Təhsil Nazirliyinin rəsmi saytında inanılmaz səhvlər

Bu mətnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında olduğuna inanmaq çətindir

 

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, 20 iyul 2014-cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılıb.
I sinfə qəbul həmin il sentyabrın 16 – dan dekabrın 31 – dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Elektron ərizə qəbulu üçün vətəndaşlar www.bakuedu.az saytında yerləşdirilən ərizə formasını doldurmaqla öz uşaqlarını qeydiyyatdan keçirə bilirlər.
Qeyd edək ki, ərizələrin elektron qəbulu vətəndaşlara rahatlıq yaradır. Ən azından, yayın ən isti vaxtında idarəyə gedərək növbəyə dayanmaqdan azad olurlar. Bütün bunlar təqdirəlayidir. Amma…
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edən valideynlərdən biri bizimyol.info saytına sözügedən şəkli göndərib. Valideyn bildirir ki, elektron ərizəyə əsasən, müsabiqənin tarixi müəyyənləşdirilərək ona göndərilib. Lakin həmin tarixdə valideyn Bakı şəhərində ola bilməyəcəyi üçün yenidən elektron ərizə ilə müraciət edib. Bu zaman isə ona belə bir cavab verilib. 2 cümlədən ibarət cavabda o qədər qrammatik və orfoqrafik səhv var ki, bu mətnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında olduğuna inanmaq çətindir. Belə mətnlərə daha çox küçə elanlarında, yaxud yeniyetmələrin facebook-da yazdığı status və şərhlərdə rast gəlmək olur.
İnanmaq istəyirik ki, BŞTİ bundan sonra saytda olan materialların və göndərdiyi avtomatik elektron cavabların daha düzgün tərtib olunmasına diqqət yetirəcək və savadlı yazmaq baxımından digərlərinə nümunə olacaq. Yeri gəlmişkən, valideynin rastlaşdığı problem də həllini tapıb. BŞTİ-dən bildiriblər ki, elektron ərizə vermiş şəxs təyin olunmuş vaxtda müsabiqəyə gələ bilmədiyi halda, onun ərizəsi bazadan silinir. Bundan sonra o, yenidən elektron ərizə verir və müsabiqə başqa bir vaxta təyin olunur.

COMMENTS