Sahibkar imdad diləyir

Zaur Əliyev: “Təcili müdaxilə olmasa, iş yerini bağlayıb 20 nəfəri də işsiz qoymaq məcburiyyətindəyəm”

“Baş verən qanunsuzluqlar, üzləşdiyim haqsızlıqlar bir sahibkar kimi sizə üz tutaraq kömək istəməyimə səbəb olub. Möhtərəm cənab prezident, hörmətli nazir. Mənə bir sahibkar kimi Sabunçu Sənaye İstehsalat Birliyinin rəhbərliyi tərəfindən yaradılan maneələrin aradan qaldırılmasında yardım edin” – bu sözlər Zaur Əliyevin prezident İlham Əliyevə, iqtisadiyyat və sənaye naziri Şahin Əliyevə, surəti bir çox KİV-lərə göndərilən məktubdan götürülüb.

Ötən ilin payızında prezident İlham Əliyevin “sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır” deməsi geniş sahibkarlara qarşı qanunsuzluqları bir müddət səngitdi.

Sahibkar Zaur Əliyev üzləşdiyi çeşidli qanunsuzluqlardan şikayətçidir. Z.Əliyev məktubunda yazır ki,  2009-cu ildə Sabunçu Sənaye İstehsalat Birliyinin ərazisində yerləşən 50-yə yaxın sexlərdən birini icarə götürüb və xaricdən avadanlıqlar gətirdərək sexdə tullantıların təkrar emalı ilə məşğul olmağa başlayıb: “Sabunçu Sənaye İstehsalat Birliyinin rəhbəri Nazim Məmmədovla icarə müqaviləsi bağlamışam. Xaricdə qazandığım sərmayəni Azərbaycana gətirməklə burada 20-yə yaxın vətəndaşın işlə təmin etmişəm. Müxtəlif xarici ölkələrdən bahalı dəzgahları alıb ölkəyə gətirərək sexdə quraşdırmışam. Sexdə istehsal başlayandan sonra icarə müqaviləsində göstərilən məbləğdən 3 qat artıq məndən pul alırdılar. Guya bu pulla sexin dam örtüyünün təmirini, digər təmir işlərini həyata keçirəcəkdilər”.

Sahibkar dünya iqtisadiyyatında illər əvvəl başlanan böhranın istehsalçı kimi onun da maddi vəziyyətinə mənfi təsir göstərdiyini diqqətə çatdırır: “Bir müddət əvvəl sexin icarəsinə görə məndən alınan artıq pulları ödəməmək qərarı verdim. Üstəlik, icarəyə götürdüyüm sexin dam örtüyü bərbad vəziyyətdədir. İcarəyə verən hər il dam örtüyünün təmir edəcəyini vəd edir. Amma dam örtüyü təmir olunmur. Bunun əvəzində istehsal etdiyimiz malları sexin ərazisindən çıxarıb sifarişçilərə çatdırmağımıza da imkan verilmir. Bir sahibkar kimi min bir bəhanə ilə fəaliyyətimizi iflic ediblər”.

Sahibkar məktubunda iqtisadiyyat və sənaye nazirindən  digər qurumların əməkdaşlarının yaratdığı qanunsuzluqlarla bağlı onları dinləyərək tədbir görülməsini də xahiş edir: “İcarəverənin haqsızlığı bir sahibkar kimi mənə qarşı edilən qanunsuzluqlar dənizində son damladır, bezmişəm. İstehsalı dayandırmaq həddindəyəm. Təcili müdaxilə olmasa, qanunsuzluqlar, haqsızlıqlar aradan qalxmasa, iş yerini bağlayıb 20 nəfəri də işsiz qoymaq məcburiyyətindəyəm. Hara gedirəmsə, kimə müraciət edirəmsə,  pul qoparmağa hazır vəziyyətə gəlir. Mən prezidentə, hüquq-mühafizə orqanlarına üzləşdiyim qanunsuzluqlarla, haqsızlıqlarla bağlı dəfələrlə şikayət etmişəm. Lakin şikayətlərim ünvanına çatdırılmır. Sahibkar kimi fəaliyyətim iflic vəziyyətindədir. Böhranlı durumdan çıxmaq üçün mənə yaradılan süni maneələrin qarşısının alınmasını dönə-dönə xahiş edirəm”.

Dosye.org

COMMENTS