Şahnaz Kamal: “Azərbaycan qadının ürəyində sevgi yoxdur”

Sankt-Peterburqda yaşayan xanım yazar Şahnaz Kamalla müsahibəni təqdim edirik:

 

– Şahnaz xanım, siz yazar olmaqla yanaşı, həm də bir türkoloqsunuz. Mən istərdim ki, söhbətimizə türkologiya ilə bağlı sualla başlayaq. Türkoloq Şahnaz Kamal Altay nəzəriyyəsi barədə düşünür?

– Mən o nəzəriyyəni qəbul etmirəm. Altay nəzəriyyəsinə görə, türklər Orta Asiyadan gəlib, burda yaşayıblar. Bu barədə Firudin Cəlilovun Urmu nəzəriyyəsi, Bəxtiyar Tuncayın ciddi araşdırmaları var.

– Bəzən tarixi yazanda millətçilik edirlər. Bu da bəzi təhriflərə gətirib çıxarır. Sizcə, bu, nə dərəcədə doğrudur?

– Olmaz. Tarixin gözünün içinə dik baxmaq lazımdır.

– Türkoloji fəaliyyətiniz bədii yaradıcılığınıza da təsir edir. Son kitabınızda Orxon-Yenisey yazısından istifadə olunub. Reaksiya, kitabın satışı necə oldu?

– Satış barədə heç nə deyə bilmərəm. Çünki vaxt azlığından kitabın satışı ilə maraqlana bilməmişəm. Kitabların bir hissəsi də evdə durur, çünki kitab mağazalarına paylayacaq adamım olmadı. Bir neçə dost mənə yazdı ki, üz qabığını dəyiş, xoşumuza gəlmir. Ancaq mən məhz Göytürk yazısını qabartmaq üçün bu üsuldan istifadə etmişdim.

Mən Sankt-Peterburqda dörd-beş tələbə ilə birlikdə əski yazıları öyrənirdim. Kitabın üz qabığındakı qız da Güldar adlı başqırd qızıdır. Yəni real şəxsdir, şəkil də onun şəklidir. Bir gün o, bizim uyğur dili dərsimizə gəldi. Digər qızlar dedi ki, müəllim, Güldarın sizə bir sürprizi var. Gördük ki, qoluna uyğur dilində “Günahlarımı bağışla” yazdırıb. Bu, mənim diqqətimi cəlb elədi. Yaratdığım obraz da xaraktercə həmin Güldara çox uyğundur. O qızda millətpərəstlik yox idi, çox sərbəst qız idi. Ümumilikdə müsbət xarakterli bir insan deyildi. Hətta qrup yoldaşlarımız biləndə ki, mən onun şəklini verib, adına kitab yazmışam, dedilər ki, bu, onun üçün bir şərəf olmalıdır. Güldar sırf türk adıdır, əsas da o ad idi.

– “Güldar” sözünün mənası nədir bəs?

– Onu bilmirəm. Güldarın üz quruluşu da tipik türk üz cizgiləridir. Qolundakı yazını da məhz ona görə verdim ki, bizim müasir gənclərimiz, bəlkə, qollarına elə şey yazdıralar.

Hər yerə, heç olmasa, bir damcı türklük toxumu atmaq lazımdır. Lap tatuyla da olsa, türkçülüyü yaymaq lazımdır. Bizim zəngin mədəniyyətimiz var, bunu hərtərəfli yaymağa çalışmalıyıq.

Ötən il Dünya Türk Gənc Yazarlar Birliyinin konfransıydı. O konfrans çərçivəsində biz Sabir Rüstəmxanlıyla görüşdük. Konfransı çox bəyəndim, ordan gözəl təəssüratlarla ayrıldım. Sabir Rüstəmxanlıyla görüşdə Tursunay Türksoy adlı bir uyğur xanım qalxıb dedi ki, mən çox istərdim ki, yazarlar uyğur problemlərinə də nəzər yetirsinlər. O vaxta kimi başlıq “Başqırd qızı Güldar” idi, onda fikirləşdim ki, onu uyğur edək. Türkün tarixini bildiyimiz dövrdən məlum olub ki, türklər ömür boyu çinlilərin, rusların zülmünə məruz qalıb. Bunu burda göstərmək lazımdır.

– Ədəbi yaradıcılığınızdan danışaq. Yeni nə isə gözlənilir?

– Mənim bir ağrılı yerim var: Azərbaycan qadının problemi. Azərbaycanlı qadının vəziyyəti çox ağırdır. Bunun da birbaşa səbəbkarı Azərbaycan kişisi və onun yaratdığı mühitdir. Mən bunu əminliklə deyirəm. O mentalitet deyilən şeyi də yaradan Azərbaycan kişisidir.

Bir rus qadını ilə Azərbaycan qadınını müqayisə etsək, üstünlük rus qadınına veriləcək. Niyə? Çünki onlar sərbəstdir, öz sözlərini deyə bilirlər. Razıyam, amma Azərbaycan qadını nə savad, nə bacarıq, nə də xarakter baxımdan rus qadınından geri qalmır. Onu o vəziyyətə salan Azərbaycan kişisidir. Evdə qız uşağı doğulanda matəm olur, ikinci qız dünyaya gələndə başsağlığı verirlər, üçüncüdə artıq o qadına heç kim yaxın durmur.

Mənim belə bir hekayəm vardı, iki qadın mənə dedi ki, sanki məni yazmısan bu hekayəndə. Hansı ki, onlarla heç bir tanışlığım yoxuydu. Qız böyüyür, onun içində sevgi olmur. Ancaq ata qorxusu, qardaş qorxusu, əmioğlu qorxusu, xalasının baldızı oğlunun qorxusu. Yalnız qorxu! Ona görə də Azərbaycan qadınının içində sevgi yoxdur.

Bizim qızlar sərbəst böyüyə bilmir. Hər şey oğlan uşağına olar, qıza olmaz. Bu mühiti yaradan atadır. “Başın aşağı olsun, atan gözünü çıxarar, evdən bayıra çıxa bilməzsən”. Azərbaycan qızı doğulandan başının üstündə kişi şapalağı görür. Başını qaldıranda başından vururlar.

Bir az müasir olan ata qızına təhsil verir. Qızını alacaq kişinin imkanı olmasa, işləyib balasını dolandıra bilsin deyə. Mənim qızım gələcəkdir, gələcəyin tərbiyəçisidir.

Bizim insanlar qıza duz yükü kimi baxırlar, onu ərə verəndə sevindiklərindən ölürlər. Anadan olandan ona cehiz yığmağa başlayırlar.

Çox nadir ailələrdə kitab yığarlar ki, qızım məktəbə gedəcək. Qıza əşya kimi baxırlar. Bu şəkildə böyüyən qızla cəmiyyət necə azad ola bilər? Ər bütün imkanlarından istifadə edir ki, qadın başını yuxarı qaldıra bilməsin. Bizim kişilərin içində bir qorxu var. Birdən qadın tanınar, birdən məndən məşhur olar.

Evində oturub, yaza bilən yazıçılar var. Mən onu bacarmıram, bəlkə də, sonralar bacardım. Mənə gördüyüm, bildiyim, içində olduğum hadisələri yazmaq asan gəlir.

– Sizə yaradıcılıq uğurları arzu edirik.

– Çox sağ olun, minnətdaram.

COMMENTS