Xalq artistinin qızı “Əsrin müqaviləsi”ni yazdı

Xalq artisti Zümrüd Məmmədovanın qızı İlahə musiqi müsabiqəsinin qalibi olub.

 

ANS PRESS-in məlumatına görə, gənc bəstəkar İlahə Qismət (İsrafilova) “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr edimiş mədəniyyət müsabiqəsində iştirak edib.

“20 şanlı il” mahnı müsabiqəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib. Müsabiqə 2 nominasiya üzrə keçirilib: “Ən yaxşı vokal əsəri” və “Ən yaxşı insrtumental əsər”.

İlahə Qismətin müsabiqəyə təqdim etdiyi 2 dəqiqəlik “Əsrin müqaviləsi”ni xalq artisti Samir Cəfərov ifa edib. Himn 40 əsər içindən seçilərək “Ən yaxşı vokal əsəri” nominasiyasında qalib olub.

Xalq artisti Zümrüd Məmmədova qızının bu uğurunda qətiyyən rolu olmadığını deyir: “Müsabiqə internet vasitəsilə keçirildi. Musiqilər kodlarla seçildi. Yəni burada heç bir tanışlıqdan, tapşırıqdan söhbət gedə bilməz. İlahə istedadlı qızdır, həm də çalışqandı. Müsabiqədən internetdən xəbər tutdu. Mahnını 2 günə hazırladı. Əvvəlcə musiqisini bəstələdi. Sonra isə sözləri yazdı. Mahnı xoşuma gəldi. İfa etmək üçün Samir Cəfərova müraciət etdik. Samir peşəkar musiqiçidir, pis bəstəni oxumaz. Mənə dedi ki, xoşuma gəlməsə oxumayacam, inciməyəcəksiz? Bəyəndi və o, ifa etdi. Nəticədə mahnı qalib oldu.
Məncə İlahənin bu uğuru təsadüfi deyil. 20 sentyabrda həm “Əsrin müqaviləsi”nin , həm də İlahənin 20 yaşı tamam olurdu. Mən bu qələbənin Allah tərəfindən İlahəmə bir hədiyyə olduğunu düşünürəm”.

Qeyd edək ki, İlahə Qismət (İsrafilova) Bakı Musiqi Akademiyasını Qırmızı Diplomla bitirib. Gənc bəstəkar kimi bir nəçə əsəri və həmçinin pyesləri “Qızıl Fonda” daxil olub. İlahə Qismət Bakı Musiqi Akademiyadında təhsil aldığı illərdə eyni zamanda ikinci ixtisas kimi – Simfonik Orkestr Dirijorluğuna yiyələnərək istedadlı, tanınmış dirijor Əyyub Quliyevdən dərslər alıb. Hərtərəfli fəaliyyəti, təhsil müddətində əlaçılığı ilə fərqlənməsi və əldə etdiyi nəaliyyətlərə görə Qara Qarayev təqaüdünə layiq görülüb.

COMMENTS