Şamaxı səhiyyəsi nəzarətdən yayınıb?

Dosye.org xəbər verir ki,  Şamaxı rayonunun səhiyyə sistemi bu gün bərbad haldadır.

 

Bunu xüsusi ilə mənbələr Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Elxan Məmmədovun fəaliyyətində yol verdiyi ciddi qanun pozuntularını diqqət mərkəzinə çəkirlər. Məlumatlarda bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymət satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Digər tərəfdən də xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixləri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Lakin bu da var ki, xəstələr üçün ayrılan dərman preparatları və ərzaq spekulyasiyalarında heç də bütün həkimlər iştirak etməyə razılıq vermirlər. Bu isə Mərkəzi Xəstəxananın baş həkimi Elxan Məmmədovun maxinasiya sxemlərində müəyyən uyğunsuzluqlara gətirib çıxarır. Belə ki, məhz mərkəzi xəstəxanada işləyən həkimlərin bəziləri dərmanların silinməsi üçün yazılan saxta sənədlərə imza atmaqdıqlarına görə, bu məqsədlər üçün kənd xəstəxanaları daha əlverişli olur. Nəticədə isə sənədlərə görə kənd xəstəxanalarının hər birində Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur və asandır. Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxta olaraq sənəddə hər gün guya 15-20 xəstə yatdığı göstərilir.

Həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ciddi kadr problemlərinin də olduğu məlumatlarda öz əksini tapır. Məlumdur ki, əgər həkim bir il müddətində öz ixtisası üzrə işləməzsə qanunvericiliyin tələbinə əsasən o, yenidən işə götürülən zaman mütləq ixtisas kurslarına getməlidir. Amma Şamaxıda elə həkimlər var ki, işə götürülərkən bu tələblər ona şamil edilmir. Məsələn, həkim var ki, il yarım rayonda olmur, geri qayıdan kimi xəstəxanaya işə çıxır. Bütün bunların müqabilində isə rayonda həqiqi xəstələrin vəziyyəti çox acınacaqlı haldadır. Daxil olan məlumatlarda göstərilir ki, Mərkəzi Xəstəxananın baş həkimi Elxan Məmmədovun başı ancaq dərman alverinə və digər işlərə qarışıb. Kənd xəstəxanaların vəziyyəti isə o qədər acınacaqlıdır ki, adam ora ayağını belə qoymaq istəmir. Rüşvətsiz isə xəstəxanının qapısını belə açmaq olmur. Məlumatlarda bildirilir ki, sakinlər dəfələrlə xəstəxanadakı biabırçılıqlarla bağlı rayon rəhbərliynə müraciət etsələr də, onların müraciətləri cavabsız qalıb. Bu səbəbdən də Şamaxı sakinləri artıq Səhiyyə Nazirliynə müraciət etməyə qərar veriblər. Sakinlərin Səhiyyə naziri cənab Oqtay Şirəliyevdən xahişləri isə budur ki, nazirlik tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədov barəsində təcili tədbirlər görülsün.

COMMENTS