Samir Şərifovun adamı Sabirabadda meydan sulayır

1410425955_0001.jpg

Maliyyə Nazirliyinin yerlərdə fəaliyyət göstərən idarə və şöbələrində mövcud olan problemlər haqqında müxtəlif mətbuat vasitələrində tez-tez tənqidi materiallara rast gəlirik.

 

Vətəndaşlar fəaliyyətindən narazı qaldıqları maliyyə idarələrinin vəzifəli şəxslərinin özbaşına əməlləri barədə yuxarı orqanlara şikayət edərək onların yardımına ümid bağlayırlar. Nə yalan deyək, Maliyyə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər xoşagəlməz işlərə şərait yaradan kadrlarla bağlı ciddi tədbirlər həyata keçirir və vətəndaşların şikayətlərinə operativ reaksiya göstərirlər.

Bildiyimiz kimi, Maliyyə Nazirliyi ölkənin maliyyə siyasətini işləyib hazırlayır, dövlət maliyyəsinin idarə olunmasını təşkil edir, dövlət və icmal büdcələrin layihələrini hazırlayır və sair. Yerli maliyyə idarələri isə mövcud qanunlardan irəli gələn tələblər əsasında aid olduqları rayonların dövlət büdcəsindən maliyyələşən idarələri təftiş edirlər. Maliyyə idarələri həmçinin büdcədən maliyyə dəstəyi alan idarə və müəssisələrin fəaliyyətini hər üç ildən bir yoxlamalıdır. Lakin bəzi bölgələrimizdə qanunun tələblərinə düzgün şəkildə əməl edilmir. Daha dəqiq desək, bir sıra yerli maliyyə idarələrinin müdirləri vəzifələrinə laqeyd münasibət göstərərək qanun pozuntularına yol verirlər. Fəaliyyətində müxtəlif nöqsanların olduğu qurumlardan biri də Sabirabad rayon Maliyyə İdarəsidir. İdarəyə rəhbərlik edən Hüseynağa Gülüşovun şəxsi mənafeyini hər şeydən üstün tutması, o cümlədən büdcə hesabına maliyyələşən idarə və təşkilatların rəhbərlərini heç bir səbəb olmadan incitməsi haqda dəfələrlə məlumat vermişik. Buna baxmayaraq, idarə müdiri qanunsuz işlərindən əl çəkmir ki, çəkmir. Xatırladaq ki, ötən ilin may ayında Hüseynağa Gülüşovun evinə silahlı basqın edilmişdi. Belə ki, evə daxil olan bir neçə silahlı şəxs ondan pul tələb edib. Hüseynağa Gülüşov isə onlara 1500 manat verib. Silahlı şəxslər pulu aldıqdan sonra ev sahibinə bir neçə zərbə vurub və evi tərk ediblər. Yayılan məlumatlarda isə evdən aparılan pulun 1 milyon manatdan çox olduğu bildirilirdi. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, həmin vaxt idarə rəhbəri bir neçə nəfərin üstünə şər ataraq guya onların evə basqın təşkil etdiklərini bildirib. Hüseynağa Gülüşovun şərləməsindən sonra bir neçə nəfər həbs edilib. Mənbənin sözlərinə görə, həbs olunanlardan bəziləri artıq azadlığa buraxılıb. Əldə etdiyimiz məlumatdakı maraqlı məqamlardan biri də H.Gülüşovun səlahiyyətinə aid olmayan işlərə qol qoyması ilə bağlıdır: “Bir müddət əvvəl rayonun maliyyə idarəsinin rəhbəri ilə təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında böyük gərginlik yaranmışdı. Buna səbəb təhsil şöbəsinə pul ayrılmasının ləngiməsi idi. Hüseynağa Gülüşov təhsil şöbəsinə pul ayrılmasının ləngiməsinə səbəb kimi xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınmasını göstərmişdi. O hesab edir ki, Psixoloji Tibbi Komissiyadan keçən şagirdlərə qanunsuz olaraq epikriz açılıb. Bu isə ayrılan vəsaitin təhsil şöbəsi ilə tibbi komissiya tərəfindən mənimsənilməsinə yol açır. Bundan başqa, Hüseynağa Gülüşov kənd məktəblərinin işləmədiyini əsas gətirərək sinif komplektasiyasının standarta uyğun gəlmədiyini iddia etməklə əməkhaqlarını vermirdi. Kimlərinsə söhbətə müdaxilə etməsindən sonra gərginlik bir qədər səngidi. Bununla belə, Maliyyə İdarəsinin müdiri bu gün də qeyri-qanuni işlərini davam etdirir. Sabirabadda büdcə vəsaitlərinin xərclənməsinə nəzarət demək olar ki, yox dərəcəsindədir. İdarə müdiri büdcədən maliyyələşən yerli təşkilatların müəyyən hissəsinin fəaliyyətini yoxlamır. Bunun səbəbini onun özündən yaxşı heç kim bilmir. O dövlət məmuru olmasına baxmayaraq, biznes işləri ilə məşğul olur ki, bu da qanunların pozulması ilə nəticələnir”. Verilən məlumatda həmçinin Hüseynağa Gülüşovun Sabirabadda onlarla kommersiya obyektinin olduğu və onlardan ay ərzində külli miqdarda gəlir əldə etdiyi bildirilir: “Adıçəkilən məmurun rayonun girəcəyindəki “Yaşıl bağ” restoranı öz möhtəşəmliyi ilə göz oxşayır. Rayon ərazisində ikinci belə restoran yoxdur. Restoranın bu səviyyəyə gəlib çatması üçün bəlkə də milyonlarla pul xərclənib. Dövlət məmuru olan Hüseynağa Gülüşovun “Yaşıl bağ”ı hansı vəsait hesabına tikdirməsi isə sual doğuran məsələlərdəndir. Sabirabadın ən varlı şəxslərindən sayılan idarə müdiri çox hörmətli generallardan biri ilə yaxın münasibətdədir. Məhz bu əlaqədən istifadə edən Hüseynağa Gülüşov oğlunu vəzifəyə keçirmək istəyir. Uzun müddətdir rayonun maliyyə sistemini idarə edən məmurun maddi imkanları çox yüksək səviyyədədir. Bundan istifadə edən Hüseynağa müəllim qonşu rayonlarda da biznes yaradıb. Mənim bildiyimə görə, onun Şirvanda şadlıq sarayı var. Həmin şadlıq sarayını Hüseynağa Gülüşovun yaxın münasibətdə olduğu insanın qardaşı işlədir”. Bütün deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, sözügedən idarə rəhbəri tutduğu vəzifəyə ancaq qazanc mənbəyi kimi baxır. Bu isə yolverilməzdir. Odur ki, maliyyə naziri hörmətli Samir Şərifov işinin öhdəsindən layiqincə gəlməyi bacarmayan Hüseynağa Gülüşovu vəzifədən xaric etməlidir. Yalnız bundan sonra Sabirabadın maliyyə sistemində dirçəliş dövrü baş verə bilər.

COMMENTS