Şou əhli yeni mövsümə necə hazırlaşıb?

Şou əhli yeni mövsümə necə hazırlaşıb?

Kimisi yeni mahnı, kimisi, yeni klip, kimisi də yeni imiclə gəlir

 

Yeni mövsümün başlamasına ciddi cəhdlə hazırlaşanlar şou əhli də var. Onlar yeni mövsümdə də gündəmdə qalmaq, sənət dostlarından seçilmək üçün fərqli fotosesiyalar etdirib bir-birləri ilə rəqabətə girirlər. Mövsümün açılmasını gözləyən ifaçılarımız tamaşaçılarının görüşünə əli dolu gəliblər. Belə ki, yay aylarında ölkədə kifayət qədər tamaşaçı olmadığından telekanallara da maraq azalır. Bu mövsümü şou əhli üçün də gəlirli hesab etmək olmaz. Ona görə də istirahətdən gələn ifaçılarımız əvvəlki həyatlarına geri dönüb, yeni mahnılar üzərində çalışmağa başlayıblar.

Biz də istirahətdən dönən sənət əhlinə mövsümə hansı yeniliklərlə başlayacaqlarını və izləyicilərinə nələr təqdim edəcəklərini sual etdik. Aldığımız cavablar isə müxtəlif oldu.

Biz istirahət etməmişik…

Xalq artisti Səməd Səmədov “Kaspi”yə açıqlamasında Samir Vidanın ona iki mahnı yazdığını və həmin mahnıların radiolarda eşidildiyini qeyd etdi: “Bu iki mahnıya artıq klip də çəkdirmişəm. İkisi də efirlərdə təqdim olunur. Müğənnini məşhur edən, dəbə salan mahnıdır. İldə bir dəfə də olsa hit olan mahnım efirlərdə səslənir. Belə ki, “Nazlı-nazlı yarım”, “Gözlər”, “Arım, balım, pətəyim”, “Sənə qurban” kimi mahnılarım ötən mövsümün hiti oldu desəm heç də yanılmaram. Baxmayaraq ki, yay mövsümüdür, mən həm istirahət edir, həm də asta-asta işləyirdim. Sentyabrın axırı, oktyabrın ortalarında “Qismət” qrupum ilə yeni albom hazırlamağı düşünürəm. Müğənni, aktyor nəsli elədir ki, onlar tənbəllik etdisə, o zaman çırağı söndü demək. Zəif olsan, səni tapdalayıb keçərlər. Bu səbəbdən çalışıram ki, bu sənətdə zəif olmayım, ona görə də daim öz üzərimdə işləyirəm. Bu mövsüm konsert verməyi düşünmürəm. Cavanlıqda konsert vermədim, indi isə konsert verməyə halım qalmayıb. Ona görə də yalnız toylara gedirəm, mahnılar yazdırıram, qazancımı bu cür əldə edirəm”.

Aybəniz Haşımova film üzərində işləyir

Əməkdar artist Aybəniz Haşımova mövsüm üçün yeni mahnı yazdırdığını və demək olar ki, istirahət edə bilmədiyini bildirdi: “Yazdırdığım yeni mahnının musiqisi Konservatoriyanın dosenti Naibə Şahməmmədovanın, sözləri İlham Abdıyevindir”. Əməkdar artist yayda demək olar ki, dincəlməyib. O, Xocalı faciəsi ilə bağlı film çəkib: “Film Xocalı fəryadı ilə bağlıdır. Filmdə xocalının dünənini və bu gününü işıqlandırmışam. Filmin montaj işləri artıq bitmək üzrədir. Oktyabrın əvvəlində filmin təqdimatı olacaq. Təqdimatı ona görə yubadıram ki, Tehrandan Möminə Turabi adlı rəssam dəvət etmişəm. Sentyabrın sonu-oktyabrın əvvəli həmin rəssam Bakıda olacaq. Təqdimatdan əldə olunan gəlir Azərbaycanda bir əlil uşağa bağışlanacaq. Həmin pul uşağın müalicəsinə sərf olunacaq”.
Başının filmə qarışdığını söyləyən A.Haşımova mövsüm ərzində hər şeyin ola biləcəyini də söyləyir: “Ola bilər ki, mövsüm ərzində qəfil konsert verim. Mənə nə var ki, bir də gördün bir həftədən sonra konsert verdim. Səsim hər zaman qaydasındadır, ona görə də heç vaxt konsertlə bağlı problemim olmayıb”.
Xalq artisti Flora Kərimova bizimlə söhbətində hazırda heç bir mahnı yazdırmadığını, evində istirahət etdiyini söylədi. İfaçının sözlərinə görə yay mövsümündə yalnız səhhətinə qulluq edib. Hazırda da yeni mövsüm ilə bağlı heç bir layihə həyata keçirmir.

Yeni mövsümdə yeni layihələrlə

Opera ifaçısı, xanəndə Vüsalə Musayeva bizimlə söhbətində yeni mövsüm üçün layihələrinin bolluğundan bəhs etdi. Xanəndə yeni mövsümdə işıq üzü görəcək albomundan danışdı. Təkcə albomla kifayətlənməyən Vüsalə noyabrda konsert proqramı ilə izləyicilərinin qarşına çıxmağı planlaşdırır: “Yeni mövsümdə
Filippinin məşhur opera ifaçısı Lea Salongaya Azərbaycan mahnısını öyrədəcəm. 2012-ci ildə “San Francisco World Music Festival”ın əsas siması kimi tətəf müqabilim İlkin Əhmədovla “Leyli və Məcnun” tamaşasında çıxış etdik. Bir müddət əvvəlsə həmin festivalın təşkilatçıları mənə ustad dərsi keçməyi təklif etdilər. Qürurverici haldır ki, məşhur bir sənətçiyə Fikrət Əmirovun “Göy göl” mahnısını öyrədəcəm. Dərslər sentyabrdan başlayacaq və skayp vasitəsilə olacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm. “San Francisco World Music Festival”ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və mənimlə bağlı çəkilişlər aparacaq. L.Salonganın azərbaycanlı müəllimi haqqında xarici KİV-də məlumatlar yayımlanacaq”.
Opera solisti teatrda çalışdığını və onun həyatında teatrın böyük önəm daşıdığını qeyd etdi: “Mən operanın solistiyəm, ilk olaraq teatrda yeni bir tamaşam olmalıdır. Moskvadan qayıdandan sonra Leyli və digər obrazlarımdan fərqli bir qəhrəman obraz canlandıracağam. Zərif obrazları canlandırdıqdan sonra qəhrəman obrazı canlandırmaq haradasa vaxt tələb edir. Obrazlar arasındakı mizanlar da çox ağırdır. Biri var zəif xanımı canlandırasan, bir də var ki, qəhrəman bir qadını oynayasan. Hesab edirəm ki, konsertdən sonra yeni premyera ilə tamaşaçıların qarşısına çıxacam”.

Leyla Ramazanlı yeni kliplə gəlir

Gənc ifaçı Leyla Ramazanlı mövsümə yeni kliplə gələcəyini bildirdi: “Yeni mövsümdə imicimdə dəyişiklik etdim – saçlarımı boyadım. Ümumiyyətlə, saçımın rəngini tez-tez dəyişməyi sevirəm. O zaman üzərimdə dəyişiklik hiss olunur. Mövsümün açılışı ilə əlaqədar dinləyicilərə “Yuxular” adlı yeni mahnı hazırlamışam. Mahnının musiqisi İsmayılın, sözləri Alim Əsədovundur. Gənc müğənni Pərviz Qasımovla bu mahnını duet oxuyacağam. Yeni mövsüm üçün yaxşı mahnılar, gözəl kliplər və fotosesiyalarımla tamaşaçıları təəccübləndirməyə çalışacam. Yaradıcılığımda tez-tez yenilik etməyi sevirəm. Qoy bu yeni mövsümdə izləyicilərim məndən yeniliklər gözləsinlər. Çünki mən onlar üçün çalışıram”.
Gənc müğənni Leyla Babayeva da mövsümə ciddi cəhdlə hazırlaşır. Belə ki, ifaçı yeni mövsümdə klip çəkdirəcəyini və yeni fotosesiyalarının olacağını söyləyir. Onun sözlərinə görə, yaxın zamanda iki ifaçı ilə dueti olacaq. Hazırda müğənni mahnı axtarışındadır və seçim qarşısında qalıb. İfaçı bizimlə söhbətində tənbəl olduğunu və bunun üçün də bir müddət yaradıcılığına ara verdiyini söylədi. Buna görə də o, bizim vasitəmizlə tamaşaçılarından üzr istədi.

Şölə Səfərəliyeva repertuarında dəyişiklik edəcək

Caz ifaçısı kimi tanıdığımız Şölə Səfərəliyeva isə bu mövsüm repertuarında dəyişiklik edəcəyini və ritmik üslubda mahnılar səsləndirəcəyini söylədi: “Gövhər Həsənzadənin “Bu cür sevdim” adlı ritmik mahnısını oxudum. Ola bilsin ki, ay ərzində bu mahnıya klip çəkdirdik. Gövhər Həsənzadə ilə növbəti mahnımız olacaq ki, onun aranjemanını Yaşar Baxış edəcək. Hazırda həmin mahnının səsyazma işləri gedir. Payızın sonlarına yaxın mahnı tam olaraq hazır olacaq. Bu da ritmik mahnıdır. “Bay prodakşın”la orta templi bir mahnı üzərində də çalışırıq ki, ona da bir klip çəkdirməyi nəzərdə tuturuq. Yeni mövsümdə duetim də gözlənilir. Bu mövsüm tam fərqli bir şəkildə tamaşaçıların görüşünə gələcəm”.
Şölə Səfərəliyeva hazırda yeni albom üzərində çalışdığını, həmin alboma yeni mahnılarını da əlavə etməyə çalışacağını deyir: “Bu ilin sonuna çalışacağam ki, yeni albomumu dinləyicilərimə hədiyyə edim”.

COMMENTS