Sərdar Həmidov məsüliyyəti birbaşa Nəciməddin Sadıqovun üzərinə atdı

Sabiq batalyon komandiri: “Bu düşmən hücumundan daha çox ermənilərin terror aksiyasıdır”

Erməni qüvvələrinin cəbhədə Azərbaycan ordusuna qarşı təxribatı və bunun nəticəsində şiddətli döyüşlərin baş verməsi ölkə gündəminin əsas hadisəsinə çevrilib.

 

Tərtər rayonunun sabiq icra başçısı, sabiq batalyon komandiri Sərdar Həmidov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində Tərtərin döyüş baş verən ərazilərində 21 il əvvəl də analoji hadisələrin olduğunu bildirib. S.Həmidov həmin vaxt onun rəhbərliyi altında keçirilən əməliyyat nəticəsində ermənilərin hücum-diversiya əməliyyatının qarşısının alındığını və düşmənə ağır zərbə vurulduğunu dedi. Keçmiş komandir dedi ki, hazırda orduya rəhbərlik edən bir çox generallar məhz bu hadisələrin şahidi olublar. Sərdar bəy əvvəlcə 1993-cü ildə olan o hadisəni xatırlatdı.

 

“1993-cü ilin noyabr-dekabr aylarında, eləcə də 1994-cü ilin fevral ayında ermənilər Ağdamın axırıncı kəndləri Suma Güllücə, Qərvənd, Cəmilli və ən böyük kəndlərdən biri olan Şotlanlını işğal edəndən sonra Şotlanlı ilə Tərtər rayonunun Qapanlı kəndinin arasında Karmiravan – Qırmızıkənd ərazisindən hücuma keçirdilər. Karmiravan kəndini bizim Tərtərdəki hərbi briqada ermənilərdən təmizləmişdi və mən kəndin əsl adını bərpa edərək Qırmızıkənd qoydum. 1993-cü ildə ermənilər həmin Şotlanlı və Qırmızıkənd istiqamətindən Qapanlıya hücum etdilər. Həmin vaxt məni Bakıya çağırmışdılar. Yolda – Yevlaxa çatmamış maşında olan rabitə vasitəsi ilə mənə xəbər verdilər ki, ermənilər Qırmızıkəndə girib. Təcili geri qayıtdım, Tərtərdən Qapanlıya, Qırmızıkəndə gedən yolda taxıl anbarı vardı.

 

Taxıl anbarına getdim və içəri girdim ki, polis, hərbçilər taxıl anbarına dolublar. Onları oradan çıxardım və bərabər Qazyan kəndinə, oradan da Qapanlıya qayıtdıq. Yevlaxdan qayıdanda Nəcməddin Sadıkov və Vasili Vasyakla Qapanlının Tərtərə yaxın hissəsində evdə görüşdük. Onlara orda oturmalarını tapşırıb özüm ön mövqeyə getdim. Əsgərlər də bizi görüb ürəkləndilər. Oradan Nəcməddin Sadıqovla danışdım. Həmin əməliyyat zamanı nəinki Qırmızıkəndi azad etdik, eləcə də erməniləri Şotlanlıdan da çıxardıq. Bir sutka Şotlanlıda oldum və olduğum dövrdə mənə sui-qəsd də etdilər. Yemək gətirmişdilər, əlimi çörəyə uzadanda snayper gülləsi saçımın tüklərinə toxunaraq pəncərəyə dəydi. Ondan sonra Tərtərə qayıtdım. 1994-cü ildə işdən çıxan vaxt Qırmızıkənd bizdə idi, Şotlanlı isə demək olar ki, boş idi”.

 

Sərdar Həmidovun sözlərinə görə, bu istiqamətin cəbhə üçün xüsusi əhəmiyyəti olduğu üçün Müdafiə Nazirliyinin Baş Qərargahı bu cür vəziyyətlərə hazır olmadır: “Tərtərdə yerləşən hərbi birləşmələr, eləcə də Baş Qərargah rəisi Nəcməddin Sadıkov başa düşməlidir ki, Qırmızıkənd istiqaməti həmişə ermənilərin daha çox hədəfində olub və burda mövqelərimiz güclü olmalıdır. Ancaq təəssüf ki, orda hazırlıq yetərli olmayıb və ermənilər də o vəziyyətdən istifadə edərək mövqelərimizə hücum ediblər. Bu düşmən hücumundan daha çox ermənilərin terror aksiyasıdır. Görünür ki, bu hücumu erməni muzdluları və rus ordusu birgə həyata keçiriblər”.

S.Həmidovun fikrincə, son hadisələrdə itkilərimizin çox olmasının əsas məsuliyyəti ordu komandanlarının, xüsusən də Baş Qərargah rəisinin üzərindədir: “1993-cü ildə Tərtər briqadasının komandiri olan Nəcməddin Sadıkov 1994-cü ildən sonra Baş Qərargah rəisi təyin edildi. Azərbaycan prezidenti İlham Əliyev Ali Baş Komandan kimi Nəcməddin Sadıkovu çağırıb bu hadisələr haqda soruşmalıdır. Mən bildiyimə görə, Baş Qərargah rəisi nazirə 5-6 dəfə məruzə edib ki, mövqelər möhkəmdir. Həm də ölkə prezidentinə bu cür məlumat verib, deməli yalan danışıb. Ötən 20 ildə Müdafiə Nazirliyində bir neçə nazir vəzifədən çıxarılıb. Ancaq nədənsə, nazirlər işlərindəki qüsurlara görə işdən azad edilsələr də, bu müddətdə Baş Qərargah rəisi Nəcməddin Sadıkova toxunulmayıb, o postunda qalıb. Onun nə qədər böyük igidlikləri olub ki, vəzifəsində hələ də işləyir? Nə qədər mötəbər adamdır? Əgər onun ayağına 1992-1993 illərdə baş verən igidliklər yazılırsa, onun böyük hissəsi Sərdar Həmidovundur”.

 

“Nəcməddin Sadıkovun Cəbrayıldan olan Xalid Əsədov adlı qeyri-rəsmi müavini var. Türkiyəyə hərbi təyyarələrlə brilliant daşıyır”

 

Keçmiş batalyon komandirinin sözlərinə görə, hazırkı Baş Qərargah rəisi daha çox Bakıda biznes fəaliyyəti ilə məşğuldur: “ Nəcməddin Sadıkovun Cəbrayıldan olan Xalid Əsədov adlı qeyri-rəsmi müavini var. Türkiyəyə hərbi təyyarələrlə brilliant daşıyır. Eləcə də daha bir qeyri-rəsmi köməkçisi Emin Eminbəylidir. Emin o zaman da Tərtərə gəlirdi. İndi Bakıda bina tikir. Müdafiə Nazirliyinin qarşısındakı 16 mərtəbəli binanı Xalid özəlləşdirib. 1993-cü ildə onu cəbhədə yaralanan əsgərlərə kömək etmək üçün buyururdum. Mən o zaman Sadıkovla Dərbəndə gedib məscid tikintisi üçün o 1 milyon pul vermişəm. Amma indi bunlar böyük biznesmen olublar… Gəncədə Sadıkovun oğlunun adına “Hüseyn” mağazalar şəbəkəsi var.

MN-də işləyən generalların bir çoxunun bioqrafiyasındakı igidliklərin Tərtərdə baş verdiyi qeyd olunub. Niyə başqa bölgələrdə deyil, məhz Tərtərdə olub? Çünki orda mənim də xidmətlərim olub. Ancaq mən xidmətimə görə layiq olduğum haqqımı ala bilmirəm. Mən Tərtər cəbhəsində Nəcməddin Sadıkovdan heç bir kömək görməmişəm. İndi bilirsiniz, hərbi təhsili olmayan Sərdar Həmidov Tərtər cəbhəsində hansı əziyyətləri çəkib?”

 

Sərdar Həmidov onu da dedi ki, N.Sadıkovun əvvəlki fəaliyyətləri barədə məlumatlıdır: “1990-cı ilin yanvarında rus ordusunun general-leytenantı Tyaqunov Azərbaycana hərbi komendant təyin olunub. Rus ordusundan olan zabitlər rayonlarda komendant idi. Nəcməddin Sadkov da Göygöldə Xanlar rayonunun hərbi komendantı idi. O, rus ordusundan qalan zabitlərin demək olar ki, hamısını müharibədən sonra sıxışdıraraq Azərbaycandan qovdu. Artilleriya zabiti vardı, Kamarov Viktor Vasileyviç. Müharibə qurtaran kimi Sadıkov onu ordudan uzaqlaşdırdı. Yalnız Vasyak Vasilyevi saxladı, o da xəritəni yaxşı bildiyi üçün. Çünki Nəcməddin xəritələrdən çox zəifdir. Prezident çağıranda Vasyak ona məsləhət verir. 1992-ci ilin qışında Sadıkovun yanına Leyla Yunus gəlmişdi. Gəlib birlikdə meşələri gəzirdilər, indi soruşuram, onlar nə gəzirdilər? Bu gün Leyla haqda deyilən ittihamlar hələ AXC hakimiyyətdən əvvəl də vardı. Həmin o qış günlərində, qarışıq zamanlarda nə üçün cəbhəyə gəlmişdi?”

Sabiq batalyon komandiri dedi ki, prezident İlham Əliyevin ölkəni bu bəladan qurtaracağına inanır: “Mən inanıram ki, Ali Baş Komandan çıxış yolu axtarır. Yeni nazir Zakir Həsənova və prezident İlham Əliyevə müvəffəqiyyətlər arzu edirəm. Allahın ona yardımçı olmasını istəyirəm ki, milləti erməni bəlasından qurtarsın”.

COMMENTS