Türkiyə ilə İsrail arasında nə baş verir?

Türkiyə ilə İsrail arasında nə baş verir?

Oktyabrın 7-də İsraillə HƏMAS arasında başlayan qarşıdurma öz ampluasında davam edir. Artıq hər iki tərəfdən minlərlə insan ölüb və yaralanıb. Qeyd etmək yerinə düşər ki, münaqişə tərəflər arasında ilk genişmiqyaslı və uzunmüddətli qarşıdurma kimi tarixə düşüb və beynəlxalq təşkilatlar, dünya ölkələri məsələyə müdaxilə edərək, hətta Üçüncü Dünya müharibəsinin anonsunu verirlər. Lakin məsələnin ən maraqlı tərəfi İran və Türkiyə amili ilə bağlıdır. Belə ki, qarşıdurmadan əvvəl məhz İsrailin Fələsətin ərazilərini işğalına görə Türkiyə ilə İsrail arasında uzun illərdir münasibətlər soyuq münaqişə formatında davam edirdi. Lakin son illər hər iki tərəf buzları əritmək üçün cəhdlər edir, prezidentlər, müdafiə nazirləri və səfirlər səviyyəsində görüşlər keçirərək, diplomatik münasibətləri bərpa etmişdilər. Amma nəticə nə oldu? İranın dəstəklədiyi HƏMAS-ın İsrailə hücumu və rəsmi Təl-Əvivin bu hücuma sərt və adekvat reaksiyası Türkiyəni yenidən İsrailə qarşı çevirdi. Hətta rəsmi Ankara İsrailin Naş naziri Benyamin Netanyahunun həbsinə order verdi. Bu isə bir sualı gündəmə gətirir: HƏMAS-İsrail qarşıdurması həm də İran tərəfindən Türkiyə – İsrail münasibətlərini pozmaq üçün təşkil edilib?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri, iranşünas-politoloq Sədrəddin Soltan mövzu ətrafında KONKRET.az-ın suallarını cavablandırıb.

– Sədrəddin müəllim, əvvəlcə ondan başlayaq ki, bu müharibə İsrail-HƏMAS müharibəsidir, yoxsa İsrail-Fələstin?

– Bu, İsrail-Fələsin münaqişəsi deyil, İsrail-HƏMAS münaqişəsidir. Bunu İsrail-Fələstin müstəvisində dəyərləndirmək yanlışdır. Çünki HƏMAS-ın nəzarət etdiyi Qəzza zolağına Mahmud Abbas hökuməti nəzarət etmir. Mahmud Abbas administrasiyası bəyan edir ki, münaqişə bitəndən sonra Qəzza zolağını idarə etməyə hazırdır. Bu o deməkdir ki, Qəzza zolağı Mahmud Abbas hökuməti tərəfindən idarə olunmur. Bu mənada bu gün HƏMAS Fələstində ikihakimiyyətliliyə nail olub və bu ərazidə də hakimiyyətin bir tərəfi, yəni HƏMAS hakimiyyəti İsraillə müharibə aparır.

– Münaqişənin pərdə arxasında Türkiyə-İsrail münasibətlərinin korlanması faktoru dayanırmı? Çünki bu münaqişədən əvvəl Türkiyə ilə İsrail arasında müəyyən yaxınlaşma cəhdləri müşahidə olunurdu. Lakin qarşıdurmadan sonra soyuq münaqişə əvvəlkindən də pikk həddə çatdı.

– Əslində, bu məsələnin Türkiyəyə hansı dərəcədə ciddi təsiri yalnız regionun təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Paralel olaraq da Ərdoğan hökuməti ilə Netanyahu hökuməti arasındakı münasibətlər kontekstində təhlil oluna bilər. Çünki 2010-cu ildə də Mavi Mərmərə hadisələrində İsrail hərbçiləri Türkiyə vətəndaşlarını qətlə yetirmişdilər və bu hadisə Netanyahu hökumətinin iqtidarda olduğu zaman baş vermişdi.

Hələ o vaxt Ərdoğan Netanyahu ilə bir daha görüşməyəcəyini qeyd etmiş, onu “əliqanlı” adlandırmışdı. O dövrdən bu yana Türkiyə ilə İsrail arasında münasibətlər kəskinləşdi. Təxminən son bir neçə ildə münasibətlərin yaxşılaşması istiqamətində xeyli danışıqlar getdi və nəhayət, bu il səfirlər səviyyəsində diplomatik münasibətlər bərpa olundu. Burada nə qeyd oluna bilər?

Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi Suriya və İraqdakı terrorçu qruplaşmalar tərəfindən daim təhdid olunur və zaman-zaman İsraildəki hökumətlər də bu qruplaşmaları siyasi mənada dəstəkləyirlər. Türkiyə həm İsrailə, həm də ABŞ-yə dəfələrlə bu cür terrorçu qruplaşmaları dəstəkləməmək barədə xəbərdarlıqlar edib və həmin qruplaşmaların öz ərazi bütövlüyünə təhdid olduğunu bildirib. Bununla da rəsmi Ankara həm İsrailə, həm də Qərb ölkələrinə açıq şəkildə bildirməyə çalışır ki, sizin terrorçu dediyiniz təşkilatlar Türkiyənin ərazi bütövlüyünü təhdid edəndə siz onlara dəstək göstərirsiniz, amma bu gün HƏMAS (2006-cı il seçkilərində qalib gəlmiş bir təşkilatdır) öz azadlıqları uğrunda mübarizə aparır, amma onu terrorçu adlandırırsınız.

– Bəs niyə Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlarla müqayisədə HƏMAS-a fərqli yanaşılır? Yəni birincilər dəstəklənir, lakin HƏMAS terror qruplaşması sayılır…

– Elə Türkiyə də bu cür ikili standartlara qarşı çıxır. Bu həm də o mesajdır ki, terrorçunu seçməzlər, çünki cinayətkarın Vətəni olmur. Üstəlik, bu cür ikili standartlar ölkələrarası münasibətlərə də kölgə salır. Ona görə də bu gün Türkiyə-İsrail münasibətlərində problem yaradan amil terrorçuya yanaşmadır. Amma düşünürəm ki, bu münasibətlər tezliklə bərpa olunacaq. Çünki dövlət olaraq Türkiyə ilə İsrailin ortaq maraqları çoxdur və bu maraqlar müxtəlif istiqamətlərdə inkişaf edir. Əslində Türkiyə ilə İsrail arasında qarşıdurma da yoxdur, qarşıdurma əsasən Netanyahu hökuməti ilə rəsmi Ankara arasındadır. Bu gərginliyi düşmənçilik səviyyəsinə daşımaq istəyənlər yanlış yoldadırlar.

– HƏMAS – İsrail münaqişəsində din amili də rol oynayır?

– Bu münaqişədə din amilini qabartmaq doğru deyil. Çünki bu günlərdə Rusiya və Çin HƏMAS-ı müdafiə edir. Baxmayaraq ki, hər iki ölkə qeyri-müsəlman dövlətidir. Yaxud da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell bu münaqişəni sivilizasiyaların toqquşması kimi qələmə verir ki, bu yanaşma da kökündən yanlışdır. Çünki Avropanın özündə də bu tipli münaqişələr var. Məsələn, Borrell özü katalondur və katalonlarla ispanlar arasında münaqişə sivilizasiya münaqişəsidir bəyəm? Yaxud da şotlandların Böyük Britaniyadan ayrılmaq məsələsi sivilizasiya məsələsidir? Xeyr! Yəni bunların heç birinin nə dini, nə də mədəni təməlləri var və bu kontekstdə müzakirə olunması yanlışdır. Bu mənada eyni şeyləri Türkiyə üçün də vurğulaya bilərik. Çünki Türkiyənin özündə də təkcə HƏMAS-ı dəstəkləyənlər yoxdur, eləcə də İsraillə münasibətlərin normallaşmasını istəyən partiyalar, QHT-lər və sıravi insanlar da var.

– Türkiyə ilə İsrail arasındakı yaxınlaşmanı yenidən gərgin fazaya daxil etmək üçün İranın eskalasiyanı qəsdən körükləməsi nə qədər realdır?

– Bu münasibətlərin fonunda İran daim çalışır ki, ətraf ölkələrdə ziddiyyət yaransın. Çünki İran həmişə o ziddiyyətlərdə özünü vasitəçi kimi görməyə çalışır. İran HƏMAS – İsrail münaqişəsində birmənalı olaraq tərəf ölkədir. Hətta belə demək mümkünsə, o, HƏMAS-ı müdafiə edir. Çünki İran hakimiyyətinin fundamental şüarı “İsrailə ölüm”dür. İsrailin siyasi xəritədən silinməsini istəyən bir rejim mütləq və mütləq bu dövlətə qarşı mübarizə aparan qarşı tərəfi müdafiə edir. Bu məsələdə İran daim özünə tərəfdarların sayını artırmağa çalışır. Ona görə də Türkiyənin Netanyahu hökumətinə qarşı verdiyi bəyanatlardan Tehran hakimiyyəti maksimum yararlanmağa çalışır.

– Bütün bunların fonunda proseslərin gedişatı nə vəd edir?

– Fikrimcə, bu münaqişə başa çatandan sonra Netanyahu bir daha siyasi səhnədə görünməyəcək. Müharibə sona yetdikdən sonra, yaxud İsrail qarşıya qoyduğu hədəfə yetişmədiyi halda, bu, Netanyahunun sonuncu Baş nazirliyi olacaq və bu uğursuzluğun araşdırılmasına başlanacaq. Çünki Netanyahu ilə bağlı İsrail siyasi elitasının münasibəti birmənalı deyil. Elə koalisiya hökumətinin yaranması, onun siyasi partiyasının seçkilərdə tam qələbə qazanmaması da buna sübutdur.

COMMENTS