Texniki Universitetin REKTOR PROBLEMİ… – Müdaxilə edən olacaqmı?

Texniki Universitetin REKTOR PROBLEMİ… – Müdaxilə edən olacaqmı?

 “Azərbaycan Texniki Universitetində (AzTU) gələn hər yeni gün bizə yeni-yeni sürprizlər bəxş edir və necə deyərlər, “darıxmağa qoymur”. Həmin sürpriz isə ondan asılı olur ki, rektorumuz bu gecə necə yatıb və yuxusunda nə görüb, allah eləməsin, yuxusunu qarışdırmayıb ki. Ancaq, deyəsən, bu günlərdə o yenə yuxusunu qarışdırıb və universitetə yeni sürprizlə gəlib. Həmin sürpriz haqqında sonra danışarıq, indi isə keçən yazıda yazdığımız bir məlumata aid əlavə edək”.

DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetində (AzTU) çalışan bir qrup müəllimin ünvanladığı növbəti məqalədə qeyd olunur.

Müəllimlər daha sonra yazır: “Bizim keçən yazımız saytda dərc olunan günlərdə, daha dəqiq desək, yanvarın 8-də AzTU-nun saytında maraqlı bir məlumat çıxdı. Məlumatda deyilirdi ki, rektor Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib. Aydındır ki, o dəqiqə sual yaranır ki, onu bu mükafata layiq görən hansı dövlət qurumu və ya ictimai təşkilatdır? AzTU saytında verilən kiçik məlumatdan aydın olur ki, V.Vəliyevi bu mükafata editor.az informasiya portalı (yəni sadəcə desək, informasiya saytı) layiq görüb. Və həmin portalın baş redaktoru olan Fərid Şahbazlının verdiyi məlumata görə, V.Vəliyev bu mükafata portalda 2021-ci ilin yekunları ilə bağlı keçirilən virtual sorğunun qaliblərindən olduğu üçün layiq görülüb. Bundan sonra məlumatda deyilir ki, portalda keçirilən virtual sorğuda iştirak edən respondentlər 2021-ci il ərzində rəhbərlik etdiyi universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində, tələbə hüquqlarının qorunması və onların ideyalarının dəstəklənməsində mühüm xidmətlər göstərən ÜÇ ALİ TƏHSİL MÜƏSSİSƏSİ REKTORUNU “İlin ən fəal rektoru” seçiblər. Məntiqi olaraq, belə bir sual yaranır ki, görəsən mükafata layıq görülən digər iki rektor kimdir? Təbiidir ki, biz bunu öyrənmək və bu haqda daha ətraflı məlumat almaq məqsədi ilə həmin portalın saytına daxil olaraq, həmin məlumatı orada tapdıq. Belə düşünmək olardı ki, Texniki Universitet həmin məlumatın öz rektoruna aid olan hissəsini dərc edib və editor.az saytında isə müsabiqə qalibi olan digər iki rektorun da adları göstəriləcək. Ancaq təəccüblə aşkar etdik ki, editor.az saytında da birin-birə AzTU saytında olan məlumat verilib, V.Vəliyevin AzTU saytında olan “təqdimetmə mərasimindən” fotoları göstərilib, müsabiqədə üç rektorun qalib olduğu deyilir, lakin yalnız V.Vəliyevin adı çəkilib, digər iki rektorun isə kim olduğu göstərilmir. Həmin məlumat da sabahı gün dərhal saytın giriş səhifəsindən götürüldü. Bu faktlar hər bir normal adamı bu məsələ haqqında müəyyən qənaətə gəlməyə istiqamətləndirir.

Əlbəttə ki, informasiya portalı tərəfindən doğrudan da belə bir sorğu keçirilsəydi və həmin saytda da qeyd edildiyi kimi, üç rektor həmin sorğunun qalibi olsaydı, birmənalı olaraq, editor.az saytında mütləq üç rektorun adı göstərilərdi. Sual olunur, niyə editor.az saytında üç rektorun qalib olduğu deyilir, ancaq onlardan yalnız birinin, Vilayət Vəliyevin adı açıqlanır, digər ikisinə qarşı isə tam etinasızlıq göstərilir? Buradan yalnız bir nəticə çıxarmaq olar, əslində heç bir sorğu keçirilməyib və bu, rektor V.Vəliyevin təşkil etdiyi növbəti şoudur. Çünki, həmin portalın və ya saytın cürəti çatmayıb ki, həqiqətdə keçirilməyən sorğunun saxta nəticəsi kimi bu məsələyə heç bir aidiyyəti və dəxli olmayan digər iki rektoru da bu işə qatsın və yalandan onları da qalib elan etsin və mükafatlandırsın. Budur bu sualın cavabı. Əgər doğrudan da sorğu keçirilibsə və üç nəfər qalib elan edilibsə, digər qaliblərin adları niyə açıqlanmır? Bundan əlavə, həmin sayt ölkə səviyyəsində heç tanınmış sayt de deyil. Həmin saytı kim tanıyır, ora kim daxil olur ki, oradakı sorğudan xəbər tutaraq, bu sorğuda müxtəlif ali məktəblərdən xeyli tələbə iştirak etsin? Bəs bu şou kimə və nəyə lazım imiş? Əlbəttə ki, Vilayət Vəliyevin özünə. Görünür, o, bu yolla son vaxtlar universitetdə əməkdaşlar arasında yerdən-yerə düşmüş öz nüfuzunu az da olsa bərpa etmək istəyir və bu məqsədlə, həmin portalın, saytın təşkilatçıları ilə əlaqə yaradıb, bu şounu təşkil edib, həmişə olduğu kimi, dərhal fotolar çəkdirib sayta qoyub. Maraqlananlar həmin məlumata və fotoşəkillərə AzTU saytında baxmaq üçün aşağıdakı Linklə keçid edə bilərlər:
http://aztu.edu.az/azp/#/azp/etc/newsView.do?deptid=0&articleid=20220108113037102349

Editor.az saytındakı bu haqda məlumata baxmaq üçün isə aşağıdakı Linklə keçid etmək lazımdır:
https://editor.az/vilayet-veliyeve-ilin-en-feal-rektoru-mukafati-teqdim-edilib-fotolar

Görün, V.Vəliyevə bu mükafatı təqdim edənlər kimlərdir, görün rektor V.Vəliyev kimin köməyinə ümid edir. Bu məsələ həm də bizim əvvəlki yazımızda qeyd etdiyimiz kimi, bir daha təsdiq edir ki, V.Vəliyevin “fəallığının” və istedadının istiqaməti nə tədris, nə də təhsil deyil, şou yaratmaq qabiliyyətidir. Şou yaratmaq sahəsində o çox bacarıqlı və operativdir. Həm də V.Vəliyevin özü üçün fikirləşib, tapdığı titula diqqət edin – “tədrisin keyfiyyətinin yüksəldilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində, TƏLƏBƏ HÜQUQLARININ QORUNMASI (???) və onların ideyalarının dəstəklənməsində mühüm xidmətlər göstərən rektor”. Ancaq, bu məsələnin başqa bir tərəfi də var. Bəs V.Vəliyev digər rektorların arasından özü özünü “ilin ən fəal rektoru” elan edirsə, bu təvazökarlıqdan uzaq və saxtakar hərəkətə digər rektorlar necə baxacaqlar? V.Vəliyev onların arasına nə üzlə çıxacaq? Buna nə ad vermək olar? Bizim fikrimizlə, bu hərəkətə bizim dilimizdə hələ bir ad qoyulmayıb, anacaq rus dilində bu hərəkətin yaxşı bir adı var – “самозванец”, yəni özü özünü adlandıran. Məsələn, məşhur film seriallarının qəhrəmanı Ostap Bender kimi. Bu isə heç rektora yaraşan hərəkət və ad deyil və Texniki Universitetə şərəf gətirmir. Ayıb deyilmi, ay Vilayət müəllim, bəs bunu oxuyan universitet əməkdaşlarının üzlərinə necə baxacaqsınız? Sizin bu hərəkətiniz təkcə sizə yox, digər universitet müəllimlərinin yanında bizə də utanc gətirir. Yadınızda saxlayın ki, universitet əməkdaşları sizin hər addımınızı diqqətlə izləyirlər və sizin hər belə hərəkətinizi gələcəkdə də ictimailəşdirəcəklər.

İndi isə, əvvəldə qeyd etdiyimiz “sürpriz” haqqında. Bu sürpriz başıbəlalı universitetin başıbəlalı magistraturası ilə əlaqədardır. Məlumat üçün deyək ki, magistraturada təhsil müddəti iki ildir və magistrant bu iki ildə bir sıra fənləri oxuyub, imtahan verməkdən əlavə, yekun elmi-tədqiqat işi kimi dissertasiya yazır və iki ilin sonunda onu müdafiə edir. Hal-hazırda 2-ci kursda olan magistrantların artıq bir il yarım tədris müddəti (3 semestr) geridə qalıb və onlar may ayının sonunda, yəni 4 aydan sonra hazır dissertasiyanı təqdim etməlidirlər. Bu günə kimi dissertasiyanın əsas hissəsi hazır olmalıdır və qalan müddət əsasən işi yekunlaşdırmağa və yazmağa qalır. Necə təsəvvür edirsiniz indi, 2-ci kurs magistrantların işlərinin bu vaxtında rektor nə təklif etsə yaxşıdır? Təsəvvür edilə bilən ƏN AĞLASIĞMAZ TƏKLİF! Rektor Vilayət Vəliyev bu günlərdə kafedra müdiri və dekanları toplayaraq təklif edib ki, 2-ci kurs magistrantların verilmiş (və artıq, əmrlə də təsdiq edilmiş) dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Təklif deyəndə, bu müzakirə edilmək üçün verilmiş təkli deyil. AzTU-da rektorun “təklifi” o deməkdir ki, bu heç bir müzakirəsiz, filansız dərhal yerinə yetirilmək üçün verilmiş son qərardır. Bu “təklifin” müxtəlif aspektləri vardır. Əvvəla, məsələnin hüquqi aspekti, yəni 5 magistrantın qrup halında bir ümumi dissertasiya mövzusunu yerinə yetirməsi və onu birlikdə müdafiə etməsi onların ümumi işinin qiymətləndirilməsi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin bu haqda olan bütün normativ sənədlərinə və təlimatlarına ziddir və absurddur. Ancaq V.Vəliyev ikinci ali təhsil kimi hüquq təhsili də almasına baxmayaraq, qanun-qayda, hüquq-zad saymır və bunları heç bilmir də. Bəli, Azərbaycan Respublikasının ərazisində qüvvədə olan Nazirlər Kabineti və Təhsil Nazirliyinin tədris normativ sənədlərindən başqa AzTU Ali Təhsil sistemində “Vilayət Qaydaları” adlanan sənədlər toplusu da var ki, bunlar da universitet hüdudlarında Nazirlər Kabineti və Təhsil Nazirliyinin tədris normativ sənədlərindən daha yüksək statusa malikdirlər”.

DAVAMI VAR…

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

DOSYE.ORG

COMMENTS