Sabunçunun icra başçısı Azərbaycanı tərk etmək istəyir?

Adı bu günə kimi bir çox qalmaqallarda hallanan Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevlə bağlı redaksiyamıza maraqlı bir informasiya daxil olub. Hökumətdəki mötəbər mənbədən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, çox böyük maliyyə maxinasiyalarında adı keçən Adil Vəliyev Azərbaycanı tərk etmək zorunda qalıb.

 

Məlumatlı mənbənin dia.az-a söylədikləri: «İcra başçısına qarşı qanunsuz maliyyə maxinasiyaları ilə bağlı ittiham ortaya çıxıb və araşdırmalar zamanı müəyyən olunub ki, Sabunçunun rəhbəri bu proses zamanı böyük həcmdə pulları mənimsəməklə yanaşı, həm də dövlət büdcəsinə də külli miqdarda ziyan vurub».

Mənbə iddia edir ki, neçə gün imiş ki, Adil Vəliyevlə bağlı hüquqi araşdırmalar başladılıb: «Bu proses mətbuatdan və ictimaiyyətdən gizli həyata keçirilsə də, Adil Vəliyev «yuxarıdakı» himayədarlarının sayəsində xəbərdar olub və o, yaxınlarının məsləhəti ilə Azərbaycanı tərk edib».

Hazırda icra başçısının hansı ölkədə olduğu bilinməsə də, onun yaxın vaxtlarda vətənə qayıdacağını söyləyən mənbə dia.az-a bildirir ki, Adil Vəliyevi himayə edən qüvvələr icra başçısını situasiyadan çıxarmağa müvəffəq olublar: «Hələlik yekun qənaət olmasa da, Adil Vəliyevi vəziyyətdən çıxara biliblər».

Onu da bildirək ki, DİA.AZ-a Sabunçu icra hakimiyyətindən başçının həqiqətən də Azərbaycanda olmadığını təsdiqlədilər. Onun konkret harada olması və hansı səbəbdən ölkəni tərk etməsilə bağlı suallarımız isə cavabsız qaldı.

 

COMMENTS