Tarix Əzizin cənazəsi yoxa çıxdı

Ötən həftə həbsxanada dünyasını dəyişən İraqın baş nazirinin sabiq müavini, Səddam Hüseynin yaxın silahdaşı Tarix Əzizin cənazəsi başqa yerə daşınarkən yoxa çıxıb. Musavat.com xəbər verir ki, məlumatı “Associated Press” Tarix Əzizin qızı Zeynəbə istinadən yayıb.

Onun sözlərinə görə, meyit dəfn üçün İordaniyaya yola salınarkən Bağdadın hava limanında itib. Həmin vaxt həyat yoldaşı Tarix Əzizin nəşini hava limanında gözləyirmiş.

“Royal Jordanian” hava yolları şirkəti iyunun 11-də reysin Tarix Əzizin cənazəsi olmadan uçduğunu təsdiqləyib.

Qeyd edək ki, Tarix Əziz iyunun 5-də 79 yaşında dünyasını dəyişib. Rəsmi məlumata görə, o, infarkt keçirdikdən bir gün sonra vəfat edib.

Tarix Əziz 1983-cü ildən 1991-ci ilədək İraqın xarici işlər naziri olub. O, 1979-2003-cü illərdə baş nazirin müavini postunu da tutub. Tarix Əziz Səddam Hüseynin hakimiyyəti illərində ən yüksək vəzifə tutan xristian olub. ABŞ İraqa daxil olduqdan sonra 2003-cü ildə Tarix Əziz Amerika qoşunlarına təslim olub və həbs edilib.

Səddam Hüseynin yaxın silahdaşı şiələrin qətlində təqsirli bilinib və 2010-cu ildə ölüm cəzasına məhkum edilib. Həmin vaxt İraqın prezidenti olan Cəlal Tələbani ölüm hökmünü imzalamaqdan imtina edib.

COMMENTS