Tarix İnstitutunda biabırçı səhv

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu biabırçı səhvə yol verib. Qurumun rəsmi saytında ( http://tarix.gov.az/konflikt.php) Azərbaycanın erməni əsarətində olan rayonlarının işğal olunma tarixləri səhv yazılıb.

“Qafqazinfo” AzNews.Az-a istinadən xəbər verir ki, Ağdam və Ağdərənin ermənilər tərəfindən işğal olunması tarixi səhv göstərilib. Rayonların işğal tarixləri yer almış cədvəl saytda iki yerdə – “Dağlıq Qarabağ Münaqişəsinin Tarixi” və “Xocalı soyqırımı” bölmələrində qoyulub.

Cədvəldə Ağdamın 1993-cü ilin fevral ayının 23-də (23.02.1993), Ağdərənin isə iyun ayının 17-də (17.06.1993) işğal olunduğu qeyd olunub. Halbuki Ağdərə 07.07.1993, Ağdam isə ondan bir neçə gün sonra 23.07.1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub.

Xatırladaq ki, bir müddət öncə qurumun saytında işğal olunmuş rayonlarla bağlı heç bir məlumatın olmaması barədə aznews.az-da məlumat yayılmışdı. Həmin vaxt qurumdan cavab verilmişdi ki, sayt üzərində iş gedir, iş bitdikdən sonra sözügedən materiallar sayta yerləşdiriləcək.

COMMENTS