Tofiq Yaqublunun səhhətində ciddi problemlər yarandı

Nigar Yaqublu: “Atamın vəziyyəti bir neçə gün pis olub”

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun səhhətində problemlər qalmaqdadır. Siyasi məhbusun qızı Nigar Yaqublu bu barədə musavat.com-a bildirib. Onun sözlərinə görə, T.Yaqublunun böyrəyində olan daş bir müddət davam edən müalicədən sonra düşüb: “Atamın vəziyyəti bir neçə gün pis olub. Mərkəzi Xəstəxanadan həkim gətirməyə məcbur olublar. Ağrıları çox olub, sistem köçürüblər. Hətta yenidən Mərkəzi Xəstəxanadan UZİ gətirilərək atam müayinə edilib. İndi də onun ağrıları var. Dərman alıb aparmışıq, iynə vururlar”.

N.Yaqublu avqustun 2-də atası ilə görüşüb: “Səhhətindəki problemlər hələ də öz ciddiyyətini qoruyur. Mütəmadi ağrıları və qanaxmaları olur. Həbsxana həkimləri diqqət və qayğı göstərirlər. Buna görə onlara təşəkkür edirəm”. O, həmçinin bildirib ki, avqustun 3-də Tofiq Yaqublunun və İlqar Məmmədovun, eləcə də digər İsmayıllı məhbuslarının həbsindən 2 il 6 ay keçir: “Bundan əlavə, artıq 8 aydır ki, Ali Məhkəmənin hakimləri işlə tanış olurlar. Bilən varmı Ali Məhkəmənin hakimləri neçə aya və ya ilə işlə tanış olurlar? Məhkəmə açılışını elan etməkdən başqa bir işə yaramayan hakimlər rahat kabinetlərində oturanda, günahsız yerə şərləyib həbs etdikləri insanlar həbsxanalarda işgəncə görürlər”.

Qeyd edək ki, İsmayıllı iğtişaşlarına görə saxlanılan Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna icra hakimiyyəti rəhbərinin qohumları və yaxınları olan bir qrup şəxsin ədəbsiz davranışı səbəb olub. Bu, yerli sakinlərin qəzəbinə və etirazlarına səbəb olub, onlar “Çıraq” hotelini yandırıblar, daha sonra şəhərdə polis və rayon icra başçısının istefasını tələb edən yerli sakinlər arasında qarşıdurma baş verib.

 

COMMENTS