Tanınmış adamlar mərhum vəkil Elton Quliyevi necə xatırlayır – FOTO

Tanınmış adamlar mərhum vəkil Elton Quliyevi necə xatırlayır – FOTO

Bu gün ölkəmizin tanınmış hüquqşünası, vəkil Elton Quliyev 60 yaşında uzun sürən ağır xəstəlikdən vəfat edib. Mərhumla vidalaşma mərasimi Təzəpir məscidində keçirilib. Elton Quliyevin çoxsaylı dostları, ölkənin tanınmış ictimai-siyasi xadimləri onun hüzr mərasimində iştirak ediblər.

Mərhum vəkilin oğlu Rasim Quliyev musavat.com-a bildirib ki, atası səhər saat 3-4 radələrində dünyasını dəyişib:

“Son zamanlar vəziyyəti daha da ağırlaşmışdı. Bu gün səhər saat 3-4 rədələrində dünyasını dəyişdi”.

Mərhumla vidalaşmaq üçün səhər saat 9-10 radələrində artıq müxtəlif ictimai şəxslər Təzəpir məscidinin qarşısına toplanırdılar. Onlardan bəziləri ilə söhbət edərək, E.Quliyev haqqında xatirələrini aldıq.

Xalq hərəkatının liderlərindən biri olan Hikmət Hacızadə bildirdi ki,  bu gün hamımız üçün ağır gündür: “Elton müəllim dəyərli insan, gözəl vətəndaş, ömrünün böyük bir hissəsini xalqa həsr etmiş şəxs idi. Onun vəfatı hər birimiz üçün itkidir. Allahdan ona rəhmət diləyirəm”.

Sabiq müdafiə naziri Rəhim Qazıyev də mərhumla vidalaşmağa gələnlər sırasında idi. O isə E.Quliyevlə bağlı aşağıdakıları söylədi:

“Bu gün ən ləyaqətli, qiymətli hüquqşünası gözəl insanı itirdik. Onun həm savadı, həm də insanlara münasibəti, hadisələrə obyektiv baxışı tamam fərqli idi. Şərə salınmış insanları hüquqi cəhətdən çox savadlı şəkildə müdafiə edirdi. O şəxsən məni müdafiə edib.  Elton Quliyev bütün işlərində hüquqa asaslanıb, heç zaman haqqa göz yummayıb. Səhhətimdə problem olsa da, özümə borc bildim ki, bu gün onun vida mərasimində iştirak edim”.

Mərhum vəkil barəsində keçmiş “Nida”çı Nicat Məmmədbəylinin də fikilərini aldıq:

“Dostlarımızın məhkəməsi zamanı, ən kritik məqamlarda Elton  bəy bizim köməyimizə çatmışdı. Dostlarımız məhkmə müddətində isə layiqincə müdafiə etmişdi. Bu gün  onu itirmək bizim üçün həqiqətən də çox ağırdır”.

Saat 14 radələrində dəfn qafiləsi Təzəpir məscidindən E.Quliyevin torpağa tapşırılacağı Yasamal məzarlığına yola düşdü. Mərhum vəkil burada, ailə məzarlığında torpağa tapşırıldı. Dəfn mərasiminə də müxtəlif ictimai şəxslər qatıldılar. Onlar arasında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər və partiyanın hazırkı başqanı Arif Hacılı da vardı.

Mərhum vəkil torpağa tapşırıldıqdan sonra onun məzarı qarşısında çıxış edən İsa Qəmbər aşağıdakı fikirləri bildirdi:

“Bu gün çox dəyərli bir şəxsi itirdik. Gələcəkdə xalqımız haqqında, xalqımızın 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərindəki həyatı barədə araşdırma aparanlar bu ölkədə ən çətin şəraitdə Elton kimi ləyaqətli insanların olduğunu, yüksək peşəkarların fəaliyyət göstərdiyini yazacaqlar, biləcəklər. Mən hər şeydən əlavə bu gün bir dostumu itirdim. Elton bəylə ən müxtəlif şəraitlərdə, vaxtlarda çox maraqlı söhbətlərimiz olub. Bu bizim hər birimiz üçün itkidir. Başqa deyəsi söz yoxdur. Allah ruhunu şad etsin. Yaxınları da bilsinlər ki, Elton üçün təkcə onlar yox, bizim hamımız  acı kədər yaşayırıq. Sadəcə insanlarımızın bu cür dəyərli vətəndaşların qiymətini bilməlidirlər. Allah rəhmət eləsin”.

Elton Quliyevin dəfn mərasimində iştirak edən sabiq daxili işlər naziri İsgəndər Həmidov isə bildirdi ki, müxtəlif insanlar dünyalarını dəyişdikdən sonra nəsə qoyub gedirlər, Elton Quliyev isə bir kişilik etalonu qoyub getdi.

Qeyd edək ki, mərhumun yas mərasimi Təzəpir məscidində təşkil olunub.

Allah rəhmət eləsin!

COMMENTS