Xalası 16 yaşlı qızı fahişəliyə cəlb etmək istədi, qız isə…

Aprelin əvvəlindən etibarən küçələrdə gecələyən və aclıqdan huşunu itirən 16 yaşlı qız dünən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.

Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Kürdəmirdən Bakıya gələn yeniyetmə qız küçələrdə yatıb, zibilliklərdəki tullantılarla qidalanıb: “Qızın atası ilə anası ayrılıb. Sonradan atası dünyasını dəyişib, anası isə təkrar ailə qurub. Qız atalığı tərəfindən dəfələrlə zorakılığa məruz qalıb. Sonuncu dəfə atalığı qızı cəzalandırmaq üçün şaxtalı havada soyunduraraq balkonda dayanmağa məcbur edib. Nənəsi isə maddi imkansızlıqdan ona sahib çıxa bilməyib”.

M.Zeynalovanın sözlərinə görə, daha dəhşətlisi odur ki, ağır vəziyyətdə sığınacağa gətirilən qıza yaxın qohumları tərəfindən yüngül həyat tərzi keçirmək təklif edilib: “Xalası ona fahişəlik etməyi məsləhət bilib. Qız isə onların əlindən qurtulmaq üçün Bakıya gəlib. Son 24 saatda yemək yemədiyi üçün isə huşunu itirib. Küçədən keçən bir qadın onu görüb, kömək edib, polisə zəng vurub”.

M.Zeynalova indi qızın səhhətinin yaxşılaşdığını deyir: “Aclıqdan xəstələnib. Vəziyyəti düzələndən sonra ona psixoloji və hüquqi yardımlar ediləcək”.

Təşkilat rəhbəri son günlər qadınlara qarşı zorakılıq hallarının artmasından narahatlığını da bildirib.

COMMENTS