Şadlıq sarayında jurnalistə kələk gəldilər: “Məni aldatdılar, siz aldanmayın!”

Şadlıq sarayında jurnalistə kələk gəldilər: “Məni aldatdılar, siz aldanmayın!”

“Əvvəlcədən bütün məsələlərlə bağlı rəsmi, konkret müqavilə bağlayın”

 

Bilavasitə məni də narahat edən, haqqında yazmaq istədiyim məsələni gündəmə gətirdiyinə görə Modern.az saytına, məsələ ilə bağlı nüfuzlu, peşəkar rəylərini bildirdiklərinə, prinsipial mövqelərinə görə dostum, beynəlxalq səviyyəli ustad kulinar Tahir Əmiraslanova və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova təşəkkürümü bildirirək, toy-restoran problemi ilə bağlı bəzi fikir və mülahizələrimi bölüşmək, bu yaxınlarda övladlarımdan birinin toy məclisində başıma gətirilənləri diqqətə catdırmaq istərdim.

Öncə isə onu deyim ki, toylarla bağlı əhalini narahat edən məsələlərin müsbət həllinə mane olmaq istəyənlər varsa, o da yalnız qısa müddətdə milyonlara sahib olmağa çalışan şadlıq saraylarının sahibləridir. Onlar süfrəni bolluca dolduraraq, toy sahibindən onun xərcini ikiqat artığı ilə alır (bir nəfər bir oturuma maksimum 12-15 manatlıq yemək yeyə bilər, daha 35-45 manatlıq yox. 35-45 manata 3 nəfər restoranda “bəsdi” deyincə yeyib-içə bilər), sabahısı gün isə artıq qalan yeməkləri digər bir toy sahibinin stollarına düzürlər. O da anlaşılan deyil ki, paytaxt restoranlarında bir nəfərin “stol xərci” çox zaman 20-25 manat olduğu halda Sumqayıtda ən aşağı qiymət 30-35 manatdır. Əksər şadlıq saraylarında isə “müdirlərə” sərf etmədiyi üçün icarə (arenda) variantına razılıq verilmir.

Yəqin ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun çadır toylarına qayıtmaq fikri ilə çoxları razılaşar. Çünki restoran toyları ancaq restoran mafiyasının xeyrinədir (toyda yığılan pulun 90 faizi restoran sahibinə, cəmi 10 faizi bəylə gəlin üçün qalır…).

Restoranlardakı soyğunçuluğa cavab olaraq çadır toylarına qayıtmaq daha yaxşı olardı. Məgər ulu babalarımız toylarını açıq səma altında, Qazan xan kimi Dədə Qorqud igidləri çadırlarda etməmişdilərmi? Çadır toyu dedikdə, əlbəttə, indi bəzilərinin istehza ilə “palatka toyu” adlandırdığı bayağı toyları yox, mədəni, sivil şəkildə təşkil olunan toyu nəzərdə tuturam. Həmin toylarda daha çox səmimiyyət olur, nəinki rəsmiyyət. Həm ağız deyəni qulaq eşidir, həm də böyük-kiçik nəzərə alınır.

Hər iki ekspertin dedikləri mənim restoran mafiyası ilə bağlı fikirlərimi təsdiq etdi. Konkret olaraq nəyi demək istərdim? Restoran, şadlıq evləri sahibləri bir qayda olaraq arxa planda qalır, bütün işləri “bacarıqlı” gənclərə tapşırırlar. Onlar da müştərinin xarakterindən asılı olaraq restoranın ümumi xeyri naminə müxtəlif cür manipulyasiya etməyi çox yaxşı bacarırlar. Hörmətlə qəbul edirlər, yüksək mədəniyyət və nəzakət nümayiş etdirərək, təcrübəli psixoloq kimi müştərinin inam və etimadını qazanaraq, onlara öz hiyləgər variantlarını ən münasib variantlar kimi təqdim edərək, toy sahibini asanlıqla razılaşdırırlar.

Sumqayıtın yeni şadıq saraylarından birində məni də olduqca mədəni, intelligent bir gənc “müdir əvəzi” çox hörmət və nəzakətlə qəbul etdi. Özlərinin şadıq sarayının digərlərindən üstünlüklərindən danışaraq, böyük zalın bir yer üçün 70, kiçik zalın isə 45 manat olduğunu bildirdi. Mən qiymətlərin çox baha olduğunu (digərlərində – 25-35 manatdır) bildirdikdə “güzəşt” edərək, 40 manata razılaşdı. Ancaq bir şərtlə – içkisiz. Çox çək-çevirdən sonra içki olmaqla 42 manatda “dayandıq”. Qonaqlar az olarsa, masaların üstündə qalacaq yeməklər barədə də səmimiyyətə qərar verdi: “Stolların üstündə nə qalacaqsa, sizindir. Həm oğlan evinə, həm də qız evinə pay qoyulacaqdır”, – dedi. İnandım. Fikrimcə, belə də olmalı idi, axı, hər yerə görə xeyli pul ödəyəcəkdim.

Toy günü məclisin sonuna yaxın musiqinin səsinin gücləndirilməsi (nə qədər xahiş etdimsə də, müxtəlif bəhanələrlə səsi azaltmadılar), zalda yarıqaranlıqlıq yaradılması fonunda ofisiantların stolların üstünü cəld hərəkətlərlə yığışdırılmasını onların oğlan və qız evləri üçün yemək-içmək tədarükü kimi qiymətləndirdim. Ancaq toy başa çatıb, restoranla “soyğunçu hesablaşmadan” sonra evə gələrkən söz verdiklərinin (“stolların üstündə nə qalacaqsa, sizindir”) əksinə olaraq, qonşu payına bənzər bir şəkildə – kiçik bir qutuda pay qoyduqlarını gördüm. Pay isə bir-neçə tikə lülə və tikə kababdan, bildirçin kababından və daha çox heç kəsin yaxın durmaq istəmədiyi toyuq soyutmasından və cəmi 4 şüşə kompot və şirələrdən ibarət idi. Nə balıq kababı, nə plov, nə şampan şərabı, nə də araq və s. qoyulmuşdu. Ancaq məndən onların hamısının dəyəri tutulmuşdu. Niyə belə etmişdilər? Axı inandığım cavan oğlan söz vermişdi ki, stollarda qalan yemək-içmək hamısı sizə veriləcək.

Toydan bir gün sonra “razborkaya” getməli oldum. Cavan oğlan sanki bir gün əvvəl mənə inamla söz verən adam deyildi. “Biz payı ancaq bu şəkildə qoyuruq”, – dedi. “Bəs nə üçün balıq kababları, plov, şampan şərabı, araq və s. qoyulmamışdı, axı zalda qalmış və yığışdırılmış ərzaqla daha bir toyu yola vermək olardı?”, – deyə soruşduqda artıq səmimiyyəti və bir-neçə gün əvvəlki hörmət-izzəti unudaraq, riyakarlıqla cavab verdi ki, “onlar zəhərlənmə verə bilər deyə özümüz bilərəkdən pay qoymuruq”. Ancaq həmin dəmdə restoranın mətbəxində qadınlı-kişili 10-15 nəfərin iştahla, deyə-gülə balıq kababı, digər kabablar və plov yedikləri müdirin otağındakı iri monitorda açıq-aşkar görünürdü.

Qısası, şadlıq sarayının rəhbərliyi bizə qarşı açıq-aşkar soyğunçuluq etmişdi. Odur ki, gələcək toy sahiblərinə təklif etmək istərdim ki, bizdən fərqli olaraq işlərini ehtiyatlı tutsunlar – qabaqcadan bütün məsələlər, şərtlərlə bağlı müqavilə bağlasınlar. Müqavilədə hökmən qeyd olunsun ki, toy sahiblərinin xərclərini tam ödədikləri ərzaq məhsulları bütünlüklə onlara çatmalıdır (restoran üçün “pay” saxlanılması restoran sahibinin yox, toy sahibinin istəyincə olmalıdır), musiqinin səsi həddən artıq gücləndirilməməli, norma daxilində olmalıdır, toy sahibinin razılığı olmadan stolların üstündən heç bir ərzaq geriyə – mətbəxə daşınmamalıdır. Və digər müvafiq, vacib şərtlər.

Həm də elə etmək lazımdır ki, başqa sahələrdə olduğu kimi “sifarişçi” ilə “icraçı” arasında müvafiq öhdəliklərin əks olunduğu müqavilələr bütün restoran və şadlıq evlərində hökmən bağlanılsın və müqavilənin şərtlərinə hər iki tərəf ciddi şəkildə əməl etsin. Belə olarsa, toylardakı bəzi narazılıqlar, nöqsanlar aradan qalxmış olar.

Restoranlarda vaxtaşırı müvafiq yoxlamaların keçirilməsi və soyğunçu restoran sahiblərinə qarşı ciddi tədbirlərin görülməsinin (rüşvət müqabilində hər şeyin ört-basdır edilməsinin yox!..), menyudakı ərzaqların və müvafiq olaraq toy xərclərinin azaldılmasının da vaxtıdır.
Sözdən işə keçmək lazımdır!

COMMENTS