“Tottenhem”ə qalib gələ bilərik” – Bədavi Hüseynov

“Tottenhem”ə qalib gələ bilərik” – Bədavi Hüseynov

“Bu görüşdə asan qələbə gözləmirik. Artıq çoxdandır hansısa oyunumuz asan keçmir. Lənkəranda hamıya çətin olur. Amma biz oyuna yaxşı hazırlaşmışıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan Premyer Liqasının 12-ci turunda bu gün “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyun öncəsi “azerisport.az”a deyib.

Bədavi Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa “Monako”suna qarşı keçirdikləri qarşılaşma ilə (1:1) bağlı da fikirlərini bölüşüb: “Monako”ya qarşı layiqli oyun sərgilədik. Amma ələ düşən qol şanslarından lazımınca yararlana bilmədik. Avroliqadakı rəqiblərimiz heç bir səhvi bağışlamırlar. Heç-heçəyə baxmayaraq, qrupdan çıxmaq şansımız var. Sadəcə, bizi daha iki çətin oyun gözləyir. Nə qədər çətin olsa da, sonadək mübarizə aparacağıq. Xüsusilə də “Tottenhem”lə oyunda. Fikrimcə, bu komandaya doğma meydanda qalib gələ bilərik. Bunun üçün səhvsiz oynamalıyıq. İngilislər səhvi bağışlamırlar”.

Hüseynov “Qəbələ”nin Almaniyanın “Borussiya” (Dortmund) klubuna səfərdə uduzmasına da münasibət bildirib: “Düzünü deyim ki, “Qəbələ”nin Dortmundda belə hesabla uduzacağını gözləmirdim. Əlbəttə, rəqib çox güclü idi. “Qarabağ” da nə vaxtsa Dortmundda 0:4 hesabıyla uduzmuşdu. Amma belə rəqiblərə məğlubiyyət komandanı daha da güclü edir. Fikrimcə, “Borussiya” ilə oyun “Qəbələ”nin futbolçularına böyük təcrübə qazandıracaq”.

COMMENTS