Xaçaturyanın tərcüməçisi danışdı: İsmayıl Tanrıverdiyev şok detalları açdı

Xaçaturyanın tərcüməçisi danışdı: İsmayıl Tanrıverdiyev şok detalları açdı

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Belə ki, o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Globalinfo.az Vaqif Xaçaturyanın məhkəmə prosesində onun tərcüməçiliyini edən Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru Ermənişünas alim İsmayıl Tanrıverdi ilə müsahibəni təqdim edir:

– İsmayıl bəy, müsahibəmizə keçmədən öncə istərdim sizi 8 noyabr Zəfər Günü münasibəti ilə təbrik edim. Uca yaradan xalqımıza bir daha müharibə, işğal, bir sözlə, qara günlər göstərməsin.

– Təşəkkür edirəm. Mən də xalqımızı bu tarixi gün münasibətilə təbrik edirəm. Tarixi ədalət bərpa edildi. Azərbaycan torpaqları işğaldan azad edildi. Qazilərimizə Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyirəm.

– Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Onun tərcüməçisi kimi məhkəmə prosesini necə qiymətləndirirsiniz?

– Məhkəmə prosesini çox normal qiymətləndirirəm. Məhkəmə beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun, şəffaf şəkildə keçirildi. Xüsusilə qeyd etmək lazımdır ki, məhkəməyə dair bütün müvafiq sənədlər, səsyazmalar mövcuddur. Bundan başqa ermənilər də məhkəməni canlı yayımdan izləyə bilirdi.

Vaqif Xaçaturyanın məhkəmə prosesini qiymətləndirmək üçün sadə bir müqayisə aparmaqda kifayətdir. Bizim yaratdığımız şəffaflığı, habelə, riayət etdiyimiz beynəlxalq hüququn norma və prinsiplərini Azərbaycan Silahlı Qüvvələrinin azaraq Ermənistana keçən iki əsgərinə qarşı edildiyin görmədik.

Misal üçün, ermənilər bizim saxlanılan əsgərlərimizi məhkəmə zalına maskalı halda gətirdi. Yolunu azıb Ermənistana keçən iki əsgərə qarşı sözün əsl mənasında terrorçu kimi davrandılar. Göründüyü kimi, iki məhkəmə prosesi arasında dağlar qədər fərq var.

– İsmayıl bəy, siz qeyd etdiniz ki, Vaqif Xaçaturyanın məhkəmə prosesi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun keçirildi. Hətta ermənilərin məhkəmə prosesini canlı izlədiyini də qeyd etdiniz. Lakin mən sosial şəbəkələrin erməni seqmentində, eləcə də erməni mediasında onların məhkəmə prosesindən narazı qaldığını müşahidə edirəm…

– Ermənilər hər zamanki kimi yenə əsassız şəkildə hay-küy salırlar. Hətta məhkəmə prosesini Avropa Şurasına da şikayət etdilər. Arqumentləri də bu idi ki, guya tərcüməçi, yəni mən bir-iki sözü səhv tərcümə etmişəm.

– Bu məsələ ilə bağlı bir az ətraflı məlumat verə bilərsiniz?

Vaqif Xaçaturyan

– Məhkəmə zamanı çıxış edənlərdən biri Vaqif Xaçaturyana dedi ki, sən utanıb bu xalqdan üzr istəmək yerinə, özünü müdafiə edir, “mən heç nə etməmişəm” deyirsən. Mən də bunu eynilə tərcümə etdim. O əvvəlcə dedi ki, mən xalqdan üzr istəyirəm. Daha sonra dedi ki, mən hamıdan, burada olan hər kəsdən üzr istəyirəm. Mən də tərcümə edim dedim ki, “mən burda olan hamıdan” sonda isə qeyd etdim ki, “bütün Azərbaycan xalqından” üzr istəyirəm.

Bilirsiniz, əgər canlı yayımda məhkəmə prosesinə bütün Azərbaycan xalqı buna baxırsa, bu üzrdür də, hamıya ünvanlanmış bir üzrdür. Onu da deyim ki, Vaqif Xaçaturyanın özü Azərbaycan dilində bilir. Düzdür, o, məhkəmə hüquqi terminlərini bilməsə də normal danışılan hər şeyi başa düşürdü. Bunu ona görə qeyd edirəm ki, əgər mən səhv tərcümə etmişəmsə, Vaqif Xaçaturyan da məhkəmədə etiraz edə bilərdi.

Bütün bu həngaməni isə Edmon Marukyan yaradıb. Həmin Edmon Marukyan ki, əvvəllər Nikol Paşinyanın yaxın dostu idi. Daha sonra müxalifətçi oldu.

Bildiyim qədəri ilə bu günlərdə yenə ona vəzifə verilib. Mən tez-tez feysbukda onun statuslarına şərhlər yazıram. O da qisas almaq məqsədi ilə bu məsələni ingilis dilində qələmə alıb aktuallaşdırıb.

– Bildiyim qədər ermənilər Vaqif Xaçaturyanın vəkilinə də irad tutublar…

– Bəli. Onların iradı budur ki, Vaqif Xaçaturyanın yanında tərcüməçi deyil, vəkil dayanmalı idi. Azərbaycanın qadınının nəyinə lazımdır ermənin yanında dayansın. Bütün hallarda vəkilin onun yanında dayanıb və ya başqa yerdə dayanması prosesə təsir etmədi. Bu tipli kiçik detalları ermənilər məhkəmə prosesini qaralamaq üçün istifadə etməyə çalışır.

– İsmayıl bəy, Vaqif Xaçaturyanın məhkəmə prosesində beynəlxalq müşahidəçilər və ya insan haqları təşkilatını təmsil edən nümayəndələr iştirak etdi?

Erməni dili ona görə “unikaldır” ki... – Ermənişünas

İsmayıl Tanrıverdi

– Xeyr. Beynəlxalq müşahidəçilərin məhkəmədə iştirakı vacib deyildi. Çünki məhkəmə canlı yayımlanırdı. Yəni onlar da çox rahat şəkildə məhkəməni izləyə bilirdi. Məhkəmə bir halda ki, canlı yayımlanır, beynəlxalq müşahidəçilərin iştirakına nə ehtiyac var? Buna baxmayaraq Qırmızı Xaç cəmiyyəti prosesdən məlumatlıdır. Yəni bütün müvafiq məlumatlar verilib.

– Vaqif Xaçaturyan 15 il müddətə azadlıqdan məhrum edildi. Maraqlıdır, bir çox erməni kimi azərbaycanlılar da məhkəmənin verdiyi qərarla razı deyil. Ermənilər bu müddətin çox olmasından, azərbaycanlılar isə azlığından şikayət edir. Siz necə düşünürsünüz: Vaqif Xaçaturyanın 15 il müddətə azadlıqdan məhrum edilməsi ədalətli qərardır?

– Məhkəmənin yekun qərarı həm də onun xəstəliyi nəzərə alınaraq verilib. Yəni ona verilən cəza layiqlidir. Mən azərbaycanlıları başa düşürəm. Amma nəzərə almaq lazımdır ki, ölkə qanunvericiliyinə görə, 65 yaşdan yuxarı şəxslərə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır. Yəni ömürlük həbs cəzası verilə bilməz.

Erməni mediasına nəzər salsanız, onlar özləri bu məsələyə heyrət edirlər. Çünki Ermənistan qanunlarında belə bir maddə yoxdur. Hətta bu gün belə deyirlər ki, bu məsələ Ermənistanda da tətbiq edilməlidir.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, 15 il 65 yaşlı bir insan üçün elə ömürlük cəza kimi bir şeydir.

Söhbətləşdi Turan Rzayev

COMMENTS