Siyavuş Novruzov Milli Şuranı lidersiz adlandırdı

“Milli Şura mitinq keçirmir, bu, bir dərnəyin toplantısıdır. Sadəcə olaraq, xaricdən aldıqları maliyyə dəstəyi və tapşırıq hesabına piketvari bir şey keçirmək istəyirlər”.

 

Bunu Hafta.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın oktyabrın 12-nə təyin olunan mitinqinə münasibət bildirərkən deyib. Milli Məclis üzvünün sözlərinə görə, Milli Şuranın mitinqi üçün aidiyyəti qurumlar lazım olanı ediblər: “Onların elə bir tərəfdarı yoxdur ki, mitinq keçirsinlər. Qanunvericiliyə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti onlara müvafiq yer ayırıb, gedib keçirsinlər”.

Siyavuş Novruzov hazırda Milli Şurada siyasi lider və tərəfdar çoxluğunun çatışmadığını deyib: “Bu gün Milli Şurada əhalini kütləvi aksiyalara dəvət edib, onları arxasınca aparacaq siyasi lider yoxdur. İndi hər kəs yaxşı başa düşür ki, adlarını müxalifət qoymuş bu adamlar xarici donorların sifarişi ilə aksiya keçirirlər”.

Qeyd edək ki, Milli Şuranın mətbuat xidmətinin mediaya açıqlamasında şuranın sonuncu sessiyasında oktyabrın 12-i Məhsul stadionunda mitinq keçirməyə qərar verib. Dörd gün əvvəl isə Bakı Şəhər İcra Hakimiyyəti onların mitinq müraciətinə müsbət cavab verib.

COMMENTS