“Xocalı qətlyamı tarixdə ən dəhşətli faciədir”- Həmid Məmmədov

“Xocalı qətlyamı tarixdə ən dəhşətli faciədir”- Həmid Məmmədov

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırım aktının 28 ili tamam olur. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımı Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə bunu qeyd etmək kifayətdir ki, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, itkin düşmüş, kəndlər isə yandırılaraq yer üzündən silinmişdir.

Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırım aktı kimi tövsif edilmişdir.

Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Bu dəhşətli cinayətin üstündən 28 il keçməsinə baxmayaraq, onun təşkilatçıları və icraçıları məlum səbəblər üzündən indiyədək cəzasız qalırlar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın  yaddaşına əbədilik həkk olundu. Lakin xalqımız  Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. O vaxtkı dövlət rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti heyrətə salan bu cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Sonralar – AXC-Müsavat iqtidarı dövründə də  insanlıq əleyhinə yönələn cinayətə lazimi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.

Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırış edilmişdir.

Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla ulu öndərimizin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.

Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.

Məlum olduğu kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, mötəbər beynəlxalq təşkilatların əsas müzakirə mövzularından biridir. Həmin təşkilatların qəbul etdikləri sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb edilmiş, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilmişdir.

Münaqişənin sülh yolu ilə nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəlmişdir. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməmişdir.

Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəyinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu 2016-cı ilədə Azərbaycan tarixinə “Aprel döyüşləri” adı ilə düşmüş, cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut edir. Həmin vaxt Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq, cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutmuşlar. Azərbaycan silahlı qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olmuşlar. Görülmüş tədbirlər ermənilərə bir daha sübut etmiş oldu ki, əgər hərbi güc tətbiq etməklə münaqişə həllinə səy göstərilsə qələbənin işğal olunmuş torpaqlarda üç rəngli Azərbaycan bayrağı dalğalandırımaqla qeyd edilməsi qaçılmazdır.

Dövlətimizin Ümummilli lideri “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Quba regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin

Rəisi Həmid Məmmədov

COMMENTS