Ucar sakini Daxili İşlər Naziri və Baş Prokurora MÜRACİƏT ETDİ

Ucar sakini Daxili İşlər Naziri və Baş Prokurora MÜRACİƏT ETDİ

Dosye.org saytın elektron ünvanına Ucar rayon Qazyan kənd sakini Cəfərov Cavid Tahir oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşın ünvanladığı məktubu oxuculara təqdim edirik:

 Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Ramil Usubova və Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova.

Cənab Nazir və Cənab Baş Prokuror!

2017-ci ilin yanvar ayında Atam Cəfərov Tahir Heydər oğluna məxsus “Mersedes Benz C 200” markalı “90 KE 568” dövlət qeydiyyat nömrə nişanlı avtomobili əzilmiş vəziyyətdə təmir olunması üçün Bakı şəhərinə gətirmişəm. Maşının müvəqqəti saxlanılması üçün Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən “Versal” şadlıq sarayının yaxınlığındakı yeni tikilmiş binanın avtomobillər üçün nəzərdə tutulmuş dayanacağın nəzarətçisi “Rauf” adlı şəxsə təhvil vermişəm. Dayanacaq pulunu və onun rənglənməsi üçün maddi imkanım olmadığına görə maşın bir müddət qaldı həmin avtomobil dayanacağında. Bir neçə dəfə Bakı şəhərinə gedərək avtomobillər üçün nəzərdə tutlmuş həmin dayanacaqda olmuşam. Bunu həmin dayanacağın nəzarətçiləridə görüblər. 22 iyul 2018-ci il tarixində maşının götürülməsi üçün dayanacağa gəldikdə isə avtomobilin dayanacaqda olmadığını aşkar etdim.Dərhal avtomobili təhvil verdiyim “Rauf” adlı şəxslə əlaqə saxladım. Rauf Bakı şəhərində olmadığını maşının isə guya mənim yaxın qohumum olan Gürcüstan vətəndaşı və həmin binada yaşayan Nazim Musayev tərəfindən götürüldüyünü bildirdi. Nə isə bir təhər Nazim Musayevin nömrəsini tapdım onunla əlaqə saxladım və oda telefonda mənə dedi ki, Gürcüstandadır, polisə şikayət etməyim gəlib maşının pulunu verəcək. Nazım Musayev gəldi və biz görüşdükdə o mənə bildirdi ki, beş-üç günə pulumu verəcək. Lakin beş-on gündən sonra mənə zəng edib bildirdi ki, “1500 (min beş yüz) manat pulum var gedək maşın bazarına ona getdik sənə maşın alım verim” Mən ona etiraz etdim ki, atamın maşınının 10-12 min qiyməti vardı. Niyə 12 000 (on iki min) manatlıq maşının əvəzinə 1 500 (min beş yüz) manatlıq maşın alıb verirsən? O mənim bu sözümü eşidib telefonu söndürdü və onun mobil nömrəsinə bir daha zəng çatmadı. Sonra eşitdim ki, o Azərbaycanı tərk edib.Bundan sonra mən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi şikayətim əsasında bu işlə əlaqədar ibtidai istintaqa başlandı.

Binəqədi RPİ-nin İŞ-nin baş  müstəntiqi polis mayoru Nuru Həsənov həmin binada menecer işləyən Gülağa Güləliyevin izahatını almışdır. Gülağa Güləliyev öz izahatında göstərmişdir ki, atama məxsus “Mersedes Benz C 200” markalı “90 KE 568” dövlət qeydiyyat nömrəli avtomobil həqiqətəndə Binəqədi rayon 7-ci mikrorayon ərazisində olan və “Versal” şadlıq sarayının yaxınlığında yerləşən yeni tikilmiş binanın avtomobillər üçün dayanacağında saxlanılması üçün yerləşdirilib. Sonra Gürcüstan vətəndaşı Nazim Musayev tərəfindən dayanacaqdan götürülüb.

Müstəntiq Nuru Həsənov obyektiv araşdırma aparmadan tək Gülağa Güləliyevin izahatı ilə kifayətlənmiş və qanunsuz olaraq 09 oktyabr 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarını vermişdir. Bu qərarı verəndən sonra müstəntiq Nuru Həsənov mənədə bildirdi ki, “bu iş mülki işdir get ver məhkəməyə”. Halbu ki, ibtidai istintaqdan məlum olur ki, maşın Nazim Musayev tərəfindən oğurlanıb.Avtomobillər üçün dayanacağın nəzarətçiləri isə Nazim Musayevlə əlbir olaraq ona bu maşını oğurlamaqda şərait yaradıblar. Baş müstəntiq Nuru Həsənov isə bu cinayətkarların mənə qarşı etdikləri cinayəti obyektiv araşdırmaq əvəzinə törədilmiş cinayəti ört-bastır edir. Bütün bunlardan görünür ki, Binəqədi RPİ-nin baş müstəntiqi polis mayoru Nuru Həsənov işi obyektiv araşdırmamış bir nəfər Gulağa Güləliyevin izahatını almaqla kifayətlənmişdir. Ancaq araşdırılması zəruri olan digər hallara nəzər yetirməmişdir. Belə ki, avtomobillər üçün dayanacağın nəzarətçisi olan “Rauf” adlı şəxsin və oğurluq cinayətini törətmiş Musayev Nazim Xaləddin oğlunun izahatlarını almamışdır.

Eyni zamanda Nazim Müsayev atama məxsus maşını dayanacaqdan götürəndə deyib ki, mənim qohumumdur.Bu onun öz törətdiyi cinayətini ört-bastır etmək üçün uydurduğu bir yalandır. Mənim Nazim Müsayev adında qohumum yoxdur. Maşını dayanacağa yerləşdirəndə Nazim Musayev orda iştirak etməyib. Mən Nazim Müsayevi maşını oğurlayandan sonra tanımışam.Bütün bu halları müstəntiq Nuru Həsənov araşdırmamışdır

Mən Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi Nuru Həsənovun 09 oktyabr 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarının qanunsuz hesab edilməsi və ləğv olunması üçün Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm və mənim bu müraciətim icraata götürülərək iddiam təmin olunub. Yəni Binəqədi Rayon Məhkəməsinin (hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun) 18 dekabr 2018-ci il tarixli 6(001)50/2018 iş nömrəli qərarı ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Həsənov Nuru Əziz oğlu tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 oktyabr 2018-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edildi və qərar material üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərildi.

Binəqədi Rayon Məhkəməsinin bu qərarını alana kimi müstəntiq Nuru Həsənov mənə deyirdi ki, hakim Mirheydər Zeynalov Bakı şəhəri Binəqədi RPİ-nin qərarın qüvvədə saxlayıb. Aprel ayında Binəqədi rayon Məhkəməsinin qərarını gətirirəm Binəqədi Rayon Polis İdarəsinə. Polis İdarəsinin İŞ-nin rəisi Müşviq müəllimlə görüşərək ona bildirdim ki, Binəqədi Rayon Məhkəməsinin bu qərarını niyə icra etmirsiniz? Müşviq müəllim mənə bildirdi ki, o qərar bizə gəlməyib. Nə vaxt bu qərar bizə gələcək biz onun icrasına başlayacağıq. Onun bu cavabından sonra mən Binəqədi Rayon Məhkəməsində oldum.Məhkəmədən mənə bildirdilər ki, qərar göndərilib Binəqədi rayon Prokurorluğuna. Eyni zamanda məhkəmədən 07 yanvar 2019-cu uldə məhkəmə qərarının Binəqədi rayon Prokurorluğuna göndərilməsi ilə bağlı bildirişi mənə verdilər.  Elə həmin gün mən bununla bağlı Binəqədi rayon Prokurorluğuna müraciət etdim. Prokurorluqdan mənə bildirdilər ki, biz həmin qərarı Binəqədi Rayon Polis İdarəsinə göndərmişik. Mən təkrar Binəqədi rayon Polis İdarəsində olduqda isə mənə bildirdilər ki, məhkəmənin qərarı müstəntiqə bu gün votsapla göndərilib.Sonra Nuru Həsənovla bir dəfə Nazim Müsayevin evinə getdik. O Nazim Müsayevin evində onun valideynlərinə bildirdi ki, məndən bunu xahiş etmişdilər ona görə bu işin üstünə getmirdim. Amma şikayətçi əl çəkmir. Ona dəymiş ziyan ödənilməlidir. Əks təqdirdə Nazim Musayevə cinayət işi açılacaqdır. Orda müstəntiq Nuru Həsənov mənə söz verdi ki, narahat olmayım mənə dəymiş ziyan ödəniləcək yada maşını dayanacaqdan oğurlayan Nazim Müsayev haqqında cinayət işi açılacaq.Lakin may ayının əvvəllərində mənə Binəqədi rayon Prokurorluğundan məktub daxil olur ki, “Binəqədi RPİ-nin İŞ-nin 29 dekabr 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması təkrarən rədd olunub və sizədə izah olunub”

Cənab Nazir və Cənab Baş Prokuror!

Binəqədi RPİ-nin İŞ-nin 29 dekabr 2018-ci il tarixli cinayət işinin rədd olunması ilə bağlı qərarı bu günə kimi mənə verilməyib. Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadənin beş cümləlik məktubu mənə göndərilib və mən bu məktubu mətbuat vasitəsi ilə sizə çatdırıram ki bu məktubda mənə nəyi izah ediblər? Utanmadan mənə yazdıqları məktubda qeyd edirlər ki, mənə izah ediblər. Eyni zamanda Binəqədi rayon Məhkəməsi “18 dekabr 2018-ci il tarixli 6(001)50/2018 nömrəli qərarı” Binəqədi rayon Prokurorluğuna yeddisi yanvar 2019-cu il tarixində göndərirsə Binəqədi RPİ-nin İŞ-i təkrar olaraq cinayət işinin başlanmasının rədd olunması haqqında 29 dekabr 2018-ci il tarixində necə qərar verə bilər?Belə təhqiqat və istintaq nəyin ki, real həyatda  heç insanın xəyal dünyasında reallaşa bilməz. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Nuru Həsənovun verdiyi bu qərar ölkəmizdə olan hüquq mühafizə orqanlarına bir qara ləkədir.

Binəqədi Rayon Məhkəməsinin “18 dekabr 2018-ci il tarixli 6(001)50/2018 nömrəli qərarı” Binəqədi Rayon Polis İdarəsinə göndərilməsinə baxmayaraq bu günə kimi hər hansı bir araşdırma aparılmamışdır.Ona görədə sizdən xahiş edirəm Binəqədi rayon Prokurorluğunun və Binəqədi RPİ-nin mənə qarşı etdikləri qanunsuzluqların qarşısını alasınız və atama qarşı dələduzluq etmiş Nazim Musayevin cinayət əməllərini ört-bastır edən müstəntiq Nuru Həsənov haqqında ciddi tədbirlər görəsiniz.

DOSYE.ORG

COMMENTS