Təhsil Nazirliyi hərbi hazırlıq müəllimlərini attestasiyadan keçirəcək

“Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Eləcə də ehtiyatda olan zabitlərin bu fənnin tədrisinə cəlb olunması məsələsi müzakirə edilir”.

 

Bunu Modern.az saytının sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən verilən məlumatda o da bildirilib ki, sözügedən fənni tədris etmək üçün geniş tədbirlər həyata keçirilir:

“Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin təkmilləşdirilməsi, şagirdlərə hərbi-vətənpərvərlik hisslərinin aşılanması, hərbi-idman oyunlarının kütləviliyinin artırılması üçün geniş tədbirlər həyata keçirir”.
Nazirlikdən verilən cavabda həmçinin gənclərin hərbi hissələrə səfərinin təşkil olunduğu da qeyd edilib:
“Məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək üçün onların hərbi hissələrə səfərləri təşkil edilir. Hərbi hissələrdə müasir silahlar və hərbi texnikalar, onların istifadə qaydaları barədə məktəblilərə məlumat verilir, əsgər və zabitlərin müxtəlif hava şəraiti üçün nəzərdə tutulmuş xüsusi geyimləri nümayiş etdirilir. Həmçinin, əsgərlərin andiçmə mərasimləri, xüsusi təyinatlıların nümunəvi çıxışları və şəxsi heyətlə birgə nahar süfrəsi məktəblilər tərəfindən böyük maraqla qarşılanır”.
Bu il də yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili, şagirdlərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi layihə əsasında Quba rayonunda “Şahinlər” hərbi vətənpərvərlik düşərgəsi təşkil edilib. 2014-cü ildə də bütün bu tədbirlər davam etdiriləcək:

“Artıq 9-cu ildir ki, davam edən bu lahiyə çərçivəsində məktəblilərə xüsusi təyinatlı dəstənin üzvləri tərəfindən hərbi dərslər keçirilir, şagirdlər hərbiçilərlə görüşür, əsgər həyatı ilə tanış olur, sıra təlimini öyrənir, ilkin hərbi vərdişlərə yiyələnir və hərbi hissələrə səfərlər edirlər. Bütün rayon və şəhərlərində fəaliyyət göstərən əsas və orta ümumi təhsil məktəblərinin şagirdləri arasında ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm respublika oyunları keçirilir. Həmçinin, “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc xilasedici” beynəlxalq turniri, “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda yaradıcılıq müsabiqəsi gələcəyimiz olan gənclərin fövqəladə hallara hər cəhətdən hazırlıqlı olmasına xidmət edir”.

Nazirlik bildirib ki, yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə bir tədbir bu ay Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.

Qeyd edək ki, ümumi təhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə hərbi xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Həmçinin, gənclərin çağırışaqədərki hazırlığının müasir tələblər səviyyəsində təşkili, gənclərin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin keçirilməsinə hərtərəfli dəstək verilir.

COMMENTS