Türkiyəli ekspert: “Bakıya qarşı təzyiqlər ən çox Rusiyanın əlinə işləyəcək”

Yusif Çinar: “Ankara Rusiya hərbi təyyarəsini vurmazdı, əgər bilsəydi ki…”

2015-ci ilin yadda qalan mühüm geosiyasi olaylarndan biri də uzun müddət strateji tərəfdaşlıq münasibətlərində olan Türkiyə ilə Rusiya arasında əlaqələrin minimum səviyyəyə enməsi oldu. Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsi Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulandan sonra təkcə iki ölkə münasibətləri sferasında deyil, regionda və hətta dünyada da yeni situasiya yaratdı.

Doğrudur, aradakı böhranlı duruma rəğmən, hər iki ölkədə səfirliklər və konsulluqlar tam gücü ilə fəaliyyət göstərir. Lakin Rusiya rəhbərliyinin, məxsusən prezident Vladimir Putinin ilin son günlərinədək verdiyi, Türkiyə əleyhinə sərt, kifayət qədər aqressiv, hədələyici və təhqiramiz açıqlamalarından aydın oldu ki, Kreml bu insidenti heç cür həzm edə bilmir. Bir çox siyasi müşahidəçilər isə böhranlı durumun bu il də davam edəcəyi qənaətindədir. Hətta ABŞ-ən nüfuzlu “Bloomberg” Agentliyinin  analitikləri iki ölkə arasında qarşıdurma proqnoz ediblər.

Bəs, vəziyyət qardaş ölkənin öz içindin necə görünür, Ankara və Moskvanın bu il barışması və əlaqələrin əvvəlki məcraya qayıtması, əvvəlki əməkdaşlıq diapozonun bərpası mümkündümü?  

“Beynəlxalq münasibətlərdə daimi düşmənlər və dostlar olmur. Bu kontekstdə Türkiyə ilə Rusiya arasında konflikt o demək deyil ki, onlar bir daha bir araya gəlməyəcək, bir-birilə iş görməyəcək”. Musavat.com-un məlumatına görə, bu barədə nüfuzlu türkiyəli ekspert, Strateji Perspektivlər Beynəlxalq İnstitutunun prezidenti Yusif Çinar rusdilli vesti.az saytına müsahibəsində bildirib.

Ancaq onun fikrincə, ikitərəfli əlaqələrin yaxşılaşması uzun zaman alacaq: “Bundan əlavə, “Su-24” təyyarəsi vurulduqdan sonra yaranan böhranın simvolik aspektlərinə fikir vermək lazımdır. Belə ki, 2008-ci ildə Rusiya Gürcüstandakı hərbi konflikti uğurla başa çatdırdığını bəyan elədi. Ardınca o, eyni uğurla Krımın ilhaqını həyata keçirdi. Yalnız Türkiyə Rusiyanın Qərblə “soyuq müharibə” dönəmindən sonra NATO-ya üzv ölkələrin heç birinin cürət eləmədiyi bir addım atdı – o, bombardmançı təyyarəni vurmaqla Rusiyanın imicini dağıtdı. Rusiya Türkiyə ilə xoş münasibətləri bərpa eləsə belə, bu, Rusiya cəmiyyəti daxilində qıcıq yaradacaq. Odur ki, mən düşünmürəm ki, qısamüddətli perspektivdə Moskva Ankara ilə yaxşı əlaqələr qura bilsin. Rusiya iqtisadi planda çətinliklər hiss edir. Belə vəziyyətdə ona sərfəlidir ki, əhalinin diqqətini iqtisadi problemlərdən yayındırsın və beynəlxalq əlaqələr sferasında situasiyanın inkişaf prosesinə yönəltsin”.

Bununla yanaşı, analitik o qənaətdədir ki, Rusiya təyyarə insidentindən Suriyada öz hərbi mövcudluğunu gücləndirmək üçün istifadə edə bilib: “Hadisələrin belə inkişafı Türkiyənin regionda hərəkət imkanlarını məhdudlaşdırır. Əgər Ankara qabacadan bunu bilsəydi, o zaman Rusiya hərbi təyyarəsini vurmazdı. Türkiyə qüvvələrinin İraqın Beşik nahiyəsinə yeridilməsinə gəlincə, bu – preventiv addım idi. Ankara bununla Rusiyanın İraqda hərbi mövcudluğunun qarşısını almış oldu. Bununla Türkiyə Rusiyaya işarə verdi ki, “mən artıq burdayam””.

Ancaq təhlilçiyə görə, situasiyada qardaş ölkənin ziyanına işləyə biləcək bir məqam yaddan çıxarılmamalıdır: “Ankara narahatdır ki, İraq hökuməti Rusiyaya öz qoşunlarını İraq ərazisinə yeritməyi xahiş edə bilər. Ankara bilir ki, İraqın əvvəlki ərazi bütövlüyünü bərpa eləmək mümkün olmayacaq – hansı ki, artıq de-fakto üç hissəyə bölünüb. Türkiyə də öz hərbi hissələrini Beşikə yeritməklə İraqın ərazi dəyişikliyi variantında öz milli maraqlarını qorumağa çalışır”.

“Su-24” insidentindən sonra yaranmış vəziyyətdə Azərbaycanın Türkiyə tərəfində olduğunu qeyd edən politoloq onu da bildirib ki, son vaxtlar rəsmi Bakıya Avropa və ABŞ-ın təzyiqləri daha çox Rusiyanın əlinə işləyəcək. “Çünki ABŞ-dan uzaqlaşan Azərbaycan Rusiya ilə yaxınlaşmalı olacaq. Ancaq mənim fikrimcə, Bakıya qarşı sanksiyalar hədəsinin real və əsas səbəbi ABŞ-da gözlənilən prezident seçkiləri ilə bağlıdır. Erməni lobbisi seçkiöncəsi prosesdən yaxşı istifadə edir. Ankara Bakıya qarşı sanksiyaları dəstəkləməyəcək, hətta imkan daxilində buna mane olmağa çalışacaq” – əlavə edib analitik. 

COMMENTS