Stadiona görə döyülən vətəndaş: “Bizi prezidentdən gizlətdilər”

“Sabunçulu Robinzon”: “İcra başçısı qışqırdı ki, nə “qanunbazlıq” salmısan” ; “Şöbədə olarkən mənə dedilər ki, sən kuklasan, səni idarə edirlər”

 

“Üstümüzə 10-15 polis düşdü. Bizi zorla maşına basıb polis şöbəsinə apardılar. Prezident olimpiya stadionun tikintisi ilə maraqlanmağa gəlmişdi. Qorxurdular ki, çıxıb hay-qışqırıq salarıq. Amma qətiyyən elə bir niyyətimiz yox idi. İcra başçısı göstəriş verdi, polislər də bizi evimizdən çölə atdılar”. Bu sözlərin müəllifi evinin sökülməsinə görə ədalətli kompensasiya tələb edən Ələkbər Hüseynovdur.

İyulun 24-də prezident İlham Əliyev Avropa Yay Olimpiya oyunlarının keçiriləcəyi stadionda aparılan tikinti işləri ilə maraqlanmaq üçün ərazidə olarkən Hüseynovlar ailəsi polis zorakılığına məruz qalıb. Dirəniş göstərən Ələkbər Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir gün öncəsindən evini dəmir hasara alıblar ki, prezident yoldan keçərkən onların evlərini görməsin.

“Bizi dəmir qəfəsə saldılar”

Ə.Hüseynov deyir ki, iyulun 24-ü səhər saat 5-ə kimi Sabunçu Rayon İcra hakimiyyətinin işçiləri yaşadığı evi dəmir hasara alıb: “Səs-küydən yata bilmədik. Çıxdım ki, bəs nə olub? Biz neyləmişik ki? Əvvəl dedilər ki, ərazinin yaxşı görünməsi üçün hasar çəkirlər. Daha sonra öyrəndim ki, evimi prezident gələcək deyə gizlətməyə çalışırlar. Səhər tezdən qapını açanda gördüm ki, 15-ə yaxın polis qapımın ağzını kəsdirib. Mənə dedilər ki, burda dövlət tədbiri olacaq, prezident gələcək. Polislər mənə dedilər ki, xahiş edirik çölə çıxmayın, səs-küy salmayın, tədbiri yola verək. Mən də onlarla razılaşdım. Çay təklif elədim, hətta dedim ki, narahat olmayın, çölə çıxmayacağıq. Az sonra qapı yenidən döyüldü. Bu dəfə gələn Sabunçunun icra başçısı Adil Vəliyev idi. Onu içəri dəvət etdim. Mənlə elə söhbət elədi ki, guya mənim neçə aydır burda qaldığımı bilmir. Göstəriş verdi ki, bunları atın bayıra, yox eləyin, heç kim görməsin. Polislərdən biri dedi ki, sakit oturublar, lazım gəlsə 5-6 polis də qoyarıq qalar bunlarla. Adil Vəliyev razılaşmadı, olduqca ağır və əsəbi tonda göstəriş verdi ki, bizi burdan aparsınlar”.

“Polislər mənə xəsarət yetirdilər”

Ə.Hüseynov deyir ki, polislər onları evdən çölə çıxararkən bir müddət əvvəl evi sökülən qonşuları Güləndam Hüseynova da onlarla olu və o da polis zorakılığına məruz qalıb: “İcra başçısının göstərişindən sonra polislər evimə doluşdu. Başladılar bizi zorla çölə çıxarmağa. Sakitcə dedim ki, bura mənim evimdir, mülkümdür. Sizin mənim evimə basqın etməyinizə və məni zorla harasa aparmağınıza qanun icazə vermir. İcra başçısı “nə qanunbazlıq salmısan” deyə qışqıraraq, polislərə yenə də göstəriş verdi. Polislər mənim qolumu burub maşına mindirdi. Bu zaman alın və göz nahiyəmdən xəsarət aldım. Məni sürüyə-sürüyə aparırdılar. Telefonu aldılar ki, kiməsə xəbər verməyək. Polis rəisinin göstərişi ilə mənə yenidən fiziki təzyiq göstərdilər. Məni 13-cü polis bölməsinə, yoldaşımı, uşaqları və qonşumu da icra nümayəndəliyinə apardılar”.

” Dedilər, səni Müsavat Partiyası idarə edir”

Ə.Hüseynov bildirdilər ki, polis bölməsində onu təhqir edərək, zorakılıq göstəriblər: “Şöbədə olarkən mənə dedilər ki, sən kuklasan, səni idarə edirlər. Sonra başladılar məni nalayiq sözlərlə təhqir etməyə. Bildim ki, cavab qaytarsam, onlar bundan istifadə edəcək. Səbirlə danışaraq dedim ki, məni təhqir etməyin. Mən haqqımı tələb edirəm. Dedilər, səni Müsavat Partiyası idarə edir. Dedim, baxın geyindiyim köynəyə, üstündə “İlhamla İrəli” yazılıb. Mən prezidentimə səs vermişəm. Başladılar ki, bu sözləri özünüzə saxlayın, boş-boş sözlərdir. Boynuma zorla qoymaq istədilər ki, guya mən polisə əl qaldırmışam. Üzümün qanımı, gözümü göstərib dedim ki, baxın, mən yox, sizin işçiniz mənə zor tətbiq edib. Mən şöbədə olarkən polislərə bildirdim ki, söküntü-tikinti işləri insanların sosial rifahının yüksəldilməsinə xidmət etməlidir. Prezidentin özü də bunu dəfələrlə deyib. Hətta Abid Şərifov sonuncu dəfə də bildirdi ki, 10 ilin, 40 ilin evini sənədsiz deyə qeydə almaq biabırçılıqdır. Mənim adımdan ifadə yazıb məcbur etdilər ki, ifadəni imzalayım. Daha sonra özüm ifadəmi yazdım amma, bununla da razılaşmadılar. Məni tezbazar məhkəməyə apardılar. Məhkəmədə hakimə də olan bitəni dedim. Ac-susuz neçə saat gözlədim. Baş hakimə də hadisəni olduğu kimi danışdım. Məhkəmə mənim barəmdə xəbərdarlıq qərarı verdi. Polislər məni gətirib evimə qoydular. Prezidentin tədbiri bitmişdi. 2-3 saat sonra da, dəmir hasarları sökdülər”.

Xatırladaq ki, Hüseynovlar ailəsi evlərinin sökülməsinin müqabilində onlara verilən kompensasiyanın məbləği ilə razılaşmır. “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektindəki 12 saylı evdə (rəsmi ünvanları isə belədir: Böyükşor qəsəbəsi, 12) yaşayan Hüseynovlar ailəsi stadionun tikintisi ilə bağlı bütün qonşularının köçməsinə rəğmən heç yerə getməyəcəklərini deyirlər. Onlar bir ildən çoxdur ki, qaz, işıq və susuz qalıblar və ədalətli kompensasiya üçün Sabunçu RİH-lə mübahisə və mübarizədədirlər.

 

COMMENTS