Sergey Lavrov Bakıya gəlmədiyinə görə təəsüfləndi

Bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) məzunlarının II Ümumdünya Forumu keçirilir.

 

Forum Moskvada, institutun binasında bu nüfuzlu ali məktəbin 70 illiyinə bir gün qalmış işə başlayacaq.

Virtualaz.org saytı xəbər verir ki, ilk belə foruma Azərbaycan ev sahibliyi edib və MQİMO məzunlarının I forumu ötən il Bakıda keçirilib.

MQİMO-nun məzunları arasında hazırda dünyanın bir çox siyasi xadimləri və yüksək vəzifəli diplomatları yer alır. Azərbaycan prezidenti İlham Əliyev də bu nüfuzlu ali məktəbin məzunudur.

MQİMO-nu bitirən məşhurlardan biri də Rusiya xarici işlər naziri Sergey Lavrovdur. O, forum ərəfəsində “MGİMO Journal”a müsahibə verib.

S.Lavrov deyib ki, Bakıda keçirilən ilk forum MQİMO-çuların bir araya gəlməsi işində mühüm addım oldu, təkcə universitet baxımından deyil, insanlar və xalqlar arasında humanitar əlaqələrin və təmasların möhkəmləndirilməsinə xidmət etdi.

“Bu forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda prezident Vladimir Putin qeyd etdi ki, belə təşəbbüslər bizim ölkələrimiz arasındakı münasibətlər palitrasını insanlar arasında isti münasibətlər və şəxsi ünsiyyət sevinci qatır. Forum 32 ölkədən 600-a yaxın adamı toplamışdı. Onların arasında bir çox ölkələrin dövlət xadimləri, o cümlədən Qırğızıstanın, Moldovanın, Slovakiyanın xarici işlər nazirləri, beynəlxalq təşkilatların nümayəndələri, məsələn, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş, iri biznesin nümayəndələri yer alırdı. Tam səmimi təəsüflə deyirəm ki, sıx iş qrafiki mənə bu görüşdə iştirak etməyə imkan vermədi” – deyə Lavrov bildirib.

Rusiya xarici işlər naziri bildirib ki, o, MQİMO-nun divarları arasından çoxsaylı dövlət xadimlərinin, diplomatların, alimlərin, jurnalistlərin, biznesmenlərin çıxması ilə fəxr edir.

“Universitetin məzunları arasında Azərbaycan prezidenti İlham Əliyev, Moldovanın baş naziri Lyanke, YUNESKO-nun baş direktoru Bokova, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Slovakiyanın xarici işlər nazirləri yer alır” – Lavrov vurğulayıb.

COMMENTS