik mövzusunda keçirdiyi  tədbirlər davam edəcəkdir.

COMMENTS