Saşa Stamenkoviç: “Partizan”la oyunda problem olmayacaq”

“Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç ölkəsinin mətbuatına müsahibə verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli qolkiper Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Partizan”la oyun haqda danışıb.

– “Partizan”la oyun haqda nə deyərdin?

– “Partizan”ın cütün favoriti olmasına şübhəm yoxdur. Ancaq bizim də mərhələ keçmək şansımız var. Yenidən qrup mərhələsində oynamaq istəyirik. Bu baxımdan bizi maraqlı oyunlar gözləyir. “Partizan”a daha çox qol vurmalıyıq.

– “Neftçi”ni iki il öncəki komanda ilə necə müqayisə edərdin?

– Bu il “Partizan”a nisbətən mövsümə bir qədər zəif başladıq. Rəqib Serbiyada titul qazanmaq istəyir. Ancaq bizim də hədəfimiz mövsümü titulla başa vurmaqdır. Yaxşı oynamaqla qələbələr qazanmaq istəyirik.

– İki il öncə “Partizan”la Serbiyadakı oyunda rəqib futbolçularla aranızda insident yaşanmışdı. Yenə sənə qarşı hansısa təxribatın olacağını gözləyirsən?

– İki il öncə həddi aşmışdıq və bu səbəbdən gərginlik yaşanmışdı. Həmin vaxt oyundan sonra ara daha da qızışdı və xoşagəlməz ifadələr səslənmişdi. Ancaq bu dəfə Serbiyada hansısa problemin olacağını gözləmirəm. Başını aşağı salıb futbolunu oynamalısan. Güclü tərəf də qalib gələcək.

– “Partizan”ın baş məşqçisi Marko Nikoliç açıqlamasında sənin öz işini görməli, futbolçularının da sənə qol vurmalı olduğunu bildirib. Sən necə düşünürsən?

– Nikoliçin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm ki, onun komandası mərhələ keçmək üçün əlindən gələni edəcək. Mən də Belqrada getməyi və orada meydana çıxmağı səbirsizliklə gözləyirəm.

COMMENTS