Tibb kursları və iş yeri problemi – Azərbaycanda

Artıq müəyyən zamandır paytaxtda, eləcə də regionların əksəriyyətində tibb kursları təşkil olunub və orada gənclərə, deyilənə görə, tibbi biliklər öyrədilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı Aktual.az-a açıqlamasında övladlarını bu tip kurslara göndərən valideynlərə səslənib ki, uşaqlarının zamanını boş yerə itirməsinlər:

“Bütün dövlət və özəl strukturlara göstəriş verilb ki, bu tip kursların verdiyi diplomlar, sertfikatlar qəbul olunmasın. Vətəndaşlarımıza da məsləhət görürəm ki, zamanlarını bu kurslarda boş yerə itirməsinlər. Yaxşı olar, orta tibb təhsili verən dövlət müəssisələrinə üz tutsunlar”.

Professor ölkədə orta tibb təhsili verən müəssisələrin fəaliyyətindən danışaraq bildirib ki, vəziyyət çox acınacaqlıdır:

“Ümumiyyətlə, bizdə orta tibb təhsili verən müəssisələrin vəziyyəti bərbaddır. Məsələn, Türkiyədə orta təhsilli tibb işçiləri 4 il təhsil alırlar. Bunlar, kifayət qədər, savadlı olurlar və müəyyən məsələlərdə həkimin yardımçısı kimi fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, bizdə iynə vurmağı bacarmaq həkim olmaq kimi qəbul edilir. Bu, tamamilə, yanlış bir yanaşmadır. Qeyd olunan kurslarda öyrədilən biliklərin heç biri peşəkar təbabət üçün yararlı deyil”.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli tibb kurslarının fəaliyyəti ilə bağlı Aktual.az-a bunları deyib:

“Bu kurslarla bağlı tədbir görmək Səhiyyə Naziriyinin səlahiyyətində deyil. Çünki onlara lisenziya verilmir. Həmin kursları bitirən insanlar tibb işçisi kimi çalışa bilməzlər. Tibb kurslarının fəaliyyətinin nə dərəcədə qanunazidd olduğunu deyə bilmərəm. Ancaq onların diplom verib kimisə tibb işçisi kimi təqdim etməsi düzgün deyil”.

COMMENTS