“Şanxay”ın söküləcəyi vaxt bəlli oldu

Bakının Keşlə qəsəbəsindəki “Şanxay” massivinin söküntüsü təxirə salınıb.

Yerli sakinlərin Axar.az-ın əməkdaşına verdiyi məlumata görə, bir müddət məhəllənin köçürülməsi gündəmdə olsa da, proses 2016-17-ci illərə saxlanıb.

“Şanxay” sakinlərinin sözlərinə görə, qarşıdan gələn Avropa Yay Oyunlarına görə bu istiqamətdə yeni söküntü bumu ertələnib. Hökumət rəsmiləri belə qərara gəliblər ki, xeyli zaman tələb edən bu söküntü işləri növbəti dövrə saxlansın.

Əməkdaşımıza bildirilib ki, bu qəsəbənin əhalisi şəraitindən qətiyyən razı deyil. Amma onlara veriləcək təzminat mənzil almağa da kifayət etməlidir. Tikililər isə qanunsuz elan olunduğuna görə kompensasiya məsələsi Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq.

Müxbirimizə deyilib ki, 2016-cı ildə iş başlansa belə, tez vaxtda yekunlaşmayacaq. Qəsəbənin hissə-hissə köçürülməsi nəzərdə tutulub. Bu da 2017-ci ilə qədər uzana bilər.

Dövlət Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə “Şanxay” ərazisindəki qeyri-qanuni tikililərlə bağlı Nəqliyyat Nazirliyinə məlumat verildiyini deyib. N.Əzməmmədov bildirib ki, “Şanxay” ərazisində 2840 qeyri-qanuni tikili siyahıya alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. “Şanxay” da mühafizə və sanitar zolağa düşən ərazidir. 1413828834

COMMENTS