“Şəmsiyyə Bəylərqızının övladına görə dəfələrlə ağlamışam” – Gülər Əhmədova

“Övladına görə ona kömək edilməsini xahiş edirəm”

Həbsdə olan yazıçı-jurnalist, İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymaninin keçmiş həyat yoldaşı Şəmsiyyə Bəylərqızının “Yeni Müsavat”ın ötən sayında dərc olunan məktubu geniş müzakirələrə səbəb olub. Xanım məhbus saxlanıldığı cəzaçəkmə müəssisəsində ayrı-seçkiliyə məruz qaldığı, övladı ilə görüşünə maneələr yaradıldığını bildirib.

Ş.Bəylərqızı həbsxanada abunə olduğu qəzetlərin ona verilmədiyini, iki zabit tərəfindən təhqir olunduğunu, müəssisə əməkdaşlarının ailəsinin, övladının şəkillərini ondan alaraq cırdıqlarını qeyd edib. Səfirin keçmiş xanımı oğlu görüşə gələrkən görüş vaxtını qısaldaraq övladını tələm-tələsik apardıqlarını və uşağın gözləri önündə özünü qaldırıb yerə çırpdığını deyir. O, küçələrdə taleyin ümidinə qalan azyaşlı oğlu ilə normal təmasının yaradılmasını, ona qarşı olan haqsızlıqlara son qoyulmasını xahiş edir.

Məsələ ilə bağlı aidiyyəti Penitensiar Xidmətinin mövqeyini almağa çalışsaq da, mümkün olmadı. Buradan zənglərimizə cavab verən tapılmadı.

Vaxtı ilə həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədova qadın məhbusun şok məktubuna dair Dosye.org-a açıqlama verib: “Mən cəzaçəkmə müəssisəsində olmamışam. Bakı İstintaq Təcridxanasında saxlanılmışam. Həbsdə olduğum müddətdə heç bir qanun pozuntusu etməmişəm. Nə deyirdilər, tələb edirdilər, ona uyğun hərəkət etmişəm. Vaxtımı kitab oxumaqla, namaz qılmaqla keçirmişəm. Saxlanıldığım təcridxanada kameralar çox aralı idi. Buna görə qanunları pozan məhbuslarla necə davranışın olduğunu görmədim. Açığı, BİT-də özümə və digər qadın məhbuslara qarşı heç bir hörmətsizliyin şahidi olmamışam. Təcridxanada cəzaçəkmə müəssisələri kimi bir yerdə gəzintiyə çıxmağa icazə verilmirdi. Şəmsiyyə xanımın məktubunda ”kabinetə işləyən” ifadəsi var. Açığı bu ifadəni ilk dəfə eşidirəm. Ora təcridxanadan deyil, kolondan danışır. Kolonda olmadığıma görə, onun doğru, yaxud yanlış dediyini iddia edə bilmərəm. Buna şərh verməyim də düzgün olmazdı. O qadına münasibətimin necə olmasının burada önəmi yoxdur. Allah qarşısında məsuliyyətimiz var. Bu baxımdan ədalətli danışmaq lazımdır”.

G.Əhmədova vaxtı ilə aralarında ciddi narazılıqlar olan Ş.Bəylərqızının tezliklə azadlığa çıxması üçün dua etdiyi dedi: “Onun körpə balası var. Azyaşlı uşaq tamam başqa insanların əlində qalıb. Əldən-ələ, ailədən-ailəyə keçir. O uşağın vəziyyəti çox ağırdır. Mən də müraciətlərə qoşularaq, övladına görə ona kömək edilməsini xahiş edirəm. Səmimi deyirəm ki, o uşağın vəziyyətinə görə dəfələrlə ağlamışam. Yiyəsiz qalan uşağa yazığım var. Övladların günahı yoxdur. Bəzən valideynlərə görə onlar əziyyət çəkirlər. Onun qalan vəziyyəti, dedikləri barədə danışa bilmərəm. Amma övladı ilə bağlı əminliklə deyə bilərəm ki, acınacaqlı durumdur. Azyaşlı uşaq barədə çox ağrılı söhbətlər eşitmişəm. Onun övladının saxlanıldıgı şəxslər tərəfindən başına oyunlar açıldığını, işgəncəyə məruz qaldığını eşitmişəm. Ramazan ayıdır, arzularımız eşidilsin. Tezliklə o, öz övladına qovuşsun. Hər şeydən əvvəl o, bir anadır”.

Dosye.org

COMMENTS