“Sübut etdik ki…” – Maksim Medvedyev

“Florentin Poqba, Bayal Sall kimi adlı-sanlı futbolçuların çıxış etdiyi komandaya qarşı oynadıq. Ancaq özünüz də hiss etdiniz ki, bizdə qorxu hissi yox idi”.

 

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyev Avropa Liqasının qrup mərhələsində “Sent Etyen”lə qarşılaşdıqları oyundan (0:0) sonra deyib.

Millimizin üzvü qələbə qazanmaq üçün yaxşı şanslarının olduğunu və bunu bacarmadıqları üçün təəssüfləndiyini bildirib: “Son nöqtəni qoya bilmədik. Bir neçə əlverişli qol imkanımız oldu. Xüsusilə də Reynaldo əlinə düşən fürsətdən yararlanmalı idi. Həmin epizodda hamımız düşündük ki, top qapıdan keçdi. Demək olar ki, oyunumuzda təkcə qol çatışmırdı. Çox təəssüflənirəm ki, belə oyundan qələbə ilə ayrılmadıq. Fikrimcə, biz iki xal itirdik. Çünki rəqibdən üstün oynayırdıq. Ancaq bu o demək deyil ki, “Sent Etyen” zəifdir. Bu gün rəqibimizi yaxşı tanıdıq. Həm də öz səhvlərimizi gördük. Ona görə də Fransada “Sent Etyen”ə qarşı bir qədər də yaxşı oynayacağıq. Səfər oyununda daha çox hücum edəcəyik. Artıq bilirik ki, “Sent Etyen” qorxulu rəqib deyil. Onlarla oyunda özümüzə inam bir qədər də artdı”.

Medvedyev nəticədən razı qaldıqlarını da qeyd edib: “Əsas odur ki, azarkeşlərimiz önündə uduzmadıq. Qrup mərhələsində bir xal qazanmaq da uğur sayılır. Çoxları düşünə bilərdi ki, “Sent Etyen”lə bacarmarıq. Ancaq sübut etdik ki, hər bir rəqibə qarşı oynaya bilərik”.

COMMENTS