Şuşa teatrının direktoru: “Əhdimə xilaf çıxdım”

Şuşa teatrının direktoru: “Əhdimə xilaf çıxdım”

“Şuşaya qayıdanda ilk həmin tamaşanı oynayacağıq”
Onunla hər zaman məcburi köçkün teatrının direktoru kimi danışırdıq.Hər söhbətimizdə bizimlə vətən həsrəti, Qarabağ dərdi, Şuşadakı xatirələrini bölüşürdü. Bu dəfə isə özünü xoşbəxt hesab etdiyini deyirdi. Çünki o artıq qaçqın teatrının rəhbəri deyildi.
qonağı Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artisi Yadigar Muradovdur.
– 28 ildən sonra Şuşa işğaldan azad olundu. Qayıdışa hazırsınızmı?
– Əlbəttə, artıq özümüzü o ab-havaya kökləmişik. Teatrımızın  repertuarını müəyyənləşdirir, orada görəcəyimiz işləri götür-qoy edirik.  Biz bu günü çoxdandır gözləyirdik.
– Yəqin ki, Şuşa Teatrının binasının erməni vandalları tərəfindən dağıdılmasından da xəbərdarsınız.
– Şuşadakı teatr binamızı söküb, yerinə park salıblar.  Ancaq biz bu barədə də düşünmüşük. Belə ki, Şuşaya getdikdə müvəqqəti olaraq mənim evimdə məskunlaşacağıq. Mənim Şuşadakı evim böyükdür. Hətta orda məşq etməyə də şərait   var. Ermənilər mənim Şuşadakı evimə toxunmayılar. İndidən düşünürəm ki, teatrımızın binası tikilənə qədər evimin ikinci mərtəbəsini teatrın idarə heyəti, birinci mərtəbədə də evi olmayan aktyolarımızın müvəqqəti məskunlaşması üçün şərait yaradacam.
28 ildə  Şuşadakı evimin birinci mərtəbəsində keşiş yaşayıb, ikinci mərtəbəsini hərbi komissarlıq ediblər.   Yəni kiçik təmirlə orada yaşamaq mümkün olacaq. Şuşa Teatrı hazır olduqdan sonra fəaliyyətimizi orda davam etdirəcəyik.
– Nəhayət ki, 28 illik həsrət bitdi. Qələbə xəbərini necə qarşıladınız?
 – Noyabrın 8-də o xəbəri eşitdikdə  sevicdən ağladım, oynadım, qışqırdım, oxudum. Həmin gün telefonum susmurdu. Zəng edib, məni təbrik edirdilər. Məndən nə hiss etdiyimi soruşanlara Əlibaba müəllimin mahnsını zümzümə edirdim: “Bu gün elə xoşbəxtəm ki, sanki qanadlı quşam. Elə bil ki, anadan  indicə doğulmuşam”.
Bundan gözəl gün ola bilərmi? Necə sevinəməmək olar? Hansı ki, 28 il 6 aydır səbr edir, bu günü gözləyirik.
 – Şuşa xatirinizdə necə qalıb?
– Şuşa xatirəmdə dağların qoynunda, qayaların üstündə yerləşən bir şəhər kimi qalıb.  Şuşanı tərk edərkən necə görmüşdümsə elə də xatırlayıram.
 – Əksər  rejissorlarımızın arzusu Şuşada tamaşa hazırlamaqdır. Çoxu isə sizə bu istəyini bildirdiyini qeyd edir. Bu fikrə necə yanaşırsınız?  
 – Bu rejissorların içindən gələn arzudur. Mən buna necə etiraz edə bilərəm.  Demək o insanın ürəyi Şuşa Teatrı ilə döyünür. Mənim də vəzifəm onların arzularına çatması üçün şərait yaratmaqdır. Teatrımız üçün kim nəyi bacarırsa  öz töhfəsini vermək istəyir.   Bu çox normal haldır.
– Şuşa Teatrının kollektivində hər kəs  fəaliyyətini Şuşada davam etdirməyə razıdırmı?
– Teatrımızda Şuşalı olmayan  aktyor və aktrisalar var. Onları işə qəbul edəndə ənənəvi sualımızla müraciət edərək soruşmuşdum ki, “Şuşa işğaldan azad olunandan sonra bizimlə  Şuşaya gedəcəksinizmi?”. Təbii ki, işləmək istəyən hər kəs vəziyyətə uyğun “hə” deyir. Onların arasında  işə qəbul olmaq üçün könülsüz “hə” deyənlər də var. Şuşaya gedəndə bir daha onlara müraciət edəcəm.  Hər zaman bir şüarım olub “Harda doğulub boya-başa  çatmasından asılı olmayaraq teatrımızın hər bir işçisini Şuşalı hesab edirəm”. Mən hamının əvəzindən deyə bilmərəm ki, kollektivimizin hər bir üzvü bizimlə birlikdə gələcək.
Torpaqlarımız işğal olunanda kollektivimizin yalnız 80 faizi bizimlə birlikdə çalışdı. Hesab edirəm ki, dünyada  əvəzolunmaz adam yoxdur,  udunulmaz adam var. Şuşaya qayıtdıqdan sonra da bir gün məni kimsə əvəz edəcək.
– Bu illər ərzində Şuşa ilə bağlı əhdiniz olubmu? İlk dəfə torpağınıza ayaq basanda nə edəcəksiniz?
 – Açığı bir əhdim var idi. İndi o əhdimə xilaf çıxdım. Əhd etmişdim ki, Şuşadakı evimizə çatmağa 100 metr qalmış,  üzümü Şuşanın qala divarlarına sürtüb, o torpaqdan bir az yeyib Üzeyir Hacıbəylinin “Sənsiz” romansını  ifa edəcəm.   Elə orada da canımı tapşıracam.    Şuşada ölməyi arzu edirdim. İndi Şuşa işğaldan azad olunub, mən də əhdimə xilaf çıxaraq, yaşamaq istəyirəm. Məndəki tamaha baxın(gülürük). İndi hər gecə dua edirəm ki, 28 il 6 ay məcburi köçkün kimi yaşadığımız ili ömrümüzdən saymasın.  O illərin acısını çıxarmaq üçün 28 ili bizə yenidən qaytarsın.
– Şuşadakı musiqi festivallarını xatırlayırsınızmı?
 – O günləri unutmaqmı olar? Bilirsiniz ki, Şuşa mədəniyyətin beşiyidir. Azərbaycanın tanınmış sənət nümayəndələri Şuşada doğulub. Biz mütəmadi olaraq  həmin sənətkarların yaradıcılıq gecələrini keçirir, onlara həsr olunmuş festiavllara ev sahibliyi edirdik. Poeziya günlərimiz, mahnı festivallarımız, yaradıcılıq gecələrimizi keçirirdik. Hər il mütəmadi olaraq “Xarı Bülbül” festivalı edirdik. O günlərə  yenidən dönmək istəyirəm.   Yəqin ki, ondan da gözəl tədbirlər, festivallar keçirəcəyik. Təki Allah ömür versin. Qayıdışımıza az qalıb. Şuşada minimum yaşayış şəraiti olan kimi  gedəcəyəm.
– Şuşa Teatrının qayıdışı hansı tamaşa ilə olacaq?
 – Məlum hadisələrdən sonra teatrımızın bərpası 1993-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Arşın Mal Alan” tamaşası ilə oldu. O gün teatrımız paytaxtda məcbur  köçkün olaraq fəaliyyətinə başlamışdı. Həmin gün dedim ki, biz Şuşaya qaydanda ilk tamaşamız da məhz elə “Arşın mal alan”-la olacaq. Onda Üzeyir Hacıbəyovun ruhu da  şad olacaq.  Bu Şuşa Teatrında  hazırladığımız sonuncu tamaşa oldu. Düşmən hücumuna məruz qaldıq  və biz o tamaşanı oynaya bilmədik. Bu tamaşanı Şuşa Teatrının səhnəsində hazırlasaq da amma oynamaq qismət olmadı. Şuşaya qayıdanda ilk həmin tamaşanı oynayacağıq.

COMMENTS