Təhsil Nazirliyinə şikayət artır

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə (“Qaynar xətt” xidməti, telefon: 146) Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Dosye.az-ın məlumatına görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8761 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6756 vətəndaşa xidmət göstərilib.

 

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (onlar əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və qaldırılan məsələlər operativ həll olunub. 1167 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1683 sənəd (782 məktub, 754 ərizə, 147 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.

COMMENTS