Toydan qayıdan mikroavtobus aşdı: 22 yaralı

Toydan qayıdan mikroavtobus aşdı: 22 yaralı

10:10

 

Balakəndə keçirilən toy məclisindən qayıdan mikroavtobus Şəkidə yol qəzasına düşüb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 22-də saat 01:30 radələrində Şəki-Qax yolunun Şəki rayonunun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1954-cü il təvəllüdlü, Şəki şəhər sakini İlham Şamil oğlu Ramazanov idarə etdiyi “Mercedes” markalı 55 BO 926 dövlət nömrə nişanlı mikroavtobusla Şəki şəhəri istiqamətində hərəkətdə olarkən öncə qarşısına çıxan atı vurub. Daha sonra o, idarəetməni itirərək mikroavtobusu yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü İlham Ramazanov və Şəki rayonunun Baltalı kənd sakinləri olan 21 sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan 4 nəfər – Əhmədova Sədayə, Cəfərov Şakir, Əhmədov Ehtiram və Paşayev Vüsalın xəsarətləri ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarətləri yüngül olan 18 sərnişin isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Məlumatda bildirilir ki, yol qəzasına düşənlər rayonun Baltalı kəndində bir ailənin nümayəndələridir. Onlar Balakən rayonunda yaşayan qohumlarının Balakən şəhərində keçirilən toy məclisindən geri qayıdırlarmış.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

———-
09:28

 

Şəkinin Biləcik kəndi ərazisində ağır yol qəzası baş verib.

Dosye.org Kanal S-ə istinadən bildirir ki, Şəki şəhər sakini Ramazanov İlham Şamil oğlu idarə etdiyi “Mercedes” markalı 55-BO-926 dövlət nömrə nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən Biləcik kəndi ərazisində idarə etməni itirib və mikroavtobusu yolun kənarına aşırıb. Hadisəyə səbəb avtobusun qarşısına qəflətən atın çıxması olub. Avtobusda toydan qayıdan Baltalı kənd sakinləri olublar. Nəticədə sərnişinlərdən 22 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardım göstərildikdən sonra 18 nəfər ambulator müalicə üçün evə buraxılıb. Xəsarətləri nisbətən ağır olan Əhmədova Sədayə, Cəfərov Şakir, Əhmədov Ehtiram və Paşayev Vüsalın müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

COMMENTS